Birjalarda neftin qiyməti dəyişdi

“Gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır”.

Source: Foto: Meydan TV


“Brent” markalı neftin bir barrelinin qiyməti 61,12 dollar olub

Fevralın 10-da dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar artaraq 61,12 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 58,33 dollar olub.

Neft qiymətlərində dəyişimlərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri var, çünki ölkənin gəlirinin böyük hissəsi neft satışından gəlir.

Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, qlobal pandemiya elan edildikdən sonra ilk dəfə bu həftə neftin qiyməti bir bareli qlobal 60 dollara qədər artıb.

OPEC+ ölkələrinin öhdəliklərə əməl etməsi, Səudiyyə Ərəbistanının gözlənildiyindən daha çox hasilat azalmasına getməsi qlobal neft təklifini azaldıb: "Bu isə bazardakı tarazlığa təsir göstərərək qiymətin artmasına səbəb olub. Digər tərəfdən, vaksinasiya səviyyəsinin yüksəlməsi pandemiyanın miqyasının minimumlaşacağı bağlı ümidlər yaradıb. Bu isə investorların neft bazarına marağını artırıb. Pandemiyanın lokallaşdırılması yenidən real sektorun canlanmasına və neftə tələbin artmasına səbəb ola bilər".

Vüqar Bayramov
Vüqar Bayramov

Vüqar Bayramov deyir ki, ABŞ-dakı sonuncu dəstək paketi də ən böyük neft istehlakçısı olan Birləşmiş Ştatlarda iqtisadi canlanma ilə bağlı proqnozları gücləndirib və bu da neft bazarına təsirsiz ötüşməyib: "Gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır. 2021-ci ilin dövlət büdcəsində 1 barrel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmalar artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq".

İqtisadçı deyir ki, bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, OPEC+ anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq.

2019-cu ilin sonları Çində yaranıb sürətlə bütün dünyaya yayılan koronavirus zamanla neft bazarına da mənfi təsir etdi. Sərt karantin tədbirləri nəticəsində təyyarə reyslərinin təxirə salınması, bir çox ölkələrdə ictimai nəqliyyatın, zavod və fabriklərin fəaliyyətini dayandırması neftə tələbatı kəskin azaltdı. Hətta ötən il neftin qiyməti qısa müddətə sıfırdan da düşmüşdü. 1 milyard barreldən çox neft artığı yaranmışdı.

Ana səhifəİqtisadiyyatBirjalarda neftin qiyməti dəyişdi