BMT-nin ofisi qarşısında Mütəllim Orucovla Malik Rzayevə azadlıq tələb olundu

Foto: Aksiya iştirakçıları tərəfindən çəkilib

Aksiya iştirakçıları bəyanat imzaladılar

Almaniyada yaşayan azərbaycanlı mühacirlər noyabrın 26-da Nürnberq şəhərində aksiya keçiriblər.

Demokratik Azərbaycanı Seç (DAS) Təşkilatının təşkilatçılığı ilə keçirilən aksiyada Azərbaycana deportasiya olunduqdan sonra həbs edilən Mütəllim Orucovla Malik Rzayevə azadlıq tələb olunub.

Tədbirin Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) mərkəzi ofisinin və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Nürnberq ofisinin önündə baş tutduğu bildirilir.

İştirakçılar “Mütəllim Oruca və Malik Rzayevə edilən işgəncələrə son, siyasi məhbuslara azadlıq” şüarı səsləndiriblər.

Bu barədə Meydan TV-yə danışan DAS təşkilatının sədrinin kütləvi tədbirlərin təşkili üzrə müavini Məmməd Qarayev deyib ki, Malik Rzayev və Mütəllim Orucov Azərbaycanda həbs edilərək işgəncəyə məruz qalıblar:

“Hər iki şəxs saxta cinayət işiylə ittiham edilir. Onların siyasi partiya mənsubları olduqlarına və Almaniyada siyasi hakimiyyət əleyhinə fəaliyyətlərinə görə həbs edildiyi məlumdur“.

Məmməd Qarayev yada salıb ki, hər iki şəxsin siyasi sığınacaq istəyi rədd edilib. İndi onlar Azərbaycanda həbsdədirlər, barələrində Cinayət Məcəlləsinin 234-cü maddəsinin müvafiq bəndləri (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə cinayət işi açılıb. Mütəllim Orucov Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Malik Rzayev isə Müsavat Partiyasının üzvüdür.

Mitinqin digər təşkilatçısı Aqil Hüseynov deyib ki, həm Mütəllim Orucov, həm də Malik Rzayev ağır işgəncəyə məruz qalıb:

“Onlar zorlanacaqlarıyla təhdid edildikdən sonra etirafedici ifadəyə imza atıblar. Malik Rzayev vəkilinə məlumat verilmədən iki dəfə istintaq təcridxanasından Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasına qeyri-qanuni etap edilib”.

Aqil Hüseynov hər iki şəxsin həbsində və işgəncəyə məruz qalmasında Almaniya hökumətinin, xüsusilə Almaniya Mqirantlar və Qaçqinlar üzrə Fedaral İdarə (BAMF) və Bayreut İnzibati Məhkəməsinin birbaşa məsuliyyəti olduğunu bildirib. Belə ki, BMT Baş Məclisinin 10 dekabr 1984-cü il tarixli qərarı iə qəbul olunmuş “İşgəncələrə və digər qəddar, qeyri-qanuni, yaxud ləyaqəti alçaldılan davranış və cəza növlərinə qarşı” konvensiyanın üçüncü maddəsi bu məsələni özündə ehtiva edir:

“Sənəddə göstərilib ki, iştirakçı dövlət hər hansı şəxsi işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar olan başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya təhvil verməməlidir. Lakin Almaniya hökuməti Müttəlim Orucovun və Malik Rzayevin sıgınacaq müraciətini nəzərdən keçirərkən bu prinsipləri nəzərə almayıb”.

Aksiyanın digər iştirakçısı Elmir Qəmbərov isə diqqəti ölkədəki qanunsuz həbslərə, aclıq aksiyalarına çəkib:

“20 gündən artıqdır günahsız həbs olunan Saleh Rüstəmov aclıq aksiyası keçirir. O, günahsız həbsinə, ailəsinin əmlakının müsadirə olunmasına ediraz edir. Səsini hələ eşidən yoxdur. İlham Əliyevi tənqid edən Aqil Hümbətov isə heç bir cinayət törətmədiyi halda həbsə məhkum edilib. Azərbaycanda yaşayan istənilən fərqli fikirli insan onların taleyi gözləyir“.

Mitinqin sonunda bəyanat səsləndirilib: Sənədd deyilir:

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişə cavabdeh olan Azərbaycan və Almaniya rəsmi orqanları Sazişin tələblərinə hörmət edilməsi və onun prinsiplərinə əməl olunması üçün müvafiq tədbirlər görsün.

Almaniyanın dövlət qurumları, xüsusilə Xarici İşlər Nazirliyi, Almaniya Miqrantlar və Qaçqınlar üzrə Federal İdarə (BAMF) və Almaniyanın Bakıdakı səfirliyi siyasi miqrantlarla bağlı əməkdaşliq etdiyi mənbələri, xüsusilə onların Azərbaycan hökuməti ilə əlaqələrinin olub-olmamasını diqqətdən keçirsin.

Almaniyanın prokurorluq orqanlarına bildirilsin ki, “Almaniyanın Miqrasiya Siyasətində“ “Kuru diplomatiyası”nın şübhəli məqamalarını nəzərə alaraq araşdırma aparsınlar.

Beynəlxalq hüquqi normativ sənədlərə əməl olunması üçün Berlin hakimiyyəti Azərbaycan dövlət orqanlarından hər iki şəxsin azad olunması üçün müvafiq tələblər irəli sürsün.

Malik Rzayev və Mütəllim Orucova qarşı işgəncə, qəddar və digər qeyri-insani rəftara son qoyulsun.
Beynəlxalq hüquqi normaların pozulduğuna görə BAMF və Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət bildirsin.

Beynəlxalq təşkilatlardan xahiş olunur ki, göstərilən hüquq pozuntularını diqqətdə saxlasın, zərərçəkənlərin azad olunması, müdafiəsi üçün müvafiq təşəbbüslər göstərsin.

Ana səhifəSiyasətBMT-nin ofisi qarşısında Mütəllim Orucovla Malik Rzayevə azadlıq tələb olundu