Bako Saakyan Chatham Houseda çıxış etdi

Zərdüşt Əlizadə əmin deyil ki, “DQR” lideri Qərb təhlilçilərinə ciddi və ağıllı bir şey deyəcək

Source:


Zərdüşt Əlizadə əmin deyil ki, “DQR” lideri Qərb təhlilçilərinə ciddi və ağıllı bir şey deyəcək

Artıq bir neçə gündür media Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) – “Chatham House”da iyulun 8-də “Dağlıq Qarabağ: Regional çağırışlar” adlı müzakirələr keçirəcəyi barədə informasiyalar yayır. Tədbirin məruzəçisi “DQR”in rəhbəri Bako Saakyanın olması olaya diqqəti daha da artırır.

Bu barədə məlumat yayan strateq.az saytının bildirdiyinə görə, Saakyan işğal olunmuş ərazidə “dövlət quruculuğu”, “xarici və daxili siyasət”, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıb. Çıxışdan sonra toplantıda işitrak edən ekspertlərin suallarını cavablandırıb.

“DQR” lideri deyib ki, “Chatham House”un təhlükəsiz, firavan və ədalətli dünya devizi “ruhən onlara yaxındır”. Görüşdə əcnəbi diplomatlar, alimlər və analitiklər iştirak edib.

Sayt növbəti qapalı müzakirənin iyulun 13-də keçiriləcəyini və tədbirin “Azərbaycanın xarici siyasətinə elitanın baxışı” adlandığını qeyd edib. Tədbirdə Azərbaycanı Zaur Şiriyevin təmsil edəcəyi bildirilib. Z.Şiriyev məruzəsində Azərbaycan elitasının xarici siyasətin formalaşmasında rolu, regional proseslər və Rusiyanın Azərbaycana təsiri ilə bağlı baxışı məsələlərinə diqqət çəkəcək.


“Qərbə meydan oxumağın acı meyvələrini səbətə yığır”

Bir çox analitik, siyasilər B.Saakayanın “Chatam House”da çıxışını Azərbaycan hakimiyyətinin uğursuz xarici siyasəti, konkret olaraq anti-qərb təbliğatı ilə əlaqələndirir.

İlk dəfə bu barədə Milli Şura sədri, professor Cəmil Həsənli öz Facebook səhifəsində yazmışdı. C.Həsənli bildirmişdi ki, bu arzuolunmaz vəziyyətin başlanğıcı dünyada ən güclü obyektiv məlumat mənbəyi kimi tanınan BBC-nin ofisini bağlayanda, Bakıda Azadlıq Radiosunun redaksiyasını möhürləyəndə qoyulmuşdu, Rusiyanın “Sputnik” radiosunun açılması haqda xəbərlə siyasətimizin dönüş məqamı da bəlli oldu. Ona görə də Bako Saakyanın Kral İnstitutunda çıxış etməsinə təəccüblənmək lazım deyil: “İndi bizim ölkəmiz öz hakimiyyətimizin yeritdiyi düşüncəsiz siyasətin, mənasız təkəbbürün, Qərbə meydan oxumağın acı meyvələrini səbətə yığır. Hanı 20 ildən artıq Azərbaycanın neft sənayesində öncüllük edən BP-nin nüfuzu, hanı tez-tez Bakıya səfər edən Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşlərin nəticəsi? Məsələ burasındadır ki, Azərbaycanın korrupsioner rejimi hazırda özünü elə vəziyyətə salıb ki, indi dostları da onu müdafiə etməkdən çəkinirlər”,-deyə professor Həsənli fikrini ifadə edib.


