Beynəlxalq media Xankəndidə humanitar böhranın olduğunu yazır

“Ərzaq, yanacaq və dərman qıtlığı ilə yanaşı, su çatışmazlığı problemi də var”

Xankəndidə əhalinin son doqquz ayda ən çətin dövrünü yaşadığı bildirilir.

“OC Media”nın Xankəndidən (erməni tərəf Stepanakert adlandırır) hazırladığı reportajında əhalinin ərzaq və tibbi ləvazimatlarla yanaşı, su çatışmazlığı, həm də elektrik enerjisi problemi yaşadığı bildirilir.

Qeyd olunur ki, bölgənin kənd yerlərində az da olsa, ərzaq və tərəvəz istehsal edilir. Lakin yanacağın olmaması, ictimai nəqliyyatın fəaliyyətini dayandırıb.

Nəticədə kənd təsərrüfatı məhsulları şəhərlərə paylana bilmir.

Bağlanmış supermarket, foto: Marut Vanyan/OC Media

Buna görə də aylardır ki, Xankəndidə əksər mağazalar, supermarketlər bağlanıb.

“Mağazalarda çörək görünəndə, sürətlə yüzlərlə insan növbələri yaranır. Bir çoxları çörək almaq ümidi ilə bütün gün növbəyə dururlar”, – yazıda bildirilir.

Bölgədə ərzaq, yanacaq və dərman qıtlığı ilə yanaşı, su çatışmazlığı problemi də var.

Havaların həddən artıq isti keçməsi, su qıtlığına səbəb olub.

Naqillər yanvarın əvvəlindən zədələndiyi üçün Ermənistandan elektrik enerjisinin verilməsi dayandırılıb.

Həm su elektrik enerjisinə tələbatın artması, həm də yayın isti keçməsi nəticəsində tanınmamış respublikanın ən böyük su anbarı təhlükəli dərəcədə aşağı səviyyəyə çatıb.

Evə su daşıyan sakin, foto: Marut Vanyan/OC Media

Bu həm də qışda elektrik enerjisi təminatının itirilməsi ilə nəticələnə bilər.

“Dağlıq Qarabağ”a sonuncu dəfə 15 iyunda Rusiya sülhməramlı qüvvələri humanitar yardım çatdırıb.

O vaxtdan bəri həm sülhməramlılar, həm də Qırmızı Xaçın yardımlarının qarşısı Azərbaycan tərəfindən kəsildiyi üçün bölgəyə heç bir ərzaq və dərman getməyib.

Ermənistanın isə iyul ayında Laçın sərhəd-buraxılış məntəqəsindən “Dağlıq Qarabağ”a humanitar yardım göndərməsinə Azərbaycan mane olub.

Azərbaycan həm də Fransanın Paris şəhər bələdiyyəsinin və bir neçə təşkilatın birgə göndərdiyi 10 yük maşınından ibarət humanitar yardım karvanının da Laçın sərhəd-buraxılış məntəqəsindən keçməsinə icazə verməyib.

Azərbaycan hökuməti yüklərin yalnız Azərbaycandan göndərilməli olduğunu və bunun üçün Ağdam-Xankəndi yolundan istifadə edilməli olduğunu bildirir.

Bu məqsədlə Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə 40 tonluq un məmulatları ilə dolu 2 yük maşını həmin əraziyə gətirilib.

“Dağlıq Qarabağ Respublikası”nın dövlət informasiya xidməti bildirib ki, rayon sakinlərinə çörək yalnız talonlar qarşılığında veriləcək.

Adambaşına 200 qram çörək payı almaq üçün insanlardan şəxsiyyət vəsiqəsi və dövlət xidmətinin nömrələrini təqdim etmələri tələb olunur.

“Dağlıq Qarabağ”ın İnsan Hüquqları Müdafiəçisinin 25 avqustda yaydığı hesabatda yazılır: “Çörək qıtlığı region əhalisini aclıq təhlükəsi ilə üz-üzə qoyur”.

Hesabatda o da iddia olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri kənd təsərrüfatı sahələrini və orada işləyən mülki şəxsləri hədəf alır, buğda biçini ilə bağlı problemlər yaradır.

Hesabatda qeyd olunub ki, bir sıra un dəyirmanları və çörək istehsal edən fabriklər yanacaq və elektrik enerjisi çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb, çörək zavodları tələbata uyğun çörək bişirə bilmir.

Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəXəbərlərBeynəlxalq media Xankəndidə humanitar böhranın olduğunu yazır