“Bir gün məktəblilər o körpüdən kanala tökülsələr…”

Elə onu bilirlər, bir az boş yer görən kimi hasarlasınlar, daşı, fəhləni töküb, obyekt tiksinlər.

Source: Specify Source


Maştağa sakinləri yağışlı havada su ilə dolan kanalın üzərindəki köpünün təmir olunmasını istəyirlər

“Körpü tez-tez qırılır, sakinlər pul toplayıb düzəldirlər. Ancaq bununla iş bitmir, üstündən ağır maşınlar keçdikcə, yenə dağılır. Nəyi gözləyirlər, bilmirik. Gərək o kanalda bir-iki uşaq boğulsun, ondan sonra təzə körpü tiksinlər?”

Maştağanın “subtropik sovxoz” və “daş karxanası” yaşayış ərazilərini birləşdirən kiçik bir körpü var. Bu körpünün üzərindən hər gün yüzlərlə insan o tərəf-bu tərəfə keçir. Əsasən də məktəblilər hər gün körpünü keçərək 22 saylı məktəbə gedib-gəlirlər. “Subtropik sovxoz” yaşayış massivinin sakini Nərminə Paşayevanın deməsinə görə, su kanalının üzərindən keçən kiçik körpü əslində böyük faciələrə səbəb ola bilər.


“Məktəblilər sınıq körpünün üstü ilə addımlayırlar”

“Ətrafdakı bütün məhəllələrin uşaqları Daş karxanası məhəlləsindəki 22 saylı məktəbə gedirlər. Bu ərazilərdə başqa məktəb yoxdur. O məktəbə getmək üçün də bütün uşaqların yolu bu sınıq körpüdən keçir. Uşaqlar üstündən qorxa-qorxa keçirlər. Körpünün altı dərin su kanalıdır. Çox nadir hallarda kanalda su azalır. Əsasən payızda, qışda yağış suları kanalın suyunu ikiqat artırır. Belə bir dərin kanalın üsündən sınıq-salxaq körpü üzərində azyaşlılar o tərəf-bu tərəfə addımlayır. Körpünün kənarları da açıqdır. O kanala dəfələrlə uşaq düşüb, son anda həyatı xilas edilib,”- Nərminə Paşayeva deyir.

image_from_ios (4).jpg
“Uşaqlar üstündən qorxa-qorxa keçirlər”


“Bütün məhəllələrə keçid bu körpüdəndir”

Sakinin sözlərinə görə, iri məhəllələrdə on mindən çox əhali yaşayır. Bu əhalinin digər məhəllələrə keçidini bu sınıq və kiçik körpü təmin edir. Sakin Təhminə Nağıyeva deyir, adamlar körpünü öz hesablarına təmir etdirməkdən beziblər:

“Buralar yeni ərazilər deyil, bu məhəllələr ötən əsrin ortalarında salınıb. Bu kanal da, üzərindəki kiçik körpü də köhnədir. Həm də söhbət iki məhəllədən getmir. Savalan yaşayış ərazisinə keçmək üçün də vasitəçi bu körpüdür. Məsələn, bizim ərazinin sakinləri Savalana getmək istəyəndə gərək ö körpüdən keçib məhəllələrarası yollarla gedib mənzilbaşına yetişsinlər. Minlərlə adamın istifadə etdiyi körpünü elə adamlar özləri təmir etdirir. Ancaq bununla iş bitmir axı… Dövlət qurumları müdaxilə etməlidir, kanalın üstündən yeni körpü salınmalıdır. Minlərlə insanın həyatı ilə oynamaq olmaz. Vaxtında tədbir görmürlər, sonra da deyirlər, bir faciə idi, oldu, qismət, filan…”

Sakinlərin deməsinə görə, problem təkcə körpü ilə bitmir. On mindən çox sakini olan yaşayış massivlərinin yol, marşrut problemləri də var. Dəfələrlə toplaşıb yerli bələdiyyəyə, icra hakimiyyətinə müraciət etsələr də, nəticəsi olmayıb.

image_from_ios_5_6tesvtf
“On mindən çox sakini olan yaşayış massivlərinin yol, marşrut problemləri də var”


“Torpaqları hissə-hissə ələ keçirərək hasarlayıblar”

“Elə onu bilirlər, bir az boş yer görən kimi hasarlasınlar, daşı, fəhləni töküb, obyekt tiksinlər. Elə həmin körpünün kənarında yarımtikililər var, hamısı bələdiyyənindir. Bir neçə il əvvəl nəsə tikməyə başladılar, sonra yarımçıq qaldı. Təkcə bu deyil, ərazidə hara baxsan, torpaq sahələri ya dəmir torla, ya da daşla hissə-hissə hasara alınıb. Hissə-hissə, əl altından ələ keçirərək, hasara alıblar. Heç biri də sadə vətəndaşın deyil, hamısını ya bələdiyyə, ya da hansısa məmur özü üçün hasarlayıb”.


“Məktəbə yol zibilliyin içərisindən keçir”

Sakinlərin şikayəti bir də 22 saylı məktəbin qarşısındakı zibillikdəndir. Onların deməsinə görə, azyaşlı məktəblilər dərsdən çıxanda həmin zibilliyin içərisi ilə addımlamalı olurlar:

“İri zibillik vaxtında təmizlənmir. Ətrafa epidemiya yayır. Uşaqlar və müəllimlər sinif otaqlarında zibilliyin iyindən otura bilmirlər. Vaxtında təmizlənməyən zibillikdə küçə itləri də sürüylə dolaşır, tez-tez məktəblilərin üstünə cumurlar. Bu məktəbin şagird və müəllimləri hərtərəfli təhlükədədilər. Məktəbdən çıxanda əvvəlcə vəhşi itlərlə dolu zibilliyin içərisindən, sonra da dərin kanal üzərindəki sınıq-salxaq körpüdən qorxu içində gedib gəlirlər”.

Sakinlər zibilliyin məktəb ərazisindən başqa əraziyə köçürülməsini istəyirlər.

Sabunçu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyilib ki, qeyd olunan ərazidəki zibillik və köhnə körpüylə bağlı yerli bələdiyyəyə, marşrut xəttiylə bağlı digər aidiyyəti qurumlara müraciət olunacaq: “Nümayəndələrimiz əraziyə baxış keçirəcəklər, sakinlərin dedikləri bütün məsələlər araşdırılacaq, başçıya məruzə olunacaq”.

image_from_ios (6).jpg
Sakinlər zibilliyin məktəb ərazisindən başqa əraziyə köçürülməsini istəyirlər
Ana səhifəBölgə“Bir gün məktəblilər o körpüdən kanala tökülsələr…”