Bakının brend mağazaları…

Həm Bakıda yaşamaq, həm də brend mal almaq asan deyil

Source:


Həm Bakıda yaşamaq, həm də brend mal almaq asan deyil

“İşimlə bağlı tez-tez xaricdə oluram. Əksər vaxtlarda da uçuşlar İstanbuldan olur. Adətən bir-iki gün qalıram. Bu zaman da geyim və mənə lazım olan digər əşyaları ordan alıram. İstər türk, istərsə də xarici brendlər İstanbulda Bakıdakından xeyli ucuzdur. Bu, həm büdcəmə xeyirdir, həm də İstanbuldan aldığım geyimlər Bakıdakı mağazalara 5-6 ay sonra gəlib çıxır”, – deyir 33 yaşlı Gülnur Salmanova.


Qiymət fərqləri

Bunu təkcə Gülnur demir, Bakıda brend malların baha qiymətə satıldığını tez-tez eşitmək olur. Məsələn, türk brendi olan “Koton”un İstanbul, Tbilisi və Bakı qiymətlərinə baxaq: İstanbuldakı mağazalarda qadın paltosunun təxminən 140 (50 manat), yun köynək 70 (25 manat), şalvar 30 (10 manat), qış ayaqqabısı 100 (36 manat), gecə geyimlərinin qiyməti isə təxminən 170 lirə civarındadır (61 manat). Kişilər üçün olan yun köynəklərin qiymətləri isə 19 lirədən (6 manat) başlayır. Ən bahalısı 54 (20 manat) lirədir.

“Tbilisi Mall”-da yerləşən “Koton” mağazasındakı qiymətlər də Bakıya baxanda ucuzdur. Məsələn, qadınlar üçün olan yun köynək 70 (30 manat), ətəklər 49 (21 manat), cins şalvar 59 laridir (25 manat). Adicə kişilər üçün qalın üst geyiminin qiyməti 69 laridir (30 manat).

Bakıdakı “Koton”da isə ən ucuz qadın paltosu 70-80 manatdan başlayır. Qadın üçün 25 manata yun köynək tapmazsan. Ən ucuzu 35-40 manat civarındadır. 10 manata şalvar tapmaq mümkünsüzdür. Ən ucuzu 20-30 manatdan başlayır. Kişilər üçün qalın üst geyimi 30 manat yox, təxminən  50 manatdan başlayır. Bakıdakı “Koton” mağazalarında 36 manata qış ayaqqabısı yox, olsa-olsa köynək almaq olar.


“Avropadakı qiymətlər də Bakıdakından ucuzdur”

Gülnur Salmanova deyir ki, nəinki türk markaları, Türkiyədə xarici brendlər də Azərbaycandakından ucuzdur: “Məsələn, ötən il Sabiha Gökçen hava limanındakı “Nike” mağazasından 25 avroya bel çantası almışdım. Bu il eynən həmin bel çantasını Bakıdakı “United Sport” mağazasında 65 manata qoymuşdular. Nəinki Türkiyə, Avropadakı qiymətlər də Bakıdakından ucuzdur. Praqada qarışıq idman malları mağazasından “Adidas” markalı idman ayaqqabısını 27 avroya almışdım. Eynilə həmin ayaqqabının başqa rəngini Park Bulvardakı “Adidas” mağazasında 115 manata qoymuşdular. Məhz endirim vaxtında da həmin ayaqqabı rastıma çıxdı. Qiymət səhv etmirəmsə, 50-55 manat civarında olmuşdu. Yenə də bahadır. Türk markası “Colins”in Tbilisidəki mağazasından qırmızı köynək almışdım. Bizim pulla hardasa 28 manat etmişdi. Qayıdandan sonra eyni köynəyi Park Bulvardakı “Colins”-də 60 manata gördüm”.


Qara, boz rəngli mağazalar…

Tbilisidə təhsil alan azərbaycanlı Fəridə Əliyeva hətta Bakıdakı “Dutty Free” mağazalarının xaricdəkindən baha olduğunu deyir.

