Bəxtiyar Hacıyevin Müalicə Müəssisəsinə köçürülməsi üçün müraciət olunub

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

Ombudsman ictimai fəalla görüşüb

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva fevralın 2-də Bakı İstintaq Təcridxanasında ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb. Ombudsman Aparatının bu barədə yaydığı məlumatda bildirilir ki, Səbinə Əliyeva Bəxtiyar Hacıyevi fərdi qaydada qəbul edib.

“Fərdi qəbul zamanı onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi yerində araşdırılıb, müraciəti dinlənilib. Bəxtiyar Hacıyevin hüquqları ilə bağlı ailə üzvləri və hüquq müdafiəçiləri tərəfindən Ombudsmanın ünvanına daxil olmuş müraciətlər dərhal araşdırılmaqla təmin olunub”, – Ombudsman Aparatından bildirilib.

Bəxtiyar Hacıyevin vəkili isə yanvarın 9-dan davam edən aclıq nəticəsində onun vəziyyətinin pisləşdiyini nəzərə alaraq, Müalicə Müəssisəsinə köçürülməsi üçün müvafiq qurumlara müraciət edib. Bu barədə vəkil Zibeydə Sadıqova özü məlumat verib.

“Ədliyyə Nazirliyinin tabeliyində olan hər iki quruma – həm Penitensiar Xidmətə, həm də Tibb Baş İdarəsinə müraciət etdim ki, Bəxtiyar Hacıyev Müalicə Müəssisəsinə köçürülsün. O, təcili kompüter tomoqrafiyadan (KT) və digər müayinələrdən keçirilməlidir. Çünki səhhətində ciddi problemlər yaranıb. Onun vəziyyətinə görə çox narahatıq”, – Zibeydə Sadıqova Meydan TV-yə bildirib.

Zibeydə Sadıqova
Zideydə Sadıqova. Foto: Amerikanın səsi

Penitensiar Xidmətdən Meydan TV-yə bildirilib ki, Bəxtiyar Hacıyevin durumu diqqətdə saxlanılır, o, həkim nəzarətindədir.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyir.
Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəSiyasətBəxtiyar Hacıyevin Müalicə Müəssisəsinə köçürülməsi üçün müraciət olunub