Baş prokuror həbsdə olan jurnalistin xanımını qəbul edib

Foto: Polad Aslanovun şəxsi arxivindən

“Kamran Əliyev bildirdi ki, mən ölkənin Baş prokuroru  olaraq, sizə söz verirəm…”

“Xeberman.com” saytının təsisçisi və baş redaktoru Polad Aslanovun 13 gündür həbsdə aclığı davam etdirdiyi bildirilir. Bu barədə məlumat verən həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, yanvarın 18-də ondan aclığı dayandırmağı xahiş etsə də, razılaşmayıb.

“Polad Aslanovdan aclığı dayandırmasını xahiş etdim. “Məhkəməyə qədər davam edəcəm” söylədi. Həkim nəzarətindədir. Onun səhhətindən çox narahatam. Çox arıqlayıb, həddindən artıq halsızdır”, – həyat yoldaşı bildirib.

Polad Aslanovun işi üzrə Ali Məhkəmənin iclası fevralın 3-də keçiriləcək. Onun işinə Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Yanvarın 18-də Gülmirə Aslanova həyat yoldaşının işiylə əlaqədar Baş prokuror Kamran Əliyevin də qəbulunda olub. Görüş barədə Meydan TV-yə danışan baş redaktorun həyat yoldaşı bildirib ki, Kamran Əliyev vəd verib:

“Kamran Əliyev bildirdi ki, mən ölkənin Baş prokuroru  olaraq, sizə söz verirəm, yoldaşınızın işinə Ali Məhkəmədə bizim tərəfimizdən tam ədalətlə baxılacaq, əmin olun. Mən də öz növbəmdə qəbul üçün ona təşəkkür etdim. Ümid edək ki, qanun, haqq-ədalət zəfər çalacaq…”

Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Sayt rəhbəri isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir:

“Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəTövsiyəBaş prokuror həbsdə olan jurnalistin xanımını qəbul edib