Bakının yoxsul nəqliyyatı

Taksi sürücüləri seçkilərin nəticələrini gözləyir

Source:


Taksi sürücüləri seçkilərin nəticələrini gözləyir


1 manatlıq taksilər erası


“Narahat olmayın xanım, 13 yaşımdan maşın sürürəm. Mən də ölmək istəmirəm” – avtomobili sürətli idarə edəndə qorxan xanımlara belə deyir Rəşad.

Hər gün Bakı-Sumqayıt yolunda “1 manatlıq taksilər” dediyimiz ictimai nəqliyyat vasitələrinə rast gəlirik. Onlarla Bakıya gəlmək bir sumqayıtlı kimi mənə sərf edir. Çünki 32 kilometrlik yolu şəhərlərarası iritutumlu avtobus 50 qəpiyə və 45 dəqiqəyə gəlirsə bu taksilər yolçunu 25 dəqiqəyə Bakıya çatdırır. Hələ orasını demirəm ki, həmin avtobuslar da sərnişini şəhərin girişi hesab olunan 20 yanvar dairəsinə yox, Beynəlxalq Avtovağzala aparır. Orda da Bakıdan tutmuş Türkiyəyə yol alan avtobuslar və taksilər dayanır. Həmin avtovağzaldan 20 yanvar dairəsinə az qala 30 dəqiqəyə çata bilərsən. Avtomobillərin və həmin ərazidə olan səyyar satıcılar, müxtəlif istiqamətə gedən insanların sıxlığı hərəkəti də ləngidir.

Bakı şəhərində ictimai nəqliyyat – taksilər, avtobuslar və metro – hesab olunur. Bir zamanlar tramvay və troleybusları ictimai nəqliyyatdan çıxaran hazırkı mer Hacıbala Abutalıbov paytaxtda bu yöndə olan sıxlığın iritutumlu avtobusların sayəsində aradan qalxacağını güman edirdi. Avtobuslar da alındı, üstəlik London taksiləri də meydana çıxdı. Ancaq şəhərin nəqliyyat qıtlığı aradan qalxmadı. Ucuz taksilər erası da belə başladı.


Seçkilərin sonunu gözləyən taksi sürücüsü

Rəşadın hazırda 25 yaşı var. Ailəsini bu cür “taksovatlıq” etməklə saxlayır. Onun sözlərinə görə, gün ərzində 10-15 dəfə bu cür dövr eləsə yaxşı pulu olar. Amma…

“Nəqliyyat imkan vermir maşın sürək. Bir də görürsüz ki, başladılar “oblavaya”. Hərə bir tərəfə dağılır. Cərimələyəndə də 100 manat alırlar. Qazandığımız gedir. Seçkiyə görə bir az ara səngiyib. İndi cəzalara görə cəriməni də qaldırıblar. O da bir tərəfdən belimizi qırır. Qaydalara riayət etmək olmur eee. Bir də görürsünüz “probka” burdan Xırdalan qəbristanlığına kimi düzülüb. O zaman da məcburuq sürətlə sürməyə. Kameralarla radarlar qoyulandan işimiz çətinləşib” – deyir Rəşad.

Rəşadın “nəqliyyat” dediyi özünü Nəqliyyat Müfəttişliyinin işçiləri kimi təqdim edənlərdir.

“1 manata səhər-səhər gələndə sürürəm. Axşamlar isə adamı 2 manatdan aparıram. Adresəcən aparıram da ona görə 2 manat istəyirəm. Belə Allah bərəkət versin, pulumuz olur. Nəqliyyata rast gəlməsəm, radara düşməsəm pul olur. Ancaq seçkidən sonra qorxuram ki, bizim maşınları yığışdırsınlar. Nə bilim, görək necə olacaq” – deyən, qəhrəmanım nigaranlıqla seçkinin sonunu gözləyir.


Oturmamış 1 manat yazan “Badımcan”lar

Tez-tez Bakıda qeyri-qanuni fəaliyyət göstərən taksilərin yığışdırılacağı xəbərlərini eşidirik. Taksilərin qanuni fəaliyyət göstərməsi üçün onlar lisenziya almalı, eyni zamanda taksometr quraşdırmalıdırlar. Ancaq elə taksometrlə işləyən London taksilərindən pulunun qalığını almaq müşküldü, çünki heç vaxt xırda pulları olmur. Ya da qısa yolu uzatmaqla sayğacın çox pul yazmasına nail olurlar. Belə ki, bir dəfə 20 yanvardan Fəvvarələr meydanına 5 manat 50 qəpiyə getdiyim yadımdadı. Burda da incə məsələ sayğacın 1 manatdan yazmağa başlamasıdı. Həmin manatın sığorta kimi istifadə olunduğu deyilir.


Metro – 1 saata 38 min sərnişin

Keçək metroya. Bakı Metropolitenindən verilən açıqlamaya görə, son zamanlar metro istifadəçilərinin sayı durmadan artır. Hazırda Bakı Metropolitenində günün gur saatlarında bir istiqamətdə 1 saatda 38 min sərnişin daşınır. Müvafiq tədbirlər görülmədiyi təqdirdə, bu rəqəm 2016-cı ildə 48 minə, 2030-cu ildə isə 80 min nəfərə çata bilər. Bu proqnozlar Bakı əhalisinin illik artım tempinin 2,5 faiz götürülməsi əsasında edilib.

Metropolitendən deyiblər ki, təhlükəsizlik və rahatlıq baxımından bu göstərici Avropa standartlarına görə 30 min nəfər təşkil edir, yəni vaqonun 1 kvadrat metrində 6 sərnişin daşınmalıdır.

İndi Bakı Metropoliteni vaqonlarında günün gur saatlarında 1 kvadratmetrdə 8-10 sərnişin daşınır ki, bu da təhlükəsizlik tələblərinə cavab vermir.



Yarıbayarı azaldılan marşrutlar

Bəs avtobuslar necə? Hazırda Bakıda istənilən xətdə basabas olmayan avtobus tapmaq çətin işdi. Çünki şəhərdə əhali artımı, üstəlik aşağı təbəqənin istifadə edə biləcəyi yalnız iki nəqliyyat növünün olması bu sıxlığı qaçılmaz edir. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin sözçüsü Namiq Həsənovun mətbuata verdiyi müsahibəsində Bakı şəhərində 310-a yaxın marşrutun sayını 172-yə qədər endirildiyini deyib. Onun sözlərinə görə, yeni istiqamətlərə yeni marşrutların açılması ilə bağlı layihələr düşünülür. Yeni tədris ili başlayandan həm avtobusların, həm də qatarlarda vaqonların sayı artırılıb. İl ərzində isə bir neçə dəfə növbəli rejimlər olur. Həmin vaxtlarda ehtiyatda olan avtobuslar və vaqonlar dövriyyəyə buraxılır. Adi vaxtlarda təxminən 300 avtobus çıxırsa, xüsusi günlərdə 500-700 avtobus xəttə çıxır. Yəni lazım olan günlərdə gücləndirilmiş iş rejimində həm rayonlardan gələnləri, həm də şəhərdaxili yerləşmələri tənzimləməyə çalışır nəqliyyat işçiləri. Amma qalan vaxtlarda adi rejimdə çalışırlar.

Metronun və avtobusun üzücü basabasından qurtulan insanların şəhərlərarası nəqliyyatda daha çox istifadə etdiyi də məhz taksilərdi. Hansı ki, taksometrsiz və lisenziyasız işləyirlər.

Ana səhifəXəbərlərBakının yoxsul nəqliyyatı