Dövlətə xəyanət ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilən, Çexiyanın Karlova Universitetinin doktorantı Bəhruz Səmədov bu gün nənəsi Zibeydə Osmanovaya zəng edərək təcili Umbakı həbsxanasına gəlməsini istəyib.
O, telefon danışığı zamanı sabah keçiriləcək məhkəmə prosesinə qatıla bilməyəcəyini vurğulayıb.
Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
O, iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.
Zibeydə Osmanova Meydan TV-yə açıqlamasında bildirir ki, telefon zəngindən sonra o bu gün Bəhruzla görüşüb.
“Mənə dedi ki, sabah məhkəməyə getməyəcəm. Bir az arıqlayıb, kefi yox idi. Elə əsas onu deyir ki, sülh müqaviləsi bağlayırlar, niyə məni buraxmırlar azadlığa?”.
Nənəsinin sözlərinə görə, Bəhruz Səmədov həm də məhkəmələrin qapalı keçirilməsindən narahat olduğunu vurğulayıb:
“O [Bəhruz ] bundan narahatdır, narazıdır. “Mənim günahımı sübut etmirlər, edə bilmirlər. Qapalı məhkəməyə mən niyə getməliyəm?” – deyir”.
Bəhruz həm də bildirib ki, məhkəmələr qapalı keçirilməyə davam edərsə, prosesə getməkdən birdəfəlik imtina edəcək.
“Bəlkə də onu məcburi apararlar. Onu deyə bilmərəm. Amma özü mənə dedi ki, getməyəcəyəm məhkəməyə”, – nənəsi belə deyib.