“Eyni şokolad, içki, parfüm bizdə bahadır, nəinki xarici ölkələrdəki “duty free”-lərdə. Məsələn, mən ötən dəfə İstanbuldakı “Duty free”də “Adidas”ın ayaqqabısına 28 avro vermişdim. Halbuki yeni çıxan həmin ayaqqabı Azərbaycandakı eyni markalı idman geyim mağazasında 62 manata idi. Deməli, xaricin ən bahalı “duty free”ləri belə Bakının mərkəzində yerləşən mağazalardan ucuzdur. Həmin mal Bakıdakı “duty free”də olsa, yəqin daha baha olardı”.

Fəridə Əliyeva deyir ki, xaricdəki brendlər Bakıdakından təkcə qiymətdə yox, rənglərinə görə də fərqlidir: “Tbilisidəki “Massimo Dutti”, “Zara”, “Aldo”, “Next”-ə girirsən ürəyin açılır rəngarənglikdən. Bakıda isə adətən qara, boz rənglər olur. Bir dəfə maraqlandım. Bunu alıcılıq qabiliyyəti ilə əlaqələndirdilər. “Bakıda insanlar daha çox tünd rənglərə üstünlük verirlər” – dedilər. Endirim vaxtı qiymətlər də vacib amildir. Məsələn, burada endirim kəskin hiss olunur. Bilirsən ki, 70 manatlıq şey düşüb oldu 25 manata. Amma Bakıda endirim vaxtı belə əvvəlki qiymətlərdən kəskin fərq hiss edilmir”.

İqtisadçı ekspert Natiq Cəfərli brend geyimlərin Azərbaycandakı bahalığını gömrük rüsumlarının yüksək olması ilə əlaqələndirir: “Gömrük rüsumları o qədərdir ki, həmin mallar mağazaya gəlib çıxana kimi qiyməti 2-3 qat artır. Üstəlik, bu mağazaların ticarət dövriyyəsi o qədər də yüksək deyil. Ona görə də xaricdəki qiymətlərdən kəskin fərqlənir”.


İnternetdən alış-verişin avantajı

Cəlalə Osmanlı isə əksər alış-verişlərini internet üzərindən edir. Deyir, bizdəki məhsullar istər brend olsun, istərsə də digərləri xaricdəkindən bahadır. Ancaq endirim vaxtı alsan ya qabağa düşə bilərsən, ya da həmin məhsulu cuzi fərqlə alarsan: “Məsələn, uşaq geyim mağazası “Mothercare”-ni götürək. Qeyri geyim mallarına ildə 1 ya 2 dəfə ancaq 20 faiz endirim edir. Bu endirim belə öz ölkəsindəki gündəlik qiymətdən baha olur. Həmin brendin geyimlərini ancaq 50-70 faizlik endirimdə almaq sərf edər. Ancaq 20 faizdən artıq endirim etmirlər. İdman mağazalarında da durum eynidir. “Nike” qonşu Türkiyə ilə müqayisədə bizdə bahadır. Hardasa yarıbayarı. Bundan başqa, bizdə hər hansı brendin, məsələn “”Nike”ın “air max”larına müxtəlif idman dükanında müxtəlif qiymətə rast gəlmək olur. İstanbulda isə bu mümkün deyil. İstənilən AVM-də, istənilən dükanda bir mal eyni qiymətə olur. Xaricə getmək imkanı tez-tez ələ düşmədiyindən, mən brend geyimləri internetdən sifariş verirəm. Həm alış-verişə az vaxt gedir, həm də ucuz başa gəlir”.

Bakıdakı baha qiymətlərdən hərə bir çıxış yolu tapıb. Kimi yalnız xaricdən alış-veriş edir, kimi 70 faiz endirim vaxtını gözləyir, kimi də çarəni internetdən sifariş verməkdə tapır. Təbii həm Bakıda yaşamaq, həm də brend geyinmək asan iş deyil.

Ana səhifəXəbərlərBakının brend mağazaları…