Camaat nə deyər?! Valideynlər ictimai qınağa görə öz LGBT övladlarından imtina edir

Azərbaycanda LGBT fərdlərin təxmini sayını belə müəyyən etmək çətindir, çünki onların əksəriyyəti seksual oriyentasiyasını gizləməyə çalışır.

Source: Мейдан ТВ

Azərbaycanda LGBT fərdlərin təxmini sayını belə müəyyən etmək çətindir, çünki onların əksəriyyəti seksual oriyentasiyasını gizləməyə çalışır. Artıq beşinci dəfə Avropanın ən homofob ölkəsi kimi tanınan Azərbaycanda homoseksuallar nəinki seksuallıqları barədə açıq danışmır, bunu hətta ən yaxın adamlarından belə gizlətməyə çalışırlar. Bunun da ciddi səbəbləri var.

LGBT fərdi olan övladdan imtina etməmək

“Anama deyərsiniz ki, onu çox sevirəm”

Ölkədə LGBT fərdlərin hüquqlarının açıq müdafiəsinə qalxan, “coming out” edən yeganə homoseksual İsa Şahmarlı 2014-cü ildə intihar edib. İntiharından bir qədər əvvəl o, özünün “Facebook” səhifəsində son statusunu paylaşıb: “Gedirəm… Bu ölkə, bu dünya mənə görə deyil… Mən xoşbəxt olmağa gedirəm… Anama deyərsiniz ki, onu çox sevirəm… Əlvida”.

20 yaşlı gəncin qohumları dostlarına onunla vidalaşmaq imkanı vermədilər, onlar İsanın qəbri üstünə ancaq dəfndən sonra gizlicə gedə bildilər. İsanın tanışları deyirdi ki, intihara İsa ilə qohumları arasındakı münaqişə səbəb olub. Valideynləri ölümündən bir qədər əvvəl ondan imtina edib, anası homoseksual oğlu olmadığını bildirib.

“Nəfəs” LGBT birliyinin üzvü Gülnarə Mehdiyeva deyir ki, LGBT fərdlərin seksuallığı ilə bağlı açıq etirafı onlar üçün çox təhlükəli ola bilər:

“Sumqayıtdan olan bir gey oğlan varıydı, atası oriyentasiyasından xəbər tutandan sonra onu döyüb, evdən qovub, hətta oğlanın iş yerinə gedib, onun işdən çıxarılmasına nail olub. Başqa bir halda anası uşağını yandırmaq istəmişdi. Bir ana da öz övladını yox hesab edirdi, onunla görüşmək istəmirdi”.

“Dəyişməsən, öldürəcəm”

“Dəyişməsən, öldürəcəm”

Bakıda yaşayan 23 yaşlı Samirə (ad dəyişdirilib) deyir ki, 15 yaşında, lesbiyan olduğunu dərk edən kimi, bunu anasına danışıb. Anası qızın sözlərini ciddiyə almayıb, “hələ uşaqsan, böyüyəndə keçib gedəcək,” – deyib. Qardaşı isə tam fərqli reaksiya verib. O vaxtlar ailəsi ilə Moskvada yaşayan qardaşı valideynlərinin razılığı ilə Samirəni öz yanına aparıb. Burada yeniyetmə qız cəhənnəm əzabı yaşadığını deyir.

“Bir ilin içində təzyiq altında yaşadım, döyüldüm, söyüldüm. Qardaşım deyirdi ki, dəyişməsən, öldürəcəm səni. Mənə dərmanlar verirdi. Deyirdi ki, sən xəstəsən, mən səni düzəldəcəm. Bir il sonra özümü elə apardım ki, guya “düzəlmişəm”, deyirdim ki, artıq oğlanlara qarşı hisslərim yaranıb, böyüyəndən sonra ərə getmək istəyirəm. O da mənə inanıb, Bakıya qaytardı”, – Samirə danışır.

İndi də Samirə öz oriyentasiyasını hamıdan, anasından belə gizlədir. Əmindir ki, bir dəfə də anası və ya qardaşı ilə bu mövzuda danışmağa cəhd etsə, eyni əzablardan keçməli olacaq. Bir neçə il əvvəl ailəsini tərk etmiş atası isə artıq birinci etirafdan sonra qızından üz döndərib.

“Hesab edirəm ki, Azərbaycanda valideynlərin övladlarından imtina etməsinin əsas səbəbi din deyil, “camaat nə deyər” cümləsidir. Bu cümlə bütün həyatımızı idarə edir. Valideynlər də cəmiyyətdə, qohum-əqrəba arasında nüfuzdan düşməmək üçün öz övladlarını belə gözdən çıxarmağa hazırdırlar”, – Gülnarə Mehdiyeva deyir.

“Öldürə biləcəksən onu? Yox. Onda qəbul elə”

Bununla belə, LGBT fərdi olan övladlarından imtina etməyən, onlarla ünsiyyətlərini kəsməyən iki ailə tapa bildik. Düzdür, övladlarının homoseksuallığını qəbul etmək onlar üçün heç də asan olmayıb. Oğullarının etirafına reaksiyası barədə göz yaşları içində danışan analar söhbət zamanı “homoseksuallıq”, “seksual oriyentasiya” kimi ifadələrdən qaçır, onları “bu”, “belə şeylər” kimi sözlərlə əvəz edirdilər.

