Sərhədsiz Repartyorlar Təşkilatı (RSF) və Beynəlxalq Mətbuat İnstitutu (IPI) Azərbaycan Ali Məhkəməsinin AbzasMedia-nın altı əməkdaşı və AzadlıqRadiosu-nun müxbiri barəsində uzunmüddətli həbs cəzalarını qüvvədə saxlayan qərarını pisləyib.
RSF jurnalistlərin kassasiya şikayətlərinin rədd edilməsi və onların uzunmüddətli həbs cəzalarının qüvvədə saxlanılmasını özbaşına və ədalətsiz hesab etdiyini açıqlayıb.
“Ləyaqətsiz saxlanma şəraiti, özbaşına həbslər və açıq-aşkar ədalətsiz məhkəmə prosesi, Azərbaycan rejimi AbzasMedia jurnalistlərini sadəcə, öz işlərini gördüklərinə görə cəzalandırır. Beynəlxalq ictimaiyyət həbsdə zorakılığa görə cəzasızlıq və ədalətin sistemli şəkildə inkarını qəbul edtməməlidir”, – RSF-in Şərqi Avropa üzrə nümayəndəsi Alena Struj deyib.
Bəyanatda qeyd olunur ki, hazırda Azərbaycanda azı 25 media nümayəndəsi həbsdədir və onlardan 24-ü demək olar ki, valyuta qaçaqmalçılığı ittihamları ilə üzləşib.
Beynəlxalq Mətbuat İnstitutu (IPI) isə Ali Məhkəmənin bu son qərarının ölkədəki daha böyük bir planın tərkib hissəsi olduğunu vurğulayıb. Təşkilatın qənaətinə görə, bu addım “Əliyev rejiminin ölkədə mətbuat azadlığını və müstəqil jurnalistikanı məhv etmək” kimi uzunmüddətli məqsədinə xidmət edir.
“Bu son qərarlarla AbzasMedia və Azad Avropa Radiosu (RFE/RL) jurnalistləri üçün bütün daxili hüquqi tədbirlər tükənib. BMİ onların azad edilməsi üçün mübarizə aparmağa davam edəcək və işi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) aparmaq da daxil olmaqla, ədalətin təmin edilməsi üçün bütün səyləri dəstəkləyəcək”,- BMI-nin bəyanatında deyilir.
Hər iki təşkilat Azərbaycan hökumətindən həbsdə olan bütün jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edir.
Bir gün öncə eyni bəyanatla Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də çıxış edərək, Azərbaycan Ali Məhkəməsinin uzunmüddətli həbs cəzalarını qüvvədə saxlayan qərar qüvvədə saxlamasını pisləyən bəyanat yaymışdı.
2023-cü ilin noyabrından etibarən Abzas Media-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin Azadlıq Radiosu-nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.
Onlara qarşı qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir və cinayət təqibinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onların azadlığa buraxılmasına çağırıblar. İbtidai və məhkəmə istintaqı birlikdə təxminən iki ilə yaxın davam edib.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sentyabrın 9-da Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
2026-cı il aprelin 3-də isə Ali Məhkəmə təqsirləndirilən şəxslərin kassasiya şikayətini təmin etməyərək əvvəlki qərarı dəyişmədən saxlayıb.