Buzovna sakinləri qayalıqdakı tikililərin sökülməməsindən narahatdır

Fotolar: Meydan TV

“Hazırda həmin tikililərdən birinin sökülməməsi üçün qarşısına ağaclar əkilir”

“Buzovna sakinləri 8 aydır ki, 2 kilometrdən uzun sahil zolağını əhatə etmiş qayalığın qanunsuz tikililərdən təmizlənməsi üçün çalışır. Son bir aydır söküntü və təmizlənmə işləri aparılır. Lakin bir tikilinin sökülməsi əvəzinə yerinin bəkidilməsi üçün işlər gördüyünü müşahidə edirik”.

Bunu Meydan TV-yə Buzovna sakinləri bildiriblər. Onların sözlərinə görə, tikilinin qarşına çəpər çəkilib, ağac əkilib. Halbuki həmin tikili ilə dənizin arasında bir neçə metr məsafə var, hətta küləkli havada ləpə tikilini vurur.

Buzovnada dəniz sahilini illərdir zəbt etmiş qanunsuz obyekt və tikilinin söküntüsü bu ilin iyunun 22-də bir qrup sakinin iməclik aksiyasına başlaması və Pezident İlham Əliyevə müraciətindən sonra baş tutub. Onlarla obyekt, hasar və tikili sökülsə də, dəyəri milyonlarla manat olan bir neçə evin sökülməsi yubanıb. Sakinlər deyirlər ki, hazırda həmin tikililərdən birinin sökülməməsi üçün qarşısına ağaclar əkilir.

“Xəzər Rayon İcra Hakimiyyəti hazırda təmizlik işləri həyata keçirir. İlk günlər 3 tikilinin söküntüsünə başlanıldı, amma indi söküntü işləri getmir. Hava soyuqdur, dəniz qırağında işləmək çətindir. Bununla belə kənd cavanları icra hakimiyyətinə köməklik edirlər. Sökülməyən ev də düz qayalıqların üstündə inşa edilib və tikilərkən unikal qayalıqlara zərər vurulub”,-sakinlərdən Elnur Əliyev deyib.

Qanunsuz tikililərdən təmizlənən ərazilər ictimai çimərliklərin ərazilərinə daxil edilir.

Xəzər Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, qayalıqların təmizlənməsi işləri bu gün də davam edir. Onlar tapşırıq əsasında işləri icra edirlər və söküntü də qərar verilən ərazilərdə həyata keçirilir.

Ana səhifəSosialBuzovna sakinləri qayalıqdakı tikililərin sökülməməsindən narahatdır