Britaniya polisi: Azərbaycan əsilli şəxs İran üçün casusluqda şübhəli bilinir

Foto: arxiv

Londonda yaşayan Britaniya-Azərbaycan vətəndaşı Rəşad Sultanov Kiprdə Böyük Britaniyanın hərbi bazası barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məlumat ötürmək məqsədilə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Bu barədə Böyük Britaniyanın Metropoliten Polisi iyulun 31-də məlumat yayıb.

Məlumata görə, 44 yaşlı Rəşad Sultanov iyulun 17-də Kipr hakimiyyəti tərəfindən saxlanılıb və ekstradisiya prosesi davam etdiyi üçün həbsdə saxlanılır.

Polis bildirib ki, saxlanılma Böyük Britaniyanın Milli Təhlükəsizlik Aktı çərçivəsində ölkə hüdudlarından kənarda aparılan ilk istintaqın tərkib hissəsidir. İstintaq terrorla mübarizə polisi tərəfindən 2025-ci il mayın 11-dən iyunun 22-dək Kiprdə yerləşən RAF Akrotiri hərbi bazasında baş vermiş hadisələrlə bağlı aparılır.

Metropoliten Polisinin məlumatına görə, Sultanov bazada düşmən xarakterli müşahidələr aparmaqda və əldə etdiyi məlumatları daha sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusuna ötürməkdə şübhəli bilinir.

Londonda terrorla mübarizə polisinin rəhbəri Helen Flanaqan bildirib:

“Bu iş göstərir ki, Böyük Britaniyanın hərbi bazaları düşmən dövlətlərin fəaliyyəti ilə hədəfə alındıqda, Milli Təhlükəsizlik Aktını ölkə hüdudlarından kənarda da tətbiq edə bilirik”.

İyulun əvvəlində İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İrana qarşı hücumlar üçün istifadə etdiyi istənilən Britaniya hərbi bazasına zərbə endirəcəyi ilə hədələmişdi.

Mart ayında İran istehsalı olduğu bildirilən “Shahed” tipli pilotsuz uçuş aparatı Akrotiri bazasına zərbə endirmiş və obyektə cüzi ziyan dəymişdi. Bundan qısa müddət sonra Böyük Britaniya bu bazanın ABŞ-la müdafiə razılaşması çərçivəsində istifadə olunmayacağını açıqlamışdı.

Həmçinin mart ayında İranın Hind okeanındakı Dieqo Qarsiya adasında yerləşən ABŞ-Böyük Britaniya hərbi bazasına iki ballistik raket atdığı bildirilsə də, raketlərin heç biri hədəfə dəyməmişdi.

RAF Akrotiri Böyük Britaniyanın 1960-cı ildə Kiprin müstəqillik qazanmasından sonra adada saxladığı iki hərbi bazadan biridir. Baza İraq, Suriya və Yəməndə həyata keçirilən hərbi əməliyyatlarda istifadə olunub.

Bu, son aylarda İranın xeyrinə casusluq şübhəsi ilə saxlanılan Azərbaycan əsilli şəxslərlə bağlı ilk hadisə deyil.

2026-cı ilin martında Yunanıstan hakimiyyəti 36 yaşlı Gürcüstan vətəndaşı olan etnik azərbaycanlını ABŞ-nin Krit adasındakı Suda hərbi-dəniz bazasını İranın xeyrinə izləməkdə şübhəli bilərək saxlamışdı. Yunan kəşfiyyatının məlumatı əsasında həyata keçirilən əməliyyatdan sonra onun telefonunda bazaya aid fotoların aşkarlandığı, xüsusi kodlaşdırılmış tətbiq vasitəsilə İrandakı şəxslərlə əlaqə saxladığı bildirilmişdi. Həmin vaxt Yunanıstan rəsmiləri rəqəmsal sübutların araşdırıldığını açıqlamışdılar.

Bundan əvvəl isə Kritdə 26 yaşlı Azərbaycan vətəndaşı da hərbi gəmilərin hərəkətini izləməkdə şübhəli bilinərək saxlanılmışdı. Kiprdə saxlanılan 40 yaşlı bir nəfərin də İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olduğu və hərbi obyektlər barədə məlumat topladığı iddia olunmuşdu.

“Greek Reporter” yazırdı ki, Yunanıstan hakimiyyəti bu şəxslərin İranın yaratdığı eyni casusluq şəbəkəsinin üzvləri olub-olmadığını araşdırır. Nəşrin məlumatına görə, 2026-cı ildə saxlanılan 36 yaşlı şübhəli ötən il casusluq ittihamı ilə saxlanılan 26 yaşlı azərbaycanlının qaldığı otellə əlaqə saxlamışdı.

Ana səhifəSiyasətBritaniya polisi: Azərbaycan əsilli şəxs İran üçün casusluqda şübhəli bilinir