“İmişlidə Heydər Əliyevin adını daşıyan müasir stadion boş qalıb, icra başçılarının yastıqlarının altından isə milyonlar çıxır”
Bir neçə gün əvvəl AFFA öz rəsmi saytı vasitəsilə bir məlumat paylaşmışdı. Məlumatda bunlar yazılmışdı:
“Azərbaycan milli komandasının üzvü Araz Abdullayevin hazırda heç bir klubla müqaviləsi mövcud deyil. Millinin baş məşqçisi Canni De Byazi bununla əlaqədar Araz Abdullayevlə görüşüb və futbolçu milli komandanın məşqçi heyətinin nəzarəti ilə fərdi məşqlərə başlayıb”.
Bu, həmin Araz Abdullayevdir ki, 4-5 il əvvələ kimi azərbaycanlı idman yazarları, azarkeşlər onu tərifləməkdən yorulmur, böyük perspektivi olduğunu deyirdilər. Ölkənin futbol adamlarının şəninə tərif deməkdən yorulmadığı Araz əvvəlcə İngiltərənin “Everton”, ardınca Yunanıstanın “Panionios”, daha sonra Kiprin “Anortosis” klublarına legioner həyatı yaşamağa yollansa da, heç birində uzun müddət duruş gətirə bilmədi, bir az kobud ifadə etsək, yarıtmadı. “Qarabağ” xarici klublardan əli ətəyindən uzun qayıdan 28 yaşlı futbolçuya şans verib, heyətinə qatsa da, Abdullayev Ağdam klubunda da özünü göstərə bilmədi. Nəticədə, milli komandanın da üzvü olan futbolçu hazırda klubsuzdur, vəziyyət o həddə çatıb ki, AFFA Araza məşq etməsi üçün şərait yaratmalı olub.
Araz Abdullayev azərbaycanlı futbolçular arasında uğursuz legioner həyatı yaşayan ilk nümunə deyil. Ondan əvvəl də onlarla futbolçu xaricə üz tutub, demək olar ki, hamısının aqibəti Abdullayev kimi olub. Bəs səbəb nədir? Niyə qonşularımızın – Gürcüstanın, Ermənistanın futbolçuları Avropanın tanınmış klublarında özlərini göstərə, uğurlu karyera qura bilirlər, bizimkilər yox? Bu suallarla keçmiş FİFA referisi, “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanova müraciət etdik.
“Almaniya, Rusiya yığmalarında azərbaycanlı oynaya bilir, Azərbaycanın özündə futbolçu yetişə bilmir?”
Süleymanov deyir ki, futbol başbilənlərimiz xaricdə oynayan istedadlı futbolçularımızı da Azərbaycana gətirib, burda onları məhv edirlər:
“Acınacaqlı durumdur. Fərdi olaraq bir futbolçunun üzərində dayanılması, müzakirəsi doğru olmaz. Hər zaman xüsusi vurğulayıram, Azərbaycanda futbol təhlili problemi mövcuddur. Vəziyyətin belə həddə çatması kompleks olaraq araşdırılmalı, səbəblər müəyyən edilməlidir. İlk olaraq, biirmənalı vurğulayım, istedad məsələsi deyil. Ölkədə keyfiyyətli futbolçular, daha doğrusu, “xam mal” hər zaman olub. Nə qədər futbol dağıdılsa da, bu gün də var. SSRİ kimi yığmanın tərkibində futbolçularımız çıxış edib, olimpiya, yeniyetmələr arasında Avropa, dünya çempionluğu qazanılıb, Banişevskili yığma dünya üçüncüsü olub. Sistem var idi. Təəssüf ki, müstəqillik illərimizdə bir çox sahədə olduğu kimi, futbolda da yaradıcı deyil, dağıdıcı mühit formalaşdı. Son illər isə dözülməz durum pik həddə çatıb. 100 milyonların xərclənilməsinə baxmayaraq, naşı, həvəskar futbol idarəçiliyi, şəxsi maraqlar, uğursuz, dillər əzbəri olan Berlin, top çiləmə, əcnəbilərin kütləvi klublara yeridilməsi layihələri, yaş qrupları üzrə yığmalardan tutmuş əsas milliyə kimi kütləvi milliləşdirilmələr fiasko ilə nəticələnib. Bu siyahını genişləndirmək də olar. Dünya futbolunda onlarla istedadı nümunə göstərmək olar. Parlayıblar, ümid veriblər, müxtəlif səbəblərdən tez də sönüblər. Heç kim də onların arxasınca qaçmayıb. Çünki Braziliya, Argentina, bizə uyğun Uruqvay, Xorvatiya, Serbiya və digər ölkələrdə futbolçular konveyer kimi yetişir. Okeanın o tayında, qeyd etdiyim Avropa ölkələrində 18-21 yaşlı futbolçuların çamadanları yanlarında olur, istənilən təklifə dərhal reaksiya verib, ölkəni tərk edirlər. Tək maliyyə məsələsinə görə yox, getməsələr, sistem çalışır, istedadların ardı gəlir, 2-3 ildən sonra heç kimə lazım olmayacaqlar. Ən yaxşı halda, elə Azərbaycan, Vyetnam kimi ölkələrə üz tutacaqlar. 