Bolqarıstan rus qazının tranzitini dayandırır, Macarıstan narazıdır

Rusiya qazı. Foto: Victoria Viper B/shutterstock

2026-cı ildən Bolqarıstan Rusiya qazının tranzitindən imtina edəcək.

Meydan TV xəbər verir ki, Bolqarıstanın baş naziri Rosen Jelyazkov Nyu-Yorkda BMT Baş Assambleyasında jurnalistlərə açıqlamasında gələn ildən etibarən Rusiya qazının tranziti ilə bağlı müqaviləni ləğv edəcəyini bildirib.

“Avropa İttifaqının üzvü kimi Bolqarıstan, Aİ-nin qərarına uyğun olaraq, 2026-cı ildə Rusiya təbii qazının istifadəsi və tranziti ilə bağlı müqavilələrə xitam verəcək”, – deyə o vurğulayıb.

ABŞ prezidenti Donald Trampın Avropanı Rusiyadan enerji asılılığını dayandırmağa çağırışını şərh edən Jelyazkov əlavə edib ki, uzunmüddətli perspektivdə- 2028-ci ilə qədər Bolqarıstan enerji bazarından Rusiya qazını tamamilə çıxarılmasını hədəfləyiblər.

Baş nazir həmçinin bildirib ki, Bolqarıstan daha əlverişli şərtlərlə ABŞ-la LNG tədarükünə dair müqavilə imzalayıb və qarşıdakı payız-qış mövsümündə daxili tələbatın tam ödənilməsini artıq təmin ediblər.

O, həmçinin xatırladıb ki, Aİ-nin güzəşt müddəti başa çatdıqdan sonra Bolqarıstan artıq Rusiya neftini “Neftochim” zavodunda emal etmir.

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasına müraciətində Avropanın Rusiyanın enerji ehtiyatlarından mümkün qədər tez imtina etməsinə dair çağırış edib. O bildirib ki, Avropa ölkələri Rusiyadan enerji almağa davam etməklə “özlərinə qarşı müharibəni maliyyələşdirirlər”.

Trampın sözlərinə görə, Rusiyanı enerji satışından əldə etdiyi gəlirdən məhrum etmək sülhə nail olunması üçün vacib şərtlərdən biridir və bu istiqamətdə o, Avropadan tam əməkdaşlıq gözləyir.

Prezident əlavə edib ki, Amerikadan fərqli olaraq Avropa ölkələri Rusiyaya daha yaxın olduqları üçün birbaşa təhlükə ilə üz-üzədirlər:

“Onlar etdiklərini edə bilməzlər. Rusiya ilə mübarizə apararkən, Rusiyadan neft və qaz alırlar. Onlar Rusiyadan bütün enerji alışlarını dərhal dayandırmalıdırlar. Əks halda, hamımız çox vaxt itirmiş oluruq.”

Ukrayna 2025-ci il yanvarın 1-dən Rusiya qazının Avropaya tranziti üzrə müqaviləni uzatmaqdan imtina etdikdən sonra “Türk Axını” Rusiya qazının Avropaya çatdırılmasında əsas marşrut olaraq qalıb. Bu boru kəməri Türkiyədən başlayaraq Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçir, həmçinin Slovakiya da bu marşrutdan faydalana bilir.

Hər il bu xətt vasitəsilə təxminən 15-16 milyard kubmetr qaz nəql olunur. Bolqarıstanın Rusiya qazının idxalına dair uzunmüddətli müqaviləsi 2022-ci ildə ölkənin rubl ilə ödənişdən imtina etməsindən sonra başa çatmışdı, lakin tranzit daşımaları qonşu ölkələr üçün davam edirdi.

Əgər bu tranzit xətti də dayandırılarsa, marşrut üzərində yerləşən bütün ölkələr çətin vəziyyətlə üzləşə bilər. Lakin Slovakiya, Serbiya və Bolqarıstanla müqayisədə ən çətin durumda qalacaq ölkə Macarıstan ola bilər. Çünki “Türk Axını” onun əsas qaz təchizat mənbəyidir.

Digər tərəfdən, Bolqarıstan və Serbiya müəyyən həcmdə alternativ mənbələrdən LNG qazı, həmçinin TANAP və TAP kəmərləri vasitəsilə Azərbaycandan qaz əldə etmək imkanına malikdirlər. Macarıstan da Azərbaycanla qaz alqı-satqısı üzrə müqavilələr imzalayıb, lakin həmin müqavilələr çərçivəsində idxal ediləcək həcmlər məhduddur.

Macarıstanın xarici işlər naziri Peter Szijjártó BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın çağırışına baxmayaraq, ölkəsinin Rusiyanın enerji resurslarından imtina etməyəcəyini bildirib.

“Rus nefti və ya qaz mənbələri olmadan ölkəmiz üçün enerji məhsullarının təhlükəsiz təchizatını təmin edə bilmərik. Bizim üçün enerji təchizatı sırf fiziki məsələdir.”, – deyə xarici işlər naziri vurğulayıb.

Onun sözlərinə görə, alternativ mənbələrdən enerji almaq arzusu yaxşı səslənsə də, real infrastruktur imkanları buna yol vermir:

“Rusiyadan başqa, hardansa neft və qaz almaq arzusu gözəl ola bilər. Amma biz yalnız infrastrukturun mövcud olduğu yerlərdən ala bilərik. Fiziki infrastruktura baxsanız,  Rusiyanın təchizatları olmadan ölkənin təhlükəsiz təchizatını təmin etmək mümkün olmadığı aydındır”.

Polşanın xarici işlər naziri Radoslav Sikorski isə ötən həftə Kiyevdə “Guardian” qəzetinə müsahibəsində Trampın Avropaya Rusiya neftinin alınmasını dayandırmaq çağırışını dəstəklədiyini bildirərək, çətin vəziyyətdə qalan  Macarıstana üçün alternativ yollar təqdim etmişdi:

“Ümid edirəm ki, Budapeştdəki baş nazir Orban bunu eşidər və prezident Trampın Rusiya neftini almağı dayandırmaq çağırışı əsasında hərəkət edər. Macarıstan öz neftini cənubdan ala bilər”.

Ana səhifəİqtisadiyyatBolqarıstan rus qazının tranzitini dayandırır, Macarıstan narazıdır