Bərdə rayon sakini Elman Bağırov Prezident Administrasiyasının qarşısında aksiya keçirib. O, qalmaga yeri olmadığını, şikayətinə baxılana qədər də burada yatıb qalacağını deyir. Şikayətçi deyir ki, 5 il əvvəl eyni problem həll olunsa da, Bərdə rayonunun İcra Hakimiyyəti yenidən onun torpaqlarını əlindən alıb. O, bu məsələdə rayon icra hakimiyyəti başçısının 3-cü müavini İlham Məmmədovu günahlandırır: “5 il öncə torpaqlarımızı əlimizdən alırdılar deyə bax elə burda aksiya keçirdik. Bərdə rayonunun deputatı Zahid Orucun və Gəncə şəhərinin icra başçısının köməyi ilə torpağımız geri qaytarıldı. Üstündən iki il keçəndən sonra yenidən Bərdə şəhərinin icra başçısının müavini İlham Məmmədov bizim torpaqları əlimizdən alıb, saxta sənədlərlə öz qohumlarına verib”.
Elam Bağırov deyir ki, həmin ərazi 1988-ci ildən onuj şəxsi mülkiyyətindədir.
“İndi hər şeyi əlimizdən alıblar, qalmışıq çöllərdə. 7 ildir ki, sürünürük bu məsələyə görə. 4 otaqlı evimiz də həmin ərazidə idi. 4 ildir ki, bizi oradan çıxarıb baytarlıq şöbəsinə yerləşdiriblər” – bunu Elman Bağırovun həyat yoldaşı Xuraman xanım deyir. Onlar müracət etmədikləri yer qalmadığını, amma hec bir nəticəsi olmadığını deyirlər: “Bizim qalmağa da yerimiz yoxdu. Yorğan-döşəyimiz də burdadı. Bu məsələ həll olunana qədər Prezident Administrasiyasının yanında yatacağıq. Çünki bizim dərdimizi heç kim həll etmir. Bütün qanunlardan uzağıq, üçüncü dərəcəli insanlara çevrilmişik”. Meydan TV məsələyə münasibət öyrənmək üçün İlham Məmmədovla əlaqə saxlayıb. İcra başçısının müavini bu məsələ ilə heç bir əlaqəsinin olmadığını, problemin iki vətəndaş mübahisəsindən yarandığını deyir. Onun sözlərinə görə, münaqişə məhkəmə çəkişməsindədir və hakimin qərarından sonra hər şey aydın olacaq.
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 1 İyul 2016 01:46