10 il öncə 18 yaşında olmuş Araz Abdullayev və digərləri müzakirə olunmamalıdır. Müzakirəyə 10 il qabaq 10 yaşında olmuş və bu gün 20 yaşın içində olan, qeydiyyatdan keçən 200 min futbolçu çıxarılmalıdır. Haradadır onlar? Kağız üzərində, ən yaxşı halda həvəskar səviyyədə qalıblar. Onlarla bacarıqlı futbolçular üzə çıxmadan məhv edilib. Doğru futbol sistemi vahid mexanizm kimi çalışsaydı, bu gün nə futbolçu qıtlığı yaşanardı, nə də indiki futbolçular belə arxayın olmazdılar. Rəqabət olmayan yerdə inkişaf ola bilməz! Almaniyada, Rusiyada azərbaycanlı uşaqlar yetişir, dözülməz rəqabətdən keçib yaş qrupları üzrə yığmalara kimi gedib çıxa bilirlər. Futbol başbilənlərimiz onların arxasınca ova çıxıb, böyük pullar qarşılığında beyinlərini əllərindən alırlar, Ramil Şeydayev kimi, Azərbaycana gəlib istedadlarını məhv edirlər. Almaniya, Rusiya yığmalarında azərbaycanlı oynaya bilir, Azərbaycanın özündə futbolçu yetişə bilmir? İranda əli daeilər "Bavariya"ya kimi gedib çıxa bilir, ölkədə istedadlar qeybə çəkilir?”
“UEFA-dan uşaq futbolu üçün klublara göndərilən milyonların aqibəti necə oldu?”
Keçmiş FİFA referisinin fikrincə, Azərbaycan futbolundakı problemlərin əsas səbəbi yanaşmada, sistemsizlikdədir:
“Problem futbola yanaşmada, sistemsizlikdə, futbol beyinlərindədir. Uzun fasilədən sonra "Bakı birinciliyi" start götürəcək. Gəncə, Lənkəran, Naxçıvan, Yevlax, Tovuz, Zaqatala stadionları yenə də böyük futbolsuz qalacaq. İmişlidə Heydər Əliyevin adını daşıyan müasir stadion boş qalıb, icra başçılarının yastıqlarının altından isə milyonlar çıxır. İdman-futbol da bir mədəniyyətdir. Mədəniyyət kabinetlərindən "paçka"larla pul çıxır. Futbolda da xalqın, dövlətin vəsaiti xərclənir və hesabatlarda illərdir 3-5 milyon qeyri xərclər qeyd olunur. Milyonlarla ünvansız xərc olar? Bu qədər stadionlar inşa edilmişdi. Nəyə görə? İndi baxımsız hala düşməsi üçün? "Bakı"nın dağıdılan, yerlə bir edilən 30(!) milyonluq keçmiş stadion-bazası göz dağıdır. Qeyd olunan qurğuların açılışında ölkə başçısı şəxsən iştirak edib. Belə münasibətlə ölkədə futbol olar, futbolçu yetişər? Bu, futbol ideoloqlarının ölkə futbolu ilə yanaşı dövlətə, xalqa qarşı sabotajı, təxribatı deyilmi?! Dillər əzbəri olub: "Uşaq məşqçiləri futbolçu hazırlaya bilmirlər". Bu günə kimi pis-yaxşı futbolçuları bəs kimlər hazırlayıb, yoxsa lippertlər, klublarda əlcək kimi dəyişdirilən əcnəbi direktorların havadarları ilə birgə tətbiq etdikləri "sistem" yetişdirib? Bir əcnəbiyə ödənilən pulları uşaq məşqçiləri toplam il ərzində ala bilmirlər, qəpik-quruşa çalışırlar. Problemin kökü onlarda deyil, ilk öncə şəraitin yaradılmamasındadır. Olmayan "Bakı"nın onlarla futbolçuları klublarda çıxış edirlər. "Qəbələ"yə minnətlə 1-2 milyon vəsait verilir. Olmaz ki, futbol məntiqi ilə, maliyyə infrastruktura, uşaq futboluna, yığmalara futbolçular hazırladığına görə layiqli və davamlı olaraq idman prinsiplərinə uyğun ödəmələr qanuniləşdirilsin?! Digər klublara da nümunə olar, rəqabət yaranar. Auditlə "qorxudulur". UEFA-dan uşaq futbolu üçün klublara göndərilən milyonların aqibəti necə oldu? "Partiya" komandaları transferlərlə bağlı “ofsayd”a düşüb, şəffaflıq sərf etmir? Klubların təlim-məşq toplanışı üçün yaradılan şəraitə, infrastruktura görə yoxlama yox, Qəbələ klubuna dövlət səviyyəsində təşəkkürnamə düşür. AFFA isə dövlətin ayırdığı vəsaiti belə, "federasiya pul ayırır" adıyla millətə sırıyır”.
