XİN pozuntuları Kopenhagen Sənədinə zidd sayıb
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Nazirlik Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən seçki şikayətlərinə baxılması üçün Ekspert Qrupunun yaradılmasını və seçkinin sakit keçməsini, məcburi köçkünlərin öz tarixi seçki dairələrində səs verə bilməsini alqışlayıb.
Bununla belə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi seçkinin məhdudlaşdırıcı, həqiqi siyasi alternativlərin olmadığı bir şəraitdə keçirilməsi ilə bağlı bir sıra narahatlıq doğuran məsələləri bölüşür:
“Ciddi pozuntular müşahidə edilmişdir ki, onlardan bəziləri bir sıra insan hüquqları və əsas azadlıqları əks etdirən 1990-cı il Kopenhagen Sənədinə ziddir”.
“ATƏT-in DTİHB-i seçki proseslərinin ədalətli qiymətləndirilməsinin təmin edilməsində mühüm rol oynayır və Böyük Britaniya Azərbaycanı öz yekun tövsiyələrini dərc edildikdən sonra həyata keçirmək üçün təşkilatla işləməyə qətiyyətlə təşviq edir. Azərbaycan Böyük Britaniya üçün mühüm tərəfdaşdır və biz onların seçki islahatlarını və demokratik prosesin təkmilləşdirilməsini dəstəkləməyə hazırıq”, – deyə bəyanatda qeyd olunur.
Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilib.
Seçkiyə 7 namizəd qatılıb.
Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edib.
Mərkəzi Seçki Komissiyası fevralın 8-də seçkinin ilkin nəticələrini elan edib.
MSK sədri Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə Prezident seçkilərində liderlik edir.
“Fuad Əliyev – 24 min 799 səs (0,53 faiz); Qüdrət Həsənquliyev – 81 min 799 səs (1,76 faiz); Elşad Musayev- 31 min 33 səs (0,67 faiz); Fazil Mustafa – 92 min 980 səs (2 faiz); Razi Nurullayev- 37 min 386 səs (0,80 faiz); Zahid Oruc-101 min 851 səs (2,19 faiz)”.
Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.
Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir.