Britaniyalı nazir kimə mesaj verdi?

Yazar: Seymur Həzi

Seymur Həzi, Foto:: Meydan TV

Yaxud “26 Bakı komissarı”ından Delyaginə qədər

Azərbaycanın strateji müttəfiqi Türkiyə Ukrayna ilə Rusiya arasında sülhə nail olmaq üçün çalışır. Elə bu ərəfədə Rusiyadakı hakim Vahid Rusiya Partiyasından olan deputat Mixail Delyagin Azərbaycanın neft sənayesini bombalamağı təklif etdi.

Rusiyalı deputatın bu təklifinə Vladimir Putinin sözçüsü Peskov cavab verdi, hətta bir az da pafosa vardı: “Qarabağ Azərbaycandır”, – dedi. Amma vəziyyət belə də göründüyü kimi söz atışmasından ibarət deyil.

Rusiyada belə fikrin ortaya çıxması qətiyyən hansısa deputatın emosional durumunun göstəricisi sayılmamalıdır. Azərbaycan cəmiyyəti Duqin, Zatulin, Tolstoy, Solovyov və Jrinovski kimi qatı əlehdarlarını yaxşı tanıyır. Delyagin isə bu mövzuda yeni fiqurdur.

Deməli, onun danışmasına ehtiyac duyulub. Həm də Putinin partiyasındandır. Buradan çıxan iki mühüm nəticə var:

  • Birincisi, Kreml Azərbaycan (BP neft qaz platformaları) vasitəsiylə Ukrayna savaşında mühüm rol oynayan Britaniyanı təhdid edir.
  • İkincisi, Moskva artıq başa düşür ki, onu heç kim xilas edə bilməz, o cümlədən Azərbaycanın strateji müttəfiqi olan Türkiyə. Buna görə də Azərbaycanı yüngülcə təhdid etməklə yeni cəbhənin haradan açıla biləcəyinin ünvanını göstərir. Yəni Kreml üçün artıq bütün birgə əməkdaşlıqlar heç bir mahiyyət kəsb eləmir. Yəni sağ qalmaq üçün hər şeyi etməyə və ya hər şeydən imtina etməyə hazırdırlar. Şərait onlara nəyi diktə edəcəksə, artıq o başqa məsələdir.

Britaniyalı nazir niyə gəldi?

30 martda qəfil Bakıda peyda olan Britaniyanın silahlı qüvvələr naziri Ceyms Heppi Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanları ziyarət etdi. Bu ziyarət ilk baxışda protokol qaydası sayıla bilər, amma bunun Kremlə bir cavab olduğunu da unutmaq lazım deyil. Çünki Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ceyms Şarp öz “Twitter” hesabında belə bir paylaşım edib: “Silahlı qüvvələr naziri Ceyms Heppi bu gün Şəhidlər Xiyabanını ziyarət edib və Kremlin göstərişləri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etdi. O şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda ediblər”.

Bu mesaj təkcə Moskvaya deyil, həm də 44 günlük müharibə dövründə Britaniyanın verdiyi yüksək dəstəyə baxmayaraq, Kremlə üz tutan, onunla “Müttəfiqlik sazişi” imzalayan Azərbaycan hakimiyyətinə idi. Yəqin ki, səbəbi maraqlıdır, deyilmi?

Bəli, müharibə zamanı Britaniya BMT Təhlükəsizlik Şurasında Rusiyanın və Fransanın Azərbaycan əleyhinə hazırladıqları qətnaməyə veto qoymuşdu. Amma buna baxmayaraq, müharibədən dərhal sonra Azərbaycan yenə də Moskvayönümlü siyasətindən əl çəkmədi. Rusiya ordusunu Azərbaycana dəvət etmək və yeni açılacaq regional quru yolu Rusiyanın nəzarətinə verməklə öz müttəfiqini – Britaniyanı məyus etmişdi.

Qısa zaman sonra yenidən Moskvanın təhdidləri qarşısında Azərbaycanı müdafiə etməkdən çəkinməyən Britaniya hökuməti bununla həm də tarixi münasibətlərimizə bir işarə vurdu. Bu hadisə həm də 31 Mart soyqırımı dövrünə təsadüf etdi. Ona görə də 1918-ci ildə Bakıda və Azərbaycanın bir çox bölgəsində qırğınlar törətmiş daşnakları və “26 Bakı komissarı”nı xatırlamamaq mümkün deyil. Unutmaq olmaz ki, “26 Bakı kommissarı”nı da o zaman Azərbaycanda olan Britaniya silahlı qüvvələri cəzalandırmışdı. Bu, iki ölkə və xalq arasındakı tarixi dostluğun bir ifadəsidir…

Ana səhifəMənim FikrimcəBritaniyalı nazir kimə mesaj verdi?