XİN təmas xəttində baş verənlərə görə Yerevanı qınayır
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə məlumatı təsdiqləyib.
Ancaq rəsmi Bakı iyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçiriləcək görüşə hələ yekun razılıq verməyib.
Bu barədə mayın 11-də Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.
A.Hacızadə xatırladıb ki, 2022-ci ildə Brüsseldə Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə görüşüb:
“Ötən ilin dekabrında məhz erməni tərəfi Brüsseldə eyni formatda görüşdə iştirakdan imtina edib. Kişinyovda Avropa siyasi birliyinin növbəti iclası çərçivəsində Fransanın və Almaniyanın liderlərinin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş təklif olunub. Azərbaycan bildirib ki, Kişinyovda qeyri-formal görüşdə iştirak Brüssel formatının saxlanılması şərtilə mümkündür. Ona görə də Kişinyov görüşünə hələlik yekun razılıq verilməyib, çünki bu görüşün formatı ətraflı açıqlanmayıb”.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bildirib ki, mayın 14-də Brüsseldə Azərbaycanla sülh müqaviləsinin imzalanacağına az ehtimal var.
Amma bununla belə Baş nazir Brüsselə getmək qərarının dəyişmədiyini də əlavə edib.
Bu gün Ermənistan və Azərbaycan sərhədində atəşkəsin pozulması nəticəsində tərəflər itkiyə məruz qalıb.
Bildirilir ki, Azərbaycanın bir əsgəri həlak olub, biri yaralanıb, Ermənistan tərəfdən isə 3 əsgər yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 11-də yaydığı açıqlamada gərginliyin sülh sazişi üzrə danışıqların intensivləşdiyi bir dövrdə baş verdiyini vurğuayıb.
XİN bildirib ki, liderlər arasında gözlənilən danışıqlar fonunda Ermənistanın bu addımı Yerevanın sülh prosesində maraqlı olmadığından xəbər verir:
“Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır”.