“Hakimiyyət ictimaiyyətlə Qarabağ məsələsini müzakirə etmir, cəmiyyəti küt və yaltaq hesab edir”

Siyasi şərhçi Zərdüşt Əlizadə B.Saakayanın “Chatam House”da çıxışını Meydan TV-yə şərh edərkən bildirib ki, Azərbaycan hakimiyyətinin “uğurlu” daxili və xarici siyasəti nəticəsində Qarabağ əməli olaraq bizdən ayrılıb: “Və hakimiyyət Qarabağı qaytarmaq üçün də heç nə etmir. Hazırda hakimiyyətin Qarabağ siyasəti 100 faiz məğlubiyyətə məhkumdur. Hakimiyyət özü də bunu bilir, sadəcə, iqtidar Rusiya prezidenti Putinin göstərişi ilə hərəkət edir. Hakimiyyət ictimaiyyətlə Qarabağ məsələsini müzakirə etmir, cəmiyyəti küt və yaltaq hesab edir. Belə olan şəraitdə Qərb soyuqqanlı şəkildə B.Saakayanı dəvət edib onunla münaqişəni müzakirəyə çıxardır”.

Ancaq Zərdüşt Əlizadə ona da əmin deyil ki, Saakyan “Chatam House”dakı çıxışında Qərb təhlilçilərinə ciddi və ağıllı bir şey deyəcək: “O, Rusiya və Ermənistanın münaqişə barədə dediklərini təkrarlayacaq. Belə olanda, “Chatam House” iştirakçılarına bunun da Rusiya layihəsi olduğu bəlli olacaq. Ona görə bu məsələyə əsəbi yanaşmaya ehtiyac yoxdur”.


“Bu adamın dünyagörüşünün elə bir elmi əsası yoxdur ki, onun baxışı akademik çevrələri düşündürsün”

2013-cü ilin 17 sentyabrında “Chatam House”da “Azərbaycan seçkilərdən əvvəl və sonra” müzakirəsində Azərbaycandan məruzəçi kimi çıxış edən REAL İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli Meydan TV-yə deyib ki, “DQR” liderinin instituta dəvət olunmasının səbəbi hakimiyyətin səhv xarici siyasətində axtarılmalıdır: “Nəzərə alın ki, Saakyan bir qədər əvvəl Parisə dəvət olunmuşdu. Ona görə bu səfərlərə siyasi gözlə baxmaq lazımdır. Çünki bu adamın dünyagörüşünün elə bir elmi əsası yoxdur ki, onun baxışı akademik çevrələri düşündürsün. Bu cür müzakirələr Azərbaycan hakimiyyətinin Qərblə münasibətləri birtərəfli şəkildə pozmasına yüngül bir cavabdır. Amma bu dəvət çox təhlükəli bir prosesin başlanğıcı ola bilər. Məsələ ondadır ki, Azərbaycan Rusiyaya doğru yön aldıqca Qərb də təsir vasitələri axtaracaq. Qərb Qarabağın Azərbaycanın ən ağrılı yeri olduğunu bildiyindən bu “kartı” oynatmağa çalışacaq. Məni Saakyanın “Chatham House”da nə danışması yox, dəvət olunması çox narahat edir. Bu mənada prosesi çox ciddi izləmək lazımdır”.

Erkin Qədirli dedi ki, Zaur Şiriyevin məruzəçi olduğu tədbir sırf akademik səciyyə daşıyır: “Zaur Şiriyevi yaxşı tanıyıram, Türkiyə mətbuatında ingilisdilli köşə yazarı olub. Onun çıxış edəcəyini xeyli əvvəldən bilirdim və bu, onun elmi mövzusu olduğundan təqdimatın keçirirlər”.

1920-ci ildə yaradılmış Beynəlxalq Münasibətlər üzrə Kral Araşdırmaları İnstitutu dünyanın nüfuzlu “beyin mərkəz”lərindən sayılır. Qraf Çatamın İnstituta bağışladığı mülkün adı ilə bu institut “Chatam House” adlanır. İnstitutun məqsədi beynəlxalq arenadakı əsas problemlərin öyrənilməsi və anqlo-amerikan qarşılıqlı münasibətlərini möhkəmlətməyə Amerika auditoriyasının ümumi dəstəyini almaqdır.

Ana səhifəXəbərlərBako Saakyan Chatham Houseda çıxış etdi