“Birinci yarımil ərzində ölkədə 84,8 min yeni iş yerinin açılmasına kim inanar?”

İqtisadçı deyir ki, hətta bu ilin aprelindən başlayaraq statistik məcmuələrdən məşğulluq xidməti orqanlarında rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı da yığışdırılıb.

Foto: Meydan TV


İqtisadçı: “Nədənsə pandemiyaya görə işdən çıxarılanların statistikası açıqlanmır”

2020-ci ilin birinci yarısında Azərbaycanda 84,8 min yeni iş yeri açılıb. Bu iş yerlərinin 44,6 faizi qeyri-dövlət sektoruna aiddir.

Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda belə deyilir.

Hesabata görə, bu il avqustun 1-dək Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5230,1 min nəfər olub. Onlardan 4881,5 min nəfərini məşğul əhali təşkil edib.

İqtisadi fəal əhalinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,96 faiz artıb. Məşğul əhalinin sayı isə 0,94 faiz azalıb.

Komitənin hesabatına görə, 2020-ci ilin birinci yarımili ərzində ölkədə 5,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanan iş yerlərinin 61,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 42,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 57,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu ilin ilk 7 ayında 84,8 min yeni iş yerinin açılması real görünmür. Çünki açıqlanan statistikanın elə 5 ayı pandemiya dövrünə düşür. Bu dövrdə isə daha çox iş yerləri bağlanıb və insanlar işsiz qalıb:

“Nazirliklər arasında saxtakarlıq müsabiqəsi keçirilsə, 1-ci fəxri yerə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi layiq görülməlidir. Çünki Dövlət Statistika Komitəsi açıqladığı rəqəmləri nazirliyə istinadən yayıb. Kim inanar, 2020-ci ilin birinci yarımili ərzində ölkədə 84,8 min yeni iş yerlərinin açılmasına? Görünür heç bir analoqu olmayan 2 aylıq iş yerlərini də yeni açılmış iş yerlərinin tərkibinə daxil ediblər. Çünki Əmək və əhalinin sosial müdafiəsi naziri bu günlərdə açıqlama vermişdi ki, ölkədə 52 min ikiaylıq iş yerləri açılıb. Nədənsə iki aydan sonra işini itirənlərin, pandemiyaya görə işdən çıxarılanların statistikası açıqlanmır”.

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

İqtisadçı deyir ki, hətta bu ilin aprelindən başlayaraq statistik məcmuələrdən məşğulluq xidməti orqanlarında rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı da yığışdırılıb. Nazirlik işsizik statistikasını gizlədiyinə görə Azərbaycanın adı bu göstərici üzrə beynəlxalq müqayisələrdən də çıxarılıb.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, karantin dövründə Azərbaycanda yanacaq (benzin-dizel) istehlakı da artıb.

Bundan əlavə, yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz

artıb

.

Gəlirlər 10 milyard 580,25 milyon manat təşkil edib. Xərclər isə 0,4 faiz azalaraq, 9 milyard 392,23 milyon manat olub.

Bundan əlavə, vergi orqanlarının xəttilə bu ilin 6 ayında qeyri-neft sektorunda toplanan vergi ötən ilin 6 ayına nisbətən 654 mln. manat, yəni 29 faiz artıb.

Müstəqil iqtisadçılar iqtisadiyyatla bağlı açıqlanan statistik rəqəmlərdə çatışmazlıq, qeyri-dəqiqlik olduğunu düşünürlər. Hökumətin açıqlamaları və statistik rəqəmlərin uzlaşmadığı fikrindədirlər. Ya rəqəmlərdə, ya görülən işlərdə, ya da açıqlanan məlumatlarda yanlışlıq olduğunu düşünürlər.

Ana səhifəİqtisadiyyat“Birinci yarımil ərzində ölkədə 84,8 min yeni iş yerinin açılmasına kim inanar?”