Rövşən Hacıbəyli
Baş nazir Əli Əsədov onu Konstitusiyanın 119-cu maddəsinin olmayan 8-ci abzasını rəhbər tutaraq cəzalandırıb
Bu il oktyabrın 8-də Əli Əsədovun baş nazir təyin edilməsinin 5 ili tamam olur. İlk yubiley saymaq olar. O, Azərbaycan Respublikasının 10-cu baş naziridir. Ona qədər olan baş nazirlər içərisində ən uzunömürlüsü Artur Rasizadə olub. O, 22 il bu postu əlində saxlayıb, düzdür, arada 3 aylığa yerini İlham Əliyevə verib, ancaq onun varlığı ilə yoxluğu heç vaxt bilinməyib; uzun illər bu baş nazir olsa da. Yeri gəlmişkən, qısamüddətli baş nazirlərimiz də olub. Əli Məsimli baş nazir səlahiyyətlərini 2 ay 20 gün icra edib, Pənah Hüseynsə 63 gün baş nazir olub.
Araşdırmalarımız göstərir ki, Ə.Əsədov baş nazir olduğu 5 il ərzində tabeliyindəki qurum rəhbərləri ilə çox humanist davranıb, heç kimin xətrinə dəyməyib, heç kimə güldən ağır söz deməyib. Zahid Oruc sorğu keçirsə, bəlli olacaq ki, ölkə əhalisinin çoxu baş naziri tanımır. O, onun rəhbəri olduğu Nazirlər Kabineti daha çox COVİD dönəmində (Azərbaycanda bu dönəm hələ bitməsə də, NK yenə əvvəlki halına qayıdıb, yəni varlığı bilinmir) məşhur olub. 5 illik baş nazirliyi vaxtında, yəni bu günə qədər (8 oktyabr 2019 – 7 oktyabr 2024) o, 1841 sərəncam imzalayıb.
Bu qədər sənədin içərisində diqqəti çəkən sonuncu sərəncamdır. Nədən? Çünki Əli Əsədovun sərəncamları içərisində yalnız 1841-ci cəza sərəncamıdır. Bu sərəncamla o, “Azərenerji” prezidenti Baba Rzayevə şiddətli töhmət verib. Yəni Baba müəllimə qədər heç bir vəzifəli cəzaya layiq iş görməyib? Bütün nazirlər, komitə sədrləri, agentlik rəhbərləri aydan arı, sudan durudur? Heç inandırıcı deyil, dəfələrlə kimlərinsə işdən çıxarıldığını görmüşük, xeyli korrupsiya faktları olub, korrupsiya, rüşvət ittihamı ilə tutulanlar da var. Elə rəhbərlər var ki, ona bir yox, bir neçə dəfə şiddətli töhmət vermək olardı, ancaq nədənsə bu 5 ildə baş nazir onların heç birinə “gözün üstə qaşın var” deməyib. İndi birdən-birə belə addım atmaq şübhəli görünür. Bu işdə hansısa qaranlıq məqamlar var…
Yox, qabaqca o sərəncamla bütövlükdə tanışlığın oxucularımız üçün də maraqlı olacağını düşünürük, buyurun:
B.H.Rzayevə şiddətli töhmət elan edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq:
1. 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 oktyabr 2024-cü il
Sərəncamda göstərilən səbəb çox ciddidir, razılaşdırmadan elektrik enerjisi ixrac etmək nə deməkdir? Çox təəssüf, sərəncamda Baba Rzayevin nə qədər və hara elektrik enerjisi ixrac etdiyi yazılmayıb. Miqyası da bilmirik, bəlkə, elə də çox deyil, ancaq görünür, icazəsiz olması baş naziri (ya da baş nazirə göstəriş verəni) qəzəbləndirib. Belə düşünə bilərdik, başqa səbəblər olmasaydı. Bizim ölkədə baş nazirin olub-olmadığını çoxu bilmir, çünki onun fəaliyyəti ilə bağlı çox nadir hallarda AzTV-lər xəbər verir. Baxmayaraq ki, ölkənin 33 qurumu bu nazirliyə tabedir, ancaq onlardan neçəsinin bu tabeliyi qəbul edib-etmədiyini də bilmirik.
Yuxarıda vurğuladıq, 5 illik baş nazirliyi dövründə Əli Əsədov bu qurum rəhbərlərindən heç birinin xətrinə dəyməyib, şiddətli töhmət nədir, onlara adi töhmət, xəbərdarlıq belə verməyib.
Bəs Baba Rzayev hansı böyuk suç işlədib ki, anındaca belə ciddi cəzalandırılıb? Burada bir maraqlı məqam da var, görünür, sənəd çox tələsik hazırlanıb, yəni qəfildən, kim bilir, bəlkə də, gecəylə belə bir əmr vermək tapşırığı gəlib. Sərəncamda baş nazir Əli Əsədov Baba müəllimi Konstitusiyanın 119-cu maddəsinin 8-ci abzasını rəhbər tutaraq cəzalandırıb, ancaq Konstitusiyanın 119-cu maddəsi 7 abzasdan ibarətdir, orada 8-ci abzas yoxdur. Olmayan abzasa görə adamı niyə cəzalandırsınlar ki?! Mənə elə gəlir, ədalət üçün qabaqca o abzası Konstitusiyanın 119-cu maddəsinə salıb sonra cəza vermək olardı. Belə baxanda, Baba müəllim sözəbaxan prezidentə oxşayır, nə desələr, “baş üstə” …
Diqqətli oxucular, ya da mənim kimi AzTV izləyiciləri görmüş olar. Bu günlərdə Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyevanın Cəbrayıl və Zəngilana səfəri zamanı açılışların biri “Azərenerji” prezidenti Baba Rzayevin iştirakı ilə oldu. Oktyabrın 3-də Zəngilandakı “Sarıqışlaq” Su-Elektrik Stansiyasının açılışını deyirəm. Mənə elə gəlir ki, şiddətli töhmətin səbəbini orada axtarmaq gərəkdir. Nə baş vermişdi, hansı çatışmazlıq, hansı gizlinlər var idi? Bilmirik…
Bilənlər xəbər eləsin…