“Hərbi Prokurorluqda sərhəddəki toqquşmalarla bağlı cinayət işi açılıb”
Azərbaycan Hərbi Prokurorluğu noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalarla bağlı cinayət işi açıb.
Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.
Prokurorluq Ermənistanı üçtərəfli bəyanatının şərtlərini pozmaqda ittiham edib: “Noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub”.
“Nəticədə Azərbaycan Silahlı Qüvvələrindən 7 nəfər şəhid olub, 10 nəfər yaralanıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işləri başlanıb”, – deyə məlumatda qeyd olunur.
Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədinin Laçın rayon hissəsində hərbi toqquşlamalar baş verib.
Nəticədə hər iki tərəfdən itkilər olub.
2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayıb.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında döyüşlərin dayandırılması ilə bağlı üçtərəfli atəşkəs razılaşması imzalanıb. Bununla Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.