Bayden Əliyevi Müstəqillik Günü münasibətilə təbrik etdi

İlham Əliyev və Co Bayden. Mənbə: Reuters

“Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq”

ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdiyi bildirilir.

“president.az”ın məlumatına görə, Cozef Bayden ABŞ-nin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq etdiyini bəyan edib:

“Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq”.

“Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda, Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcək. Biz Azərbaycanı demokratik idarəetmənin gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik.  Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz, həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk”, – məktubda qeyd edilib.

Ana səhifəXəbərlərBayden Əliyevi Müstəqillik Günü münasibətilə təbrik etdi