Bərdə sakini: Mal-qaramı yandırıb, həyətimə od vurub, cəzasız qalıb

Pənah Dünyamalıyev Bərdənin polis və prokurorluq orqanlarından şikayətçidir

Source:


Pənah Dünyamalıyev Bərdənin polis və prokurorluq orqanlarından şikayətçidir

“Yanğına FHN-nin iki yanğınsöndürən maşını cəlb edildi, yanğın söndürüldü. Rayon polisi gəldi, hadisə yeri çəkildi, dəyən zərərlər sənədləşdirildi. Özləri də şahidi oldular ki, inəklərim yanıb, ot, saman tayalarımdan, ot çardağımdan, mal tövləmdən əsər-əlamət qalmayıb. Yanan inəklərdən ikisi sonradan öldü. O biri inəkləri hələ də müalicə edirik. Ancaq yenə də hansısa maraq naminə qarşı tərəfi sudan quru çıxarmaq üçün hər oyuna əl atır”.

Bərdənin Yeni Daşkənd kənd sakini Pənah Dünyamalıyev Meydan TV-yə danışır ki, ötən il iyunun 17-də qonşusu və yaxın qohumu olan Şükür Dünyamalıyev tərəfindən həyətyanı sahəsindəki xeyli ot tayası, ot tayasının saxlanc yeri, inəklərlə qarışıq tövləsi yandırılıb. Hadisə nəticəsində həyat yoldaşının qolu da yanıb. Həmin gündən rayonun hüquq-mühafizə orqanları hadisəni ört-basdır etməyə çalışır. Pənah Dünyamalıyevinsə hadisəni törədən tərəfin cəzalandırılması üçün döymədiyi qapı, yazmadığı qurum qalmayıb: “Ört-basdır üçün sübutlar gizlədilir”.

Pənah Dünyamalıyev
Pənah Dünyamalıyev

“Hadisəni törədən qonşumdur. Dəfələrlə məni hədələmişdi ki, ot tayalarını və tövləni pəncərəsinin qarşısından yığışdırmasam, yandıracaq, bu barədə 102-yə də zəng vurub dedim, tədbir görmədilər, sonunda yandırdı. Hadisənin üstündən 1 il, 3 ay ötüb. Bu günə qədər də yanğının söndürülməsi, hadisə yerinə baxış prosesinin videoçəkilişləri, yanğınsöndürən idarənin rəyi polis tərəfindən gizlədilir. Dəfələrlə rayon polisində və rayon prokurorluğunda oldum, belə qənaətə gəldim ki, rayonun prokurorluqla polis qurumları əlbir, dilbir işləyir. Vətəndaşı insan yerinə qoyan yoxdur”.

Pənah Dünyamalıyevin sözlərinə görə, hadisədən sonra rayon polisində ona qarşı tərəflə barışıq etməsi təklif olunub, ancaq razılaşmayıb. 3 aydan sonra dəymiş zərərin 200 manat olduğu bildirilərək cinayət işinə xitam verilib. Pənah Dünyamalıyev isə bu qərardan bir neçə ay sonra xəbər tutub və Bakıya gələrək vəkillə müqavilə bağlayıb. Vəkil qərardan prokurorluğa şikayət edib, qərar ləğv olunub, iş ibtidai istintaqa qaytarılıb. Bu dəfə Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə) maddəsi ilə cinayət işi başlanıb. Ancaq bir müddətdən sonra yenə eyni məzmunlu qərar çıxarılıb. Bu proses bir neçə dəfə təkrarlanıb.

Zərərin məbləği cinayət işi başlanması üçün yetərli deyil

Bərdə rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Pənah Dünyamalıyevin şikayəti əsassızdır. O, bir neçə dəfə qərardan şikayət versə də, hər dəfə iş ibtidai istintaqa qaytarılıb və təkrar araşdırılıb. Yanğın zamanı 2300 manat məbləğində ot preslərinə, 1463 manat məbləğində ot çardağına maddi zərər dəyib. Dünyamalıyevə dəymiş zərər 5 min manatdan aşağı təşkil etdiyindən əməldə cinayət tərkibi yoxdur. Buna görə də sonuncu dəfə bu ilin avqustunda müstəntiq Aqil Əliyev cinayət işinə xitam verib, qərarın surətini tərəflərə və Bərdə rayon Prokurorluğuna göndərib.

Pənah Dünyamalıyevsə iddia edir ki, ona dəymiş zərərin miqdarı 11 min manat civarındadır. Deyir, iki cins inək tələf olub, bir neçə inək hələ də yanıq xəsarətindən müalicə olunur. Tövləsi, 4 min manata bağlatdırdığı ot çardağı, 600 ədəd ot, 800 ədəd saman kipləri tamamilə yanıb.

Pənah Dünyamalıyevin sözlərinə görə, qarşı tərəf cəzasızlıqdan istifadə edərək ona hədə-qorxu gəlir, şikayətlərini dayandırmasa, bu dəfə evini yandıracağı ilə hədələyir.

Mən yandırsaydım, öz evim də yanardı

Qonşusu Şükür Dünyamalıyevsə bildirib ki, həqiqətən də Pənah Dünyamalıyevin onun evinin qarşısında 6 metr uzunluğunda tövlə tikməsinə və ot kiplərinin oraya yığılmasına etiraz edib. Ancaq heç vaxt yanğınla hədələməyib. Yanğından da hadisə zamanı baş tutub:

“Ot tayalarını, tövləni necə yandırmaq fikrinə düşə bilərdim ki, yanğın zamanı öz evim də alışa bilərdi, çünki evimin düz qarşısı idi. Əksinə, öz ağaclarım da yanıb. Bildiyimə görə, yanğın Pənahın ailə üzvləri mürəbbə bişirərkən öz səhlənkarlığı üzündən baş verib”.

Pənah Dünyamalıyev ötən il Bərdədə vətəndaşları qəbul edən Baş prokuror Zakir Qaralovla görüşmək istəsə də, deməsinə görə, onu qəbula buraxmayıblar:

“Qapının o tayında Baş prokuror otura-otura bu tayında vətəndaşı çıxarıb atdılar çölə… Görün özbaşınalıq hansı həddə çatıb… Çünki bilirdilər ki, Qaralova rayon prokurorunun və rayom polisinin qanunsuz əməllərindən, cinayəti rüşvətlə ört-basdır etmələrindən şikayətlənəcəm”.

Ana səhifəBölgəBərdə sakini: Mal-qaramı yandırıb, həyətimə od vurub, cəzasız qalıb