Bakıda “Saleh Rüstəmova azadlıq” tələbi ilə aksiya keçiriləcək

Saleh Rüstəmov, Foto: Meydan TV

Təşkilatçılar İcra Hakimiyyətinə müraciət ediblər

Dekabrın 1-də Bakının “Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiya keçirilməsi nəzərdə tutulur.

Saat 15:00-da nəzərdə tutulan aksiyanın təşkilatçıları ictimai fəallar Mete Türksoy və İlkin Rüstəmzadədir.

İctimai fəal Mete Türksoy Meydan TV-yə bildirib ki, aksiya hansısa partiya tərəfindən təşkil edilməyib: “Aksiyanın keçirilməsini biz təklif etmişik, iştirak da fərdidir. Hansısa partiya, yaxud kimlərsə istəyirsə, qatıla bilər”.

O deyib ki, əsas tələbləri Saleh Rüstəmovun azadlığa buraxılmasıdır: “ Saleh Rüstəmov 25 gündür ki, aclıq aksiyası keçirir. Hər an həyatını itirə bilər. Ona görə də əsas tələbimiz onun azadlığa buraxılmasıdır”.

M.Türksoy Bakı Şəhər İcra Hakimiyyətinə onlayn qaydada müraciət etdiklərini, bu gün isə poçtla xəbərdarlıq məktubu göndərəcəklərini bildirib.

S.Rüstəmov 25 gündür ki, aclıq aksiyası keçirir.

Noyabrın 25-də vəkili Bəhruz Bayramov onunla görüşüb.

Vəkil artıq S.Rüstəmovda sümük ağrılarının  başladığını söyləyib:

“Saleh bəy gecəni yatmayıb. Bu gün quru aclığa keçmək istəyirdi. Xahiş etdim ki, olmaz, çünki ağır fəsadları ola bilər. Penitensiar Xidmətin həkimləri Saleh Rüstəmova səhhətinin ağır olduğunu və davam edərsə, böyrəklərinin sıradan çıxması təhlükəsinin yaranacağını deyiblər. Quru aclığa keçsə, 12-15 saat sonra komaya düşəcək”.

Milli Məclisin  İnsan Haqları Komitəsinin sədri Zahid Oruc dünən deyib ki, Amnistiya Aktı S.Rüstəmova tətbiq edilə bilər.

Noyabrın 26-da vəkil Bəhruz Bayramov professor Adil Qeybullanın Saleh Rüstəmovu müayinə etməsi ilə bağlı Penitensiar Xidmətə müraciət edib, amma ona cavab verilməyib.

Onun azad edilməsi ilə bağlı ötən həftə QHT nümayəndələri, hüquqşünaslar, jurnalistlər çağırış etsələr də, heç bir rəsmi reaksiya yoxdur.

Noyabrın 27-də AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı, D18 Hərəkatı, NİDA Vətəndaş Hərəkatı, AXCP Gənclər Komitəsi və REAL Gənclər Birliyinin təşəbbüsü ilə “Saleh Rüstəmovun Hüquqlarının Müdafiəsi Komitəsi” yaradılıb.

Komitə Saleh Rüstəmovun hüquqlarının müdafiəsini koordinasiyalı şəkildə təşkil edib, bununla bağlı müvafiq addımlar atacağını açıqlayıb.

Xalq Cəbhəsinin hakimiyyəti dövründə (1992-1993) Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunub.

Saleh Rüstəmov 1998-ci ildən Rusiyada yaşayıb.

O, 2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gəlib və Şəmkirdə saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.

İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pulları leqallaşdırmaqda ittiham olunublar.

İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib. Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd ediblər.

Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.

Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib.

Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Ana səhifəSiyasətBakıda “Saleh Rüstəmova azadlıq” tələbi ilə aksiya keçiriləcək