Bakıda qatarların üstünə şəkil çəkən əcnəbi həbs olunub

Foto: DİN

Turistlər dövlət əmlakına qəsdən ziyan vurmaqda ittiham edilirlər

“Bakı Metropoliteni”nin deposunda qatarları boyamaqda – onların üstünə şəkil çəkməkdə ittiham edilən Fransa vətəndaşı Clerc Theqo Huqo həbs olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, dövlət əmlakına qəsdən ziyan vurmaqda ittiham olunur.

Onunla yanaşı, daha iki əcnəbi – Avstraliya vətəndaşı P.Han Paul və Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent də eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunub. Lakin istintaq dövrü üçün onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən xarici vətəndaşların martın 30-da gecə saatlarında metro qatarlarının dayandığı depoya gizli daxil olub, bir neçə vaqonu boyadıqları və bununla da dövlət əmlakına ziyan vurduqları iddia olunur.

Daxili İşlər Nazirliyi bir neçə qatarın üstünə şəkil çəkilməsi nəticəsində dəymiş ziyanın məbləğinin 4850 manat olduğunu açıqlayıb.

Cinayət məsuliyyətinə cəlb olunan Fransa, Avstraliya və Yeni Zelandiyadan olan 3 nəfərin Azərbaycana turist kimi gəldiyi bildirilir.

Təqsirləndirilən şəxslərin ittihama münasibəti məlum deyil.

Ana səhifəSosialBakıda qatarların üstünə şəkil çəkən əcnəbi həbs olunub