14 yanğınsöndürən texnikası və 61 şəxsi heyəti hadisə yerinə cəlb olunub
Bu gün səhər Bakının Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Əraziyə 6-a yaxın yanğınsöndürən texnikası cəlb olunub.
İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır. Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir. Yanğın getdikcə şiddətlənib.
Hadisə ilə bağlı qərargah yaradılıb. Daha sonra yanğının qarşısını almaq üçün baş verən əraziyə əlavə texnika və şəxsi heyət cəlb olunub. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin 14 yanğınsöndürən texnikası və 61 şəxsi heyəti hadisə yerinə gəlib.
Yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bakı vaxtı ilə saat 12:30 radələrində yanğının qarşısı alınıb. Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.
Hələlik itki və dəymiş ziyanla bağlı məlumat verilməyib.