Böyük Britaniya İranla əlaqədə ittiham olunan azərbaycanlı kriminal avtoritetə sanksiya tətbiq etdi
Böyük Britaniya hökuməti İran hakimiyyəti adına Avropada hücum planlaşdırmaqda ittiham olunan azərbaycanlı kriminal fiqur Namiq Səlifova qarşı sanksiyalar tətbiq edib. Səlifov öldürülmüş məşhur kriminal avtoritet “Lotu Quli” kimi tanınan, Nadir Səlifovun qardaşıdır.
OCCRP-nin mayın 14-də yayımladığı araşdırmaya görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (FCDO) mayın 11-də elan etdiyi yeni sanksiya paketində Namiq Səlifovun da adını daxil edib. Nazirlik daha sonra onun doğum tarixi kimi əlavə məlumatlar dərc edib və OCCRP həmin məlumatlar əsasında sanksiyaya məruz qalan şəxsin məhz “Lotu Quli”nin qardaşı olduğunu təsdiqləyib.
Britaniya hökuməti Səlifovu İran hakimiyyətinin maraqları naminə “düşmən fəaliyyəti” həyata keçirməkdə ittiham edir. Sanksiyalar çərçivəsində onun aktivləri dondurulur və ölkəyə girişinə qadağa qoyulur.
Araşdırmada qeyd olunur ki, Namiq Səlifovun yaxın çevrəsinə aid şəxslər ABŞ-da ötən il İran hökuməti adından sifarişli qətl planında iştirak etdiklərinə görə məhkum olunublar. OCCRP yazır ki, həmin şəxslər İranın sifarişi ilə dissidentlərə və rejim tənqidçilərinə qarşı əməliyyatlarda iştirak etməkdə ittiham ediliblər.
Britaniya hökumətinin yeni sanksiya paketinə İranla əlaqəli daha bir neçə şəxs və qurum da daxil edilib. Onların arasında Avropada və Böyük Britaniyada İran hakimiyyətinin tənqidçilərinə qarşı təzyiq, oğurluq və sui-qəsd planlarında iştirak etdiyi deyilən “Zindaşti Network” kriminal şəbəkəsi də var.
Nadir Səlifov, “Lotu Quli” postsovet məkanında ən tanınmış kriminal avtoritetlərdən biri hesab olunurdu. O, 2020-ci ildə Türkiyədə qətlə yetirilmişdi. Onun rəhbərlik etdiyi kriminal şəbəkənin Rusiya, Türkiyə və Cənubi Qafqazda geniş təsir imkanlarına malik olduğu bildirilirdi.
Son illər Azərbaycanın adı müxtəlif beynəlxalq sanksiya və maliyyə araşdırmalarında da hallanır. OCCRP daha əvvəl Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində Azərbaycan dövlətinə məxsus tanker və bəzi azərbaycanlı iş adamlarının da hədəfə alındığını yazmışdı.