“Bu işin arxasında Daxili İşlər Nazirliyi dayanır…”

Daxili İşlər Nazirliyi. Foto: DİN

Zaur Qəmbərov: “Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı maşınımı aşırmışdı, mənə ziyan vurmuşdu…”

Gədəbəy rayonunun Arıqıran kənd sakini Zaur Qəmbərov 1 il 3 aydır ki, həbsdədir. Bugünlərdə Gəncə Şəhər Məhkəməsində ona hökm oxunub və xuliqanlıq ittihamı ilə 3 il həbs cəzası verilib. Lakin Zaur Qəmbərovun özü də, ailə üzvləri də bu hökmün ədalətsiz olduğunu deyir, onun sifarişlə cəzalandırıldığını düşünür.

“Əvvəldən həbs barədə xəbərdarlıq olunmuşdu”

Zaur Qəmbərov uzun illər jurnalist, sayt rəhbəri kimi fəaliyyət göstərib, müxtəlif məmurların fəaliyyətini tənqid edib. Yaxınları hesab edir ki, həbsində bunun da rolu var.

Qardaşı Elməddin Qəmbərov Meydan TV-yə danışır ki, Zaur və müdafiəçisi aylarla davam edən məhkəmə prosesində 35-ə qədər vəsatət verib, heç biri təmin olunmayıb:

“Zaur cinayət işində, ifadələrdə 100-dən çox ziddiyyət tapdı. Hamısını da məhkəmənin, hakimin nəzərinə çatdırdı, bir-bir təqdim elədi”.

Onun sözlərinə görə, hadisədən sonra araşdırmalara təhqiqatçı başlamaq əvəzinə, birbaşa müstəntiq başlayıb. Zaur Qəmbərov məhkəmədə vurğulayıb ki, bu da hər şeyin əvvəldən planlaşdırıldığını, müstəntiqin hazır vəziyyətdə cinayət işi başlamağı gözlədiyini sübut edir.

“Ziddiyyətli məqamlardan biri də hadisə yerindəki kamera görüntüləri ilə bağlıdır. Bizə cavab yazıblar ki, kamera görüntüləri bir ay qalır, ona görə də artıq yoxdur, verə bilmirik. Məhkəmədə isə deyirlər ki, ərazidə kamera yoxdur, bu səbəbdən hadisənin görüntülərini əldə etmək mümkün olmayıb. Halbuki, o ərazidə kameralar var”, – qardaşı bildirib.

Zaur Qəmbərov məhkəmədə bildirib ki, həbsindən əvvəl Tovuz rayonunun polis rəisi Habil Əmiraslanovla aralarında ədavət yaranmışdı. Onun sözlərinə görə, bu qalmaqaldan, hətta daxili işlər naziri Vilayət Eyvazov da xəbərdar idi:

Foto: Zaur Qəmbərovun şəxsi arxivindən
Foto: Zaur Qəmbərovun şəxsi arxivindən

“Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı maşınımı aşırmışdı, mənə ziyan vurmuşdu. Buna görə onlardan şikayətçi idim. Bu barədə yazmışdım. Vilayət Eyvazov şəxsən bilirdi. Polislərin özbaşınalığı, qanunsuzluqları barədə şikayətlərimi, yazılarımı dayandırmadığıma görə həbsimin sifarişi də birbaşa Daxili İşlər Nazirliyindən verilib. Əvvəldən özümə də xəbərdarlıq olunmuşdu”.

“Telefondan görüntüləri siliblər”

Elməddin Qəmbərov deyir ki, qardaşının həbsinin sifarişli olmasının sübutlarından biri onun telefonundan hadisənin görüntülərinin silinməsidir. Onun sözlərinə görə, Zaur maşını vurulandan sonra digər avtomobildəki Arzu Mirzoyev və Tofiq Həsənovun ona qarşı hərəkətlərini telefonla çəkib. Lakin Gəncə Şəhər Baş Polis İdarəsində telefonundakı görüntülərin hamısını silərək, sübutları yox ediblər.

Zaur Qəmbərov məhkəmədə iddia edib ki, zərərçəkmiş qismində tanınan şəxslər hadisədən öncə polislə telefonla danışıb, təlimatlandırılıb. Lakin Tofiq Həsənov bunu təkzib edir: “Həmin gün mənə polis əməkdaşları zəng eləməyib”.

Daxili İşlər Nazirliyi: “Küt alətlə xəsarət yetirib”

Zaur Qəmbərov xuliqanlıq ittihamı ilə 2023-cü il avqustun 1-dən həbsdədir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, həmin gün Post Patrul Xidmətinin əməkdaşları Gəncə-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində yol nəqliyyat hadisəsinin baş verdiyini, sürücülərdən birinin digərinə küt alətlə xəsarət yetirdiyini aşkar ediblər:

“Gədəbəy rayon sakini Zaur Qəmbərov idarə etdiyi “Hyundai” markalı avtomobillə “Chevrolet” markalı avtomobilin onu ötməsinə əsəbləşərək, yol hərəkəti qaydalarını kobud surətdə pozub. O, sözügedən avtomobili ötərək qarşısına keçib və qəfil əyləcləmə edib. “Chevrolet” markalı avtomobilin sürücüsü yaranmış qəza şəraitində idarəetməni itirib, Zaur Qəmbərovun avtomobili ilə toqquşub. Zaur Qəmbərov avtomobildən düşüb, qarşı tərəfi təhqir edib, ona müxtəlif bədən xəsarətləri yetirib”.

2020-ci ildə Zaur Qəmbərov “Anews.az” saytının bölgə müxbiri kimi fəaliyyət göstərərkən Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy şöbəsinin müdir müavini və sürücüsünə qarşı xuliqanlıqda ittiham edilərək həbs olunmuşdu. Gədəbəy Rayon Məhkəməsi onun 3 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarsa da, sonradan apelyasiya məhkəməsi onun cəzasını 2 il azadlığın məhdudlaşdırılmasıyla əvəzləmişdi.

Ana səhifəXəbərlər“Bu işin arxasında Daxili İşlər Nazirliyi dayanır…”