BMT Yaxın Şərq müharibəsindən qorxur

BMT Təhlükəsizlik Şurası. Foto: Reuters

“Regionun hərtərəfli müharibənin astanasında olmasından qorxuruq”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası ölkələri Yaxın Şərq münaqişəsinin qarşısını almaq üçün diplomatik səyləri artırmağa çağırıb.

BMT bu çağırışı HƏMAS lideri İsmayıl Haniyənin İranda öldürülməsindən sonra gərginliyin artması fonunda edib.

HƏMAS lideri İsmayıl Haniyənin iyulun 31-də İranın paytaxtı Tehranda öldürüldüyü bildirilir. Bu hadisə İsraildən qisas almaq təhdidlərinə səbəb olub.

BMT Qəzza münaqişəsinin daha geniş Yaxın Şərq müharibəsinə çevrilməsindən narahat olub.
Haniyənin ölümü ilə bağlı HƏMAS-ın yüksək rütbəli rəsmisi Sami Əbu Zuhri deyib ki, sui-qəsd onların iradəsini qırmaq məqsədi daşıyır, ciddi bir eskalasiyadır.

O, Qəzzanı idarə edən, Fələstin islamçı qruplaşması olan HƏMAS-ın getdiyi yolu davam etdirəcəyini bildirib və əlavə edib: “Biz qələbəyə əminik”.

Fələstin Prezidenti Mahmud Abbas işğal altındakı İordan çayının Qərb sahilində Haniyə və fələstinli qruplaşmaların öldürülməsini pisləyib, ümumi tətil və kütləvi nümayişlərə çağırıb.
Yaponiyanın BMT-dəki nümayəndəsinin müavini Şino Mitsuko böyük münaqişənin qarşısını almaq üçün beynəlxalq aləmə səslənib:

“Regionun hərtərəfli müharibənin astanasında olmasından qorxuruq”.

Çin, Rusiya, Əlcəzair və digərləri İranın BMT-dəki səfirinin terror aktı adlandırdığı Haniyənin öldürülməsini pisləyib, ABŞ, Böyük Britaniya və Fransa isə İranın regionda sabitliyi pozanlara dəstəkçi olduğunu bildirib.

Çinin BMT-dəki səfiri Fu Konq deyib ki, Qəzzada atəşkəsin əldə olunmaması gərginliyin artmasına səbəb olub.

“Əsas təsirə malik olan ölkələr daha çox təzyiq göstərməli və Qəzzada müharibənin alovunu söndürmək üçün daha güclü çalışmalıdırlar”, – o deyib.

Böyük Britaniyanın BMT-dəki səfiri Barbara Vudvord Qəzzada dərhal atəşkəs çağırışını təkrarlayaraq, sakitlik və təmkinli olmağa çağırıb. Onun sözlərinə görə, İsrail və HƏMAS təhlükəsiz İsrail və suveren Fələstin dövləti ilə iki dövlətli həll ilə nəticələnəcək sülh prosesinə yenidən öhdəlik götürməlidirlər.

“Sülhə gedən yol diplomatik danışıqlardan keçməlidir. Uzunmüddətli sülh bomba və güllə ilə təmin olunmayacaq”.

İranın BMT-dəki səfiri Əmir Səid İrəvani deyib ki, Tehran ardıcıl olaraq maksimum təmkin nümayiş etdirir, lakin qəti cavab vermək hüququnu özündə saxlayır. O, Təhlükəsizlik Şurasını İsraili qınamağa və onu sanksiyalarla cəzalandırmağa çağırıb.

İsrailin BMT-dəki nümayəndəsinin müavini Conatan Miller Təhlükəsizlik Şurasını İranı regional terrorizmi dəstəklədiyinə görə qınamağa və Tehrana qarşı sanksiyaları artırmağa çağırıb.

“Biz özümüzü müdafiə edəcəyik və bizə zərər verənlərə qarşı böyük güclə cavab verəcəyik”, – deyən Miller dünyanı İsraili dəstəkləməyə çağırıb.

Ana səhifəDünyaBMT Yaxın Şərq müharibəsindən qorxur