Bakı marketlərində isə un qıtlığı yaranıb
Bakının bəzi ərazilərində un kilo ilə satılır. 1 kilosu 1 manatdır. Bir nəfərə 2 kilodan artıq un verilmir. Bu isə hamıya çatması ilə izah edilir.
Bir həftə öncəyədək qiyməti 38 manata olan 50 kiloluq un bölgələrdə də bahalaşıb. 40-45 manata satılır.
Masazır sakini Nailə Məmmədova deyir ki, evinin yaxınlığındakı marketlərdən 10-25 kiloluq un tapa bilməyib. 50 kiloluq un isə günlərdir yoxa çıxıb.
“Bu gün məhəllədəki marketdə yalnız 1 və 2 kiloluq unlar var idi. Bir nəfərə 2 kilodan artığını vermirdilər. Bir qadın 10 ədəd bir kiloluq un almaq istədi, kassada ona “olmaz” dedilər. Hirsindən unlardan bir neçəsini yerə tökdü”.
Bayıl qəsəbəsindəki marketlərdə də un tapılmır. Bu qəsəbədə yaşayan Nemət Vəliyev 2 gündür evinə un ala bilməməkdən şikayətlənir. Deyir, bu gün 9 market gəzib və təkcə bir yerdə un olub:
“O da ki, 50 kiloluğu 45 manata verirdilər. Üstümdə də cəmi 40 manatım var idi, ala bilmədim”.
Sumqayıtda isə 50 kiloluq unun qiyməti 38,5 manata yüksəlib.
Saatlıda avqustun 17-də 25 kiloluq unun qiyməti 20 manata, 50 kiloluq un isə 40 manata təklif edilib. Avqustun 18-də isə 50 kiloluq unun qiyməti 43 manata yüksəlib.
Göyçayda ən ucuz 50 kiloluq unun qiyməti 39.70 – 43 manat arası dəyişir. Göyçay sakini Məlik Əliyev deyir ki, unun qiyməti hər il arta-arta gedib. Axırıncı dəfə isə 50 kiloluq kisəyə 38 manat verib:
“Bu gün bir-iki marketdə qalmışdı. Onu da 40 manatdan baha verirdilər. Evdən demişdilər ki, bir neçəsini al, almadım. Guya indi alıb yığmaqla nə olur ki? Bahalaşanda da yeni qiymətlə alacağıq, mənası yoxdur. Gərək hökumət insanları anlaya”.
Füzulidə ötən həftə 50 kiloluq unun qiyməti 39 manat olub. Bu gün satışda yalnız “Karmen” unu qalıb. Qiyməti isə dünən səhər 42, indi 45 manatdan təklif olunur.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli də deyir ki, unun qiyməti regionlardan başlayaraq bahalaşdırıla-bahalaşdırıla mərkəzə doğru gəlir:
“Artıq iki gündür ki, regionlarda 50 kiloqramlıq un kisəsinin qiyməti 38 manatdan 43 manata qaldırılıb. Üstəlik, təklif olunan unun keyfiyyəti aşağı, qiyməti isə yüksəkdir”.
Unun qiymətinin qalxması dünya bazarlarında ərzaqlıq buğdanın bahalaşması ilə izah edilir. Səbəb isə 2 taxıl ixracatçısı olan ölkələr – Rusiya və Ukrayna arasında gedən müharibədir. Müharibə nəticəsində hər iki ölkə ixraca limitlər tətbiq edib. Ukrayna limanları ümumiyyətlə, istifadəsiz qalıb.
Bu da dünya bazarlarında həm buğda qıtlığı, həm də qiymət artımı ilə müşahidə olunub.
Beynəlxalq və yerli ekspertlər bu istiqamətdə qiymət artımının davam edəcəyi qənaətindədir.
Rəsmi statistikaya görə, Azərbaycana çörək üçün illik 3.5 milyon ton buğda lazımdır. Ölkə buğdaya olan tələbinin 40 faizini idxal hesabına ödəyir.
Məsələn, 2021-ci ildə Azərbaycanda 595 min hektar ərazidə buğda əkilib. İllik buğda istehsalı isə 1.9 milyon ton olub. 2022-ci ildə isə əkin 547,2 min hektar ərazidə aparılıb.