Pan Gi Mun ağır silahların tətbiq olunmasından narahatdır
BMT-nin baş katibi Pan Gi Mun Ermənistan və Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin dərhal azaldılması üzrə tədbirlər görməyə çağırıb.
“İnterfax” xəbər verir ki, bu barədə baş katibin bəyanatında bildirilir.
“Baş katib münaqişə tərəflərini hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəs haqqında sazişə tam şəkildə əməl etməyə və dərhal gərginliyin azaldılması üçün addımlar atmağa çağırır”, – deyə bəyanatda qeyd olunur.
Bildirilir ki, Pan Gi Mun ağır silahların tətbiq olunması və mülki əhali arasında da olmaqla çoxsaylı itkilər barədə məlumatlardan narahatdır.
Fransa prezidenti:
Danışıqlardan başqa yol yoxdur
“Qarabağ münaqişəsini yalnız danışıqlar yolu ilə həll etmək mümkündür”. Bu barədə Fransa prezidenti Fransua Olland bəyan edib.
Prezidentin yaydığı kommunikedə deyilir: “Mən Dağlıq Qarabağda baş verənlərdən narahatam və tərəfləri dərhal atəşi dayandırmağa çağırıram. Danışıqlardan başqa yol yoxdur”.
Sənəddə daha sonra 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü xatırlanıb:
“Fransa prezidenti Parisdə hər iki ölkənin başçısını qəbul edərək münaqişənin sülh yolu ilə həllinə sadiqliyini təsdiq edib. İndi ən mühüm olanı atəşin dayandırılmasdır. Münaqişənin yeganə həll variantı danışıqlardır. Prezident Dağlıq Qarabağda baş vermiş insident nəticəsində mülki əhali arasında qurbanlarla bağlı dərin təəssüf hissi keçirir”.
Kerri: Biz bir daha təkrarlayırıq – münaqişənin hərbi yolla həlli yoxdur
ABŞ Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyib və tərəfləri təmkinliyə çağırıb. “Münaqişənin hərbi yolla həlli yoxdur”. “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
“ABŞ dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir”, – deyə Kerri qeyd edb.
“Biz bütün tərəfləri təmkinlik göstərməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq… Biz bir daha təkrarlayırıq – münaqişənin hərbi yolla həlli yoxdur. Həmsədr ölkə olaraq ABŞ dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir”, – deyə Kerri əlavə edib.
İran: BMT-nin bayrağı altında sülh yolu ilə həlli istiqamətində bütün imkanlardan istifadə etməyə çağırırıq
Tehran Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmkinliyə və vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq hərəkətlərdən çəkinməyə çağırır. İRNA agentliyi xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hüseyn Cabir Ənsari deyib.
“Biz hər iki şimal qonşumuzu təmkinliyə və vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq hərəkətlərdən çəkinməyə çağırırıq”, – İran XİN rəsmisi belə deyib. O əlavə edib ki, Dağlıq Qarabağda hərbi toqquşmalar barədə xəbərlər İranındərin narahatlığına səbəb olub.
“Biz Azərbaycan və Ermənistanı toqquşmalara dərhal son qoymağa və sakitliyin bərpasına, fikir ayrılıqlarının sülhün qorunması üzrə qruplar çərçivəsində və BMT-nin bayrağı altında sülh yolu ilə həlli istiqamətində bütün imkanlardan istifadə etməyə çağırırıq”, – İran XİN nümayəndəsi qeyd edib
Azadliq.info, strateq.az, virtualaz.org