Bəxtiyar Hacıyev: “Siyasi məhbuslar azad olunmadan təzyiq dayanmayacaq”

İllüstrasiya: Meydan TV

Siyasi fəal Bəxtiyar Hacıyev saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsindən yazır:

Dünən AŞPA, bu gün Avropa Parlamenti… Növbədəki?

Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixdə qəbul etdiyi qətnamənin də, bundan öncə AŞPA-da, Avropa Parlamentində qəbul edilən və Azərbaycan hakimiyyətinin sərt reaksiyasına səbəb olan sənədlərin 2 əsas xətti var:

1. Azərbaycanda insan hüquqlarının durumu və siyasi motivlərlə həbs olunmuş şəxslərin azadlığı məsələsi;
2. Qarabağda yaşamış ermənilərin hüquqlarının bərpası və erməni əsilli məhkumların məsələsi.

Azərbaycan hakimiyyəti bu sənədləri erməni lobbisinin təsiri ilə qəbul edilmiş, ölkəmizin daxili işlərinə müdaxilə edən, təzyiq aləti kimi istifadə edilən sənədlər kimi qəbul edərək əvvəlcə AŞPA ilə, sonra AP ilə əməkdaşlığı dayandırmaq qərarı verdi.

Qısa müddətdə bu yanaşma anlaşılan olsa da, uzun müddətli perspektivdə Azərbaycan hakimiyyətinin və Milli Məclisin tam təcridinə gətirəcək strateji xətadır. Belə ki, bu sənədlər erməni diasporu və lobbisinin təsiri ilə qəbul edilirsə, dünyanın digər aparıcı dövlətlərində yaşayan erməni diasporu və erməni lobbisi bu prosesi davam etdirəcək, növbə ilə müxtəlif ölkələrin qanunverici orqanları, beynəlxalq təşkilatlar bənzər sənədlər qəbul edəcək. İndiki yanaşma ilə biz asan yolu seçərək sıra ilə ayrı-ayrı ölkələrin parlamentləri ilə əlaqələri kəsərək, parlamentlərarası təşkilatların və dostluq qruplarının işində iştirakdan imtina edərək tam özünü təcridə nail olacağıq.

Bu yanlış yanaşmanın təməli 2016-cı ildə Avropa Parlamentinin qəbul etdiyi bənzər tənqidi qətnaməyə reaksiya kimi atılıb. Həmin ərəfədə təsisçisi olduğum qurum vasitəsilə xaricdə təhsil alan gənclərimizin Avropa Parlamenti başda olmaqla aparıcı Qərb qurumlarında təcrübə proqramına start vermişdik.

Gənclərimiz bir neçə ay Avropa Parlamentində deputatların ofislərində təcrübəçi kimi çalışır, zaman-zaman orada və digər qurumlarda iş təklifləri alırdılar, eyni zamanda kritik məqamlarda ölkəmizin maraqlarının qorunmasına töhfə verirdilər. Bu proqram həm də Azərbaycan gəncləri vasitəsilə qərb qərarvericiləri arasından ölkəmizə yeni-yeni dostlar qazandırırdı. Təəssüf ki, Avropa Parlamentinin o zamankı bir qətnaməsinə etiraz olaraq hakimiyyətin sərt xəbərdarlığından sonra bu proqramı dayandırmalı olduq. Beləliklə də özünü təcrid siyasətinin təməli qoyuldu, bənzər qətnamələrin lehinə səs verən siyasətçilərin sayı yüzlərlə artdı. Halbuki, son on il ərzində bu və buna bənzər proqramlar davam etsə idi, yüzlərlə savadlı, bacarıqlı gənclərimiz Avropa qurumlarında, aparıcı beyin mərkəzlərində çalışsaydılar, bu gün tam fərqli mənzərənin şahidi olardıq.

Son qətnamələrə hakimiyyətin verdiyi reaksiyalarda ikinci strateji xəta insan hüquqlarının ölkəmizin daxili işi olması, təzyiq aləti kimi ölkəmizə qarşı istifadə olunması fikridir. İnsan hüquqları heç bir halda heç bir ölkənin daxili işi olmamalıdır, universal dəyər kimi qəbul edilməlidir. Azərbaycan hakimiyyətinin müxtəlif ada dövlətlərində müstəmləkəçilik siyasəti nəticəsində insan hüquqlarının pozulmasını araşdıran təşəbbüslərə dəstək verdiyi kimi, Avropa İttifaqına üzv olan müxtəlif dövlətlərin də Azərbaycanda qanunun aliliyi və insan hüquqları məsələsinə toxunması, siyasi motivlərlə həbs edilmiş şəxslərin azad edilməsinə çağırışlar etməsi tam normaldır.

Azərbaycan hakimiyyəti siyasi fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin siyasi motivli həbslərinin Qərb dairələri və erməni lobbisi tərəfindən ölkəmizə qarşı təzyiq aləti kimi istifadə olunduğunu qəbul edirsə, o zaman bu problemi qısa zamanda ölkə daxilində həll edərək, Azərbaycana qarşı istifadə olunan təzyiq alətlərindən birini aradan çıxarmalıdır, əksinə, yeni həbslərlə bu alətin təsirini artırmamalıdır.

Siyasi məhbus məsələsinin tam, yaxud mərhələli həlli təkcə Azərbaycanın özünütəcrid siyasətini dəyişərək müxtəlif ölkələr və beynəlxalq qurumlarla diplomatik və siyasi münasibətlərinə müsbət töhfə verməyəcək, eyni zamanda ölkə iqtisadiyyatına sərmayə qoyarkən istinad edilən nüfuzlu illik hesabatlarda da müxtəlif indikatorlar üzrə mövqeləri yaxşılaşdıracaq.

Azərbaycan hakimiyyətinin özünü təcrid, küskünlük və emosional reaksiyalar mərhələsinə son qoyaraq, proaktiv və rasional mərhələyə başlaması üçün bu ayın sonuna təsadüf edən iki bayram ərəfəsində ən azından əfv sərəncamı ilə siyasi motivlərlə həbs edilmiş şəxslərin azad edilməsi ən uyğun zamanlama ola bilər. Bu addım həm Ermənistanda keçiriləcək Avropa Siyasi İcmasının toplantısı, həm də Ermənistandakı parlament seçkiləri ərəfəsində sülh quruculuğu işinə də dolayısı ilə töhfə verəcək addımlar üçün münbit şərait yarada bilər.

Ana səhifəHəbsxanadan məktublarBəxtiyar Hacıyev: “Siyasi məhbuslar azad olunmadan təzyiq dayanmayacaq”