“Çox ağladım, özümə gələ bilmirdim, evdən bayıra çıxmırdım, bundan sonra necə yaşayacağımı bilmirdim, hətta özümü öldürmək istəyirdim”, – 36 yaşlı Şamilin (ad dəyişdirilib) anası danışır. Etirafından sonra Şamil yaşadıqları rayondan Bakıya gəlir. Anası da bu sirri yoldaşı ilə bölüşür, oğlanlarından üz döndərməmək qərarı verirlər. İndi Şamilin oriyentasiyasından ancaq ailə üzvləri – valideynləri və iki bacısı xəbərdardır. “Qızlarım dedi ki, o bizim qardaşımızdı, elə bu cür də qalacaq”, – qadın danışır.

İkinci qəhrəmanımıza da bu “sınaqdan” keçməyə qızı kömək edib. Oğlu anasına oriyentasiyası barədə altı il əvvəl, 21 yaşı olanda məktubda yazıb.

“Heç cür qəbul edə bilmirdim bunu. Onda biz kənddə yaşayırdıq, Rauf (ad dəyişdirilib) Bakıda idi, onun yanına gəldim, bir oğlanla yaşayırdı. Onda da mənə dedi – ana, mən beləyəm, ya qəbul eləməlisən məni bu cür, ya yox. Evə qayıtdım, qızım mənə ürək-dirək verdi. Bu vaxtlarda, o, mənim ən böyük dayağım oldu. Dedi ki, Raufu dəyişmək mümkün deyil. Öldürə biləcəksən onu? Yox. Onda qəbul elə”.

“Yoldaşıma, qızlarıma görə qorxuram”

Raufla Şamilin homoseksuallığını ailələri hətta ən yaxın adamlardan da gizli saxlayırlar. Baxmayaraq ki, övladları artıq bir neçə ildir ki, Azərbaycanda yaşamır. Deyirlər ki, cəmiyyətin reaksiyasından, o biri övladlarına görə qorxurlar.

“Özümə qalsa, bu dəqiqə bütün dünyaya hayqırardım ki, oğlum belədir, bütün qohumlarıma, tanışlarıma deyərdim – istəyirsiz qəbul edin, istəmirsiz etməyin, amma yoldaşıma, qızlarıma görə qorxuram” , – Şamilin anası deyir.

Şamil və Rauf Azərbaycanı demək olar ki, eyni vaxtda, 2017-ci il “sentyabr hadisələrindən” sonra

tərk ediblər

. O vaxt polis LGBT fərdləri küçədə saxlayır, evlərindən götürüb, polis bölmələrinə aparırdılar. Bir neçə gün ərzində yüzə yaxın adam saxlanıldı, onları təhqir edir, döyür, işgəncə verirdilər. Azərbaycan hakimiyyəti reydin məqsədinin fahişəliklə mübarizə olduğunu bildirmişdi. Amma Moskva Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirən və Bakıda ixtisası üzrə işləyən Şamil də o vaxt təqiblərə məruz qalmışdı. İşdən çıxmalı və kirayə qaldığı evi boşaltmalı olmuşdu (bunu ondan müdiri və ev yiyisə tələb etmişdi). Bundan sonra Şamil Azərbaycandan getdi.

“Dedim, qoy sərbəst, ürəyi istəyən kimi yaşasın”

Hazırda Norveçdə yaşayan Raufun anası oğlu üçün çox darıxsa da, onun Azərbaycana qayıtmasını istəmir. “İstəyim budur ki, orda öz həyatını istədiyi kimi qursun, bir də Azərbaycana qayıtmasın”, – deyir.

Şamilin anası da eyni arzularla yaşayır: “Təzyiqlərdən sonra özünü sərbəst hiss eləmədi burada. Ona görə də çıxdı getdi. Mən də anlayış göstərdim onun getməyinə. Dedim, qoy sərbəst yaşasın, ürəyi istəyən kimi yaşasın”.

Nəinki ölkədən, hətta evdən çölə icazəsiz çıxa bilməyən (bizimlə görüşə də yalan danışıb, çıxmalı olmuşdu) Samirə hələ də cəmiyyətin onu anlaya biləcəyinə ümid edir:

“Xahiş edirəm, insanları başa düşməyə çalışın. Deyin ki, bəlkə mənim oğlum da onun yerində oldu. Bəlkə mənim də qızım elə olacaq”. Gənc qızın ən əsas sözləri isə anasınadır: “Mama, mən səni çox istəyirəm. Xahiş edirəm, bacımın, qardaşımın, kiminsə sözü ilə oturub durma. Mənə qulaq as, mən sənin qızınam. Fikirləş ki, mən də ölə bilərəm. Məni başa düşməsəz, mən intihar edə bilərəm. Bunu da başa düşün də, nə olar ”.

Ana səhifəReportajCamaat nə deyər?! Valideynlər ictimai qınağa görə öz LGBT övladlarından imtina edir