Bizə müharibə lazımdırmı?

Hazırkı vəziyyətdə Azərbaycanda neft gəlirlərinin aşağı düşməsini nəzərə alaraq, neftin demokratikləşmə prosesinə mənfi təsirinin aradan qalxması ehtimal oluna bilər

Source:
Nahid Cəfərov
Nahid Cəfərov


H


azırkı vəziyyətdə Azərbaycanda neft gəlirlərinin aşağı düşməsini nəzərə alaraq, neftin demokratikləşmə prosesinə mənfi təsirinin aradan qalxması ehtimal oluna bilər

Müharibə xarici siyasətin həyata keçirilməsində ən vacib elementlərdən biridir. Ona siyasətşünaslıqda “siyasətin başqa yollarla davamı” kimi tərif verilir. Müasir beynəlxalq hüquqla müharibə qadağandır və o, cinayət hesab edilir. Amma müharibəyə hüquqi don geyindirən bəzi elementlər BMT nizamnaməsində əks etdirilib. Şəxsən müharibənin tərəfdarı olmasaq da, yeni realizm nöqtəyi nəzərindən izah etsək, beynəlxalq sistemin anarxik xüsusiyyəti bəzən müharibələri qaçılmaz edir. Müharibələr hər zaman böyük itkilər və ağır iqtisadi nəticələrə səbəb olur. Bir çox analitik müharibənin hər iki tərəfə ziyan vurduğunu və tərəflərin müharibədən əvvəlki vəziyyətdən daha yaxşı statusa malik olmadığını vurğulayır. Lakin qeyd edilən analitiklər və onların tədbiq etdikləri müxtəlif nəzəriyyələr müharibələrin milli kimliyin formalaşmasında və dövlətçiliyin əsas sütunlarının möhkəmlənməsindəki rolunu nəzərə almır. Bu mənada müharibə faktorunu xarici və daxili aspektdən nəzərdən keçirməklə bir sıra məsələlərə aydınlıq gətirmək aktual görünür.

Təəssüflə qeyd etmək lazımdır ki, müharibə iki əsas səbəbə görə hazırkı status-kvonu dəyişə biləcək və torpaqlarımızı işğaldan azad edə biləcək yeganə vasitədir. İlkin səbəb münaqişənin mahiyyəti ilə izah olunsa da, digər səbəb beynəlxalq münasibətlər sisteminin bu cür münaqişələrin həlli ilə bağlı qeyri-adekvat olması ilə əlaqədardır.



Münaqişənin mahiyyəti və beynəlxalq hüququn prinsipləri

Müharibənin tərəfləri olan Azərbaycan və Ermənistan mövqelərini beynəlxalq hüququn bir-birinə tam zidd olan iki əsas prinsipləri ilə müdafiə edirlər: ərazi bütövlüyü prinsipi (Azərbaycan), öz müqəddaratını təyinetmə hüququ (Ermənistan). Bir çox ekspert bu iki prinsip arasında ierarxiyanın olduğunu qeyd etsə də, bəzi mənbələr beynəlxalq hüququn əsas prinsipləri arasında heç bir ierarxiyanın mövcud olmadığını qeyd edir. Mövqelərin kəskin şəkildə bir-birinə zidd olması tərəflər arasında mümkün razılıq zonasının (ZOPA) yaranmasını qeyri-mümkün edir. Sadə dildə ifadə etməli olsaq, beynəlxalq hüquqda elə bir prinsip yoxdur ki, yuxarıda qeyd edilən hər iki prinsipin müddəalarını müəyyən mənada özündə ehtiva edərək, tərəfləri eyni dərəcədə məmnun etsin. Ümumən tərəflər arasındakı ağ-qara ziddiyyətinin mövcud olması münaqişə ilə bağlı iki həll variantını təklif edir: 1) münaqişə tərəflərdən birinin xeyrinə həll olunmalıdır – belə olan halda tərəflərdən birinin tam məğlub olması həmin tərəfi təmsil edən siyasi rejimin süqutuna gətirib çıxaracaq və yeni hökumətin qurulması yeni münaqişə ocağının yaranmasına səbəb olacaq; 2) hazırkı status-kvonun qorunub saxlanılması – bu regionda sabitliyin hökm sürməsinə xidmət edir və beynəlxalq təşkilatlar və onların üzvləri üçün ən ideal variantdır.



Beynəlxalq təşkilatların qeyri-səmərəliliyi

Beynəlxalq münasibətlər tarixinə nəzər salsaq, bir qayda olaraq, bu növ münaqişələrin danışıqlar yolu ilə tərəfləri razı salacaq formada həll olunmadığının şahidi olarıq. Bunun əsas səbəblərindən biri müvafiq beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in tərəflərə təzyiqetmə mexanizminə malik olmamasıdır. ATƏT-də qərarların yalnız yekdilliklə qəbulu prinspi və bundan irəli gələrək münaqişə tərəflərinin kəskin fərqlənən mövqeləri və eyni zamanda həm Azərbaycanın və həm də Ermənistanın təqdim edilən təkliflər üzərində veto hüququna malik olmaları danışıqlar prosesini bloklaşdırır və bu da Minsk Qrupunun statusunu iki ölkə arasında məlumat mübadiləsini həyata keçirən təşkilat səviyyəsinə endirir. Digər tərəfdən, münaqişənin həllinə çoxlu dövlətlərin cəlb olunması həll prosesində yalnız Azərbaycan və Ermənistanın maraqlarını deyil, digər dövlətlərin maraqlarının da nəzərə alınmasını labüdləşdirir və bu da münaqişənin danışıqlar yolu ilə həllini qeyri-mümkün edir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, müharibə millətin və dövlətin formalaşması və eyni zamanda demokratiyanın bərqərar olunmasında vacib rola malikdir.