“Azərbaycanda çalışmış bir əcnəbi məşqçi hələ deməyib ki, tabeçiliyimdə olan yerli futbolçular futbol oynaya bilmirdilər”
Tahir Süleymanov hesab edir ki, azərbaycanlı futbolçuların xaricdə uğur qazana bilməməsində ailəyə bağlılıq, dözümsüzlük, intizamsızlıq da rol oynayır:
“Fərdi olaraq hansısa futbolçunun Avropaya üz tutmaması yanaşması yanlış olar. 8 ildir klublarımız davamlı qruplarda çıxış edir, nəhəng klublarla qarşılaşırlar. Artıq əksər futbolçularımız tanınır. Buna baxmayaraq, biri də Avropaya transfer olunmayıb. Digər tərəfdən, syominlər, dənizlilər, toşaklar, starkovlar, hacıyevskilər, qriqorçuklar, tsxadadzelər Azərbaycanda məşqçilik etdikdən sonra müxtəlif ölkələrdə, klublarda çalışıblar, çalışırlar. Onlara menecerlərin fikirləri önəmli olmamalıdır. Gözlərinin önündə, rəhbərlikləri altında onlarla azərbaycanlı futbolçular çıxış ediblər. Burada oynamış legionerləri aparırlar, yerlilər isə kənarda qalır. Müəyyən söz-söhbətlər olsa da, konkret addımlar atılmır. Vaxtilə Toşak tanınmayan türkiyəli futbolçu Nihatı İspaniyaya təklif etdi, apardı. Azərbaycan futbolu adına faciədir və təkcə istedadsızlıq, milli mentallıqla olan məsələ deyil. Azərbaycanda çalışmış bir əcnəbi məşqçi hələ deməyib ki, tabeçiliyimdə olan yerli futbolçular futbol oynaya bilmirdilər. Futbol adına çox ciddi araşdırma mövzusudur. Təəssüf ki, ailəyə bağlılıq, dözümsüzlük, intizamsızlıq da öz təsirini göstərir. Bunlar daha çox fərdiçiliyə bağlı məqamlardır və son onilliklərdə maliyyə ilə yanaşı, cəmiyyət arasında üstünlük təşkil edən qeyri-ciddilik, üzdənyanaşmaların, həyat tərzinin nəticəsidir. 15-20 il öncə ancaq Ukraynada 10-a yaxın futbolçumuz çıxış edirdi, İranda sayı-hesabı bilinmirdi. Deyilə bilər ki, futbolsuzluqdan qaçmışdılar. Nə qədər olsa da, faktdır. İndi bəla ondadır ki, futbol yenidən yox halına gətirilib, Abşerona möhtac edilib. O vaxt futbol yox idi, futbolçu var idi, indi futbolla yanaşı, futbolçu da əvvəlki kimi yetişmir. Ona görə yox ki, tükənib. Ona görə ki, futbolun nəfəsini kəsiblər.
Araz Abdullayevə gəldikdə, vaxtilə "Panionis"də "Neftçi"dəki qədər maaş alırdı – 5000. Cavid İmanverdiyev, Mirhüseyn Seyidov, Elvin Yunuszadə və əsas heyətdə forma geyinən digər gənclər qruplarda çıxış edə-edə 3000-5000 arası aylıq maaş alırdılar. Nə yazıq ki, klublar futbolçulara həddindən artıq, özlərini təsdıq etmədən böyük pullar ödədi. Hətta AFFA-nın gənclərlə bağlı məlum, süni məvacib qərarı da effekt vermədi, kağız üzərində qaldı. Yuxarıda qeyd etdiyim kimi, davamlı futbolçu yetişsəydi, konveyer kimi çalışsaydı, öndəkilər xaricə getməyə məcbur olacaqdı, yeni gələn istedadlar isə onların yerini tutacaqdılar. Doğru-dürüst qərarlar əvəzinə, son onilliyin ən uğurlu layihəsi olan əvəzedicilərin yarışı da divizion bataqlığına qurban verildi. "Qəbələ" kimi akademiyası olan klubun əvəzediciləri yoxdur, hazırda da bəzi klublar bu addımı atmaq istəyir. AFFA belə çalışır, təklifləri belə dəyərləndirir, İcraiyyə Komitəsi belə məhvedici qərarlar qəbul edir.
Futbolda köklü islahatlar aparılmalı, ilk olaraq futbol təfəkkürü dəyişməlidir. İstedadlar əsasən bölgələrdədir, klublar da çoxdan dağılıb. Futbolda dəyişən top xətti üzrə yeni, qəti addımlar atılmalıdır. Onda futbol da dirçələcək, futbolçularımız da Avropaya üz tutacaq”.