Müharibə və milli kimlik

Daxili faktora gəldikdə isə qeyd etmək lazımdır ki, müharibə Amerikan politoloqu Cohn Müllerin qeyd etdiyi kimi “bayraq ətrafında birləşmək effekti”ni yaradır. Müharibə bir dövlətin ərazisində yaşayan etnik mənsubiyyətindən, dini görüşündən və siyasi baxışından asılı olmayaraq milləti bir araya gətirərək, birgə mübarizənin kodlarını formalaşdırır. Bu davranış xüsusiyyətləri zamanla institutlaşaraq, millətin vahid bir varlıq kimi ümumi xüsusiyyətlərini möhkəmləndirir və vahid azərbaycanlı kimliyini bütün etnik kimliklərin fövqünə qaldırır. Milli kimliyin güclənməsi Azərbaycanı daxildən parçalamaq istəyən bir sıra xarici qüvvələrin bütün cəhtlərinə qarşı dövləti və onun vahid birliyini sığortalayır. Bu gün Ermənistan ordusuna endirdiyimiz sarsıdıcı zərbələrlə bağlı xəbərlər kimliyindən asılı olmayaraq, əksər azərbaycanlıya şüuraltı olaraq bu millətin nümayəndəsi olmaqla fəxr etmək hissini yaşatdı.



Müharibə, dövlət institutları və demokratiya

Bundan əlavə, müharibə dövlət institutlarını gücləndirərək, demokratik vətəndaş cəmiyyətinin ilkin toxumlarını səpir. Qəbul edilmiş bir sıra yanaşmalara zidd olsa da, Amerikan sosioloqu Çarles Tilli özünün “Məcburiyyət, kapital və Avropa dövlətləri” kitabında Avropada milli dövlətlərin yaranmasını və inkişafını məhz müharibələrlə izah etməyə çalışır. Müəllifin fikrinə görə, müharibə vacib bir dövlət institutu olan ordunun yaranmasına və güclənməsinə səbəb olur. Hərbi sahədə ekspert olmasam da, ordu quruculuğu sahəsində islahatların həyata keçirilməsini vacib hesab edirəm. Ordunun saxlanılmasını zəruri edən maliyyə resurslarına olan ehtiyac növbəti bir dövlət institutu olan vergi sisteminin yaranmasını və güclənməsini şərtləndirir. Azərbaycanda yuxarıda qeyd etdiyimiz iki institut arasında – ordu və vergi- əlaqənin qənaətbəxş olmaması sadə vətəndaşların üzərinə bu əlaqəni kortəbii qaydada yaratmaq məsuliyyətini qoyur. Bu gün sosial şəbəkələrdə əsgərlər üçün ərzaq və digər resursların toplanmasına dair edilən çağırışlar və əhalinin buna aktiv şəkildə qoşulması bütün bunların bariz nümunəsidir.

Vergilərin əsasən sadə vətəndaşlardan yığıldığını nəzərə alsaq, müəllifin fikrinə görə, ordunu maddi və texniki təchizatla təmin etmək məqsədi ilə hökumət əhalidən müəyyən mənada asılı vəziyyətə düşür. Bu asılılıq tədricən sadə əhalinin dövlətin formalaşmasındakı iştirakını artıraraq, əhaliyə hökumətin qurulmasında yaxından iştirak etmək şansını təklif edir. Beləliklə, müharibə dağıntılar və insan ölümü ilə nəticələnsə də, eyni zamanda güclü dövlət institutlarının formalaşmasında və demokratik dövlət quruluşunun bərqərar olunmasında mühüm rol oynayır. Lakin neftlə zəngin olan ölkələrdə bu mexanizm neft pulları hesabına pozulur və neft demokratiyanın yaranmasında böyük maneəyə çevrilir. Bu fikri Kaliforniya Universitetinin professoru Maykl Ross özünün “Neft demokratiyaya maneədirmi?” adlı əsərində aydın şəkildə izah edir. Müəllif qeyd edir ki, məhz külli miqdarda neft gəlirlərinə malik olan ölkələrdə hökumətin əhalidən yığılan vergi pullarına ehtiyacı olmaması əhalinin siyasi proseslərdən uzaqlaşdırılmasına və avtoritar idarəetmə formasının yaranmasına səbəb olur. Lakin hazırkı vəziyyətdə Azərbaycanda neft gəlirlərinin aşağı düşməsini nəzərə alaraq, neftin demokratikləşmə prosesinə mənfi təsirinin aradan qalxması ehtimal oluna bilər. Həmin boşluğun doldurması üçün müharibə faktoru isə pis proqnoz kimi dəyərləndirilməlidir.

Ana səhifəAnalitikaBizə müharibə lazımdırmı?