Bakı–Tbilisi qatarı: geri dönüşsüz yol, bahalı bilet, əlçatmaz səfər, yoxsa “böyük lütf”?

Bakı-Tbilisi qatarı. İllüstrasiya: Chatgpt

Bir neçə gün əvvəl Bakı-Tbilisi-Bakı marşrutu üzrə yüksək tələbatı nəzərə alan “Azərbaycan Dəmir Yolları” (ADY) qatara əlavə bir vaqon qoşduğunu elan edib. Lakin mövcud vəziyyət o qədər dərinləşib ki, əlavə ediləcək bir neçə vaqon belə vətəndaşları bu problemdən xilas edə bilməz.

Bakı-Tbilisi marşrutu üzrə satışa çıxarılan “Komfort” və “Komfort+” siniflərinə aid biletlər cəmi bir neçə dəqiqə ərzində tükənir və sərnişinlər bilet tapa bilmirlər. Yalnız daha baha olan “Lüks” sinfi üzrə biletləri əldə etmək mümkün olur. Tbilisidən Bakıya geri dönüş marşrutu üzrə isə bilet satışı faktiki olaraq dayanıb. Halbuki sosial mediada geri qayıdan qatarlarda xeyli boş yerlərin qalmasına dair paylaşımlar edilir.

Məsələn, ADY-nin saytında iyul ayı üçün Bakı-Tbilisi reysi üzrə 196–210 manat arasında dəyişən bilet qiymətlərinə ara-sıra rast gəlsək də, geri dönüş üçün bir neçə həftə ərzində etdiyimiz bütün cəhdlərdə yalnız “Bütün biletlər satılıb” yazısı ilə qarşılaşdıq.

Sosial mediada yayılan iddialara görə, biletlər “qara bazar”da maklerlər və bəzi tur şirkətləri tərəfindən əvvəlcədən alınır. İddia olunur ki, ADY elan olunan günlərdə biletləri gecə saat 00:30-da satışa çıxarır və cəmi bir neçə dəqiqə sonra sistemdə “Biletlər satılıb” bildirişi görünür.

Tbilisi-Bakı istiqamətinə biletlərin satışı sistemdə niyə görünmür?

Meydan TV əməkdaşı məsələni araşdırmaq üçün bir neçə tur şirkəti ilə müştəri qismində əlaqə saxlayaraq Gürcüstana qatarla səfər etmək istədiyini bildirdi. Həmin şirkətlərin elanlarında Gürcüstan turları məhz dəmir yolu vasitəsilə təklif olunurdu. Lakin əlaqə saxladığımız bir neçə tur şirkətindən eyni cavab gəldi: “Azərbaycan Dəmir Yolları” tərəfindən Tbilisi-Bakı istiqaməti üzrə bilet satışı dayandırılıb”, “ADY Tbilisi-Bakı istiqamətində biletlərinin satışını sistemdən çıxarıb”.

Bu səbəbdən geri dönüş üçün yalnız təyyarə yolunu təklif edirdilər. Tur şirkətləri bunun səbəblərini özlərinin də bilmədiklərini dedilər.

Daha sonra sosial şəbəkələr vasitəsilə “makler” kimi tanınan şəxslərdən bilet axtarmağa başladıq. Maraqlıdır ki, onların elanlarında həm Azərbaycan, həm də Gürcüstan mobil nömrələri qeyd olunub. Bizə ilkin olaraq bildirildi ki, Tbilisi-Bakı istiqaməti üzrə biletlər 280 manata başa gələ bilər. Bu alqı-satqı prosesinin necə həyata keçirildiyini öyrənmək üçün bilet almağa razılıq verdik. Bundan sonra həmin şəxslər iyun və iyul ayları üçün Tbilisi-Bakı istiqaməti üzrə bütün biletlərin artıq satıldığını bildirdilər. Onların sözlərinə görə, ADY sistemi yenidən açacağı təqdirdə bizi məlumatlandıra bilərlər. Maraqlıdır ki, onlar da bizə geri dönüş üçün hər ehtimala təyyarə bileti almağı tövsiyə etdilər.

Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu göndərdik. Lakin qurum suallarımızı cavabsız qoydu.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, problemin köklü həlli quru sərhədlərin tam şəkildə açılmasındadır:

“Nə qədər vaqon əlavə edilsə də, Bakı-Tbilisi qatarı hazırda cəmi 118 sərnişinə xidmət edir. Bu isə kifayət deyil. Faktiki olaraq, bir təyyarənin daşıdığı sərnişin sayı qədərdir. Sanki sadəcə əlavə bir təyyarə reysi açılıb. Problemin köklü həlli quru sərhədlərin tamamilə açılmasıdır. Bu halda bilet qiymətləri də normallaşacaq”.

İqtisadçı təklif edir ki, ilkin mərhələdə avtobus səfərlərinə icazə verilməsi də vəziyyəti yüngülləşdirə bilər:

“Əgər hazırlıq mərhələsinə ehtiyac varsa, ilk növbədə avtobus reysləri təşkil edilə bilər. Hazırda İran ərazisindən keçməklə Naxçıvana avtobus səfərləri həyata keçirilir. Faktiki olaraq, həmin marşrutda da quru sərhədlər avtobuslarla keçilir. Eyni məntiqlə Gürcüstana da avtobus səfərlərinin təşkili yaxşı olardı. O zaman hazırda mövcud olan problemlər aktuallığını itirəcək”.

Əlaqələrin süqutu – gediş-gəliş kəskin azalıb

Azərbaycan artıq altı ildir quru sərhədlərini bağlı saxlayır. Bu məhdudiyyətlərə dəmir yolu ilə gediş-gəliş də daxildir. Bununla bağlı gətirilən arqument isə reallıqdan çox uzaqdır: Rəsmi izah kimi COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminin davam etdirildiyi göstərilir. Təkcə Naxçıvan sakinləri üçün Türkiyəyə quru sərhədini keçmək imkanı yaradılıb. Lakin bu “imtiyazdan” yalnız şəxsiyyət vəsiqəsində Naxçıvan qeydiyyatı olan vətəndaşlar yararlana bilir.

Nəhayət, 2026-cı il mayın 25-də Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu xəttinin açılışı ictimaiyyətə böyük bir “lütf” kimi təqdim edildi. Halbuki bu prosesdə ən böyük təşəbbüs Gürcüstan hökuməti tərəfindən olub. İllər boyu bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsiz qalıb, İlham Əliyev hakimiyyəti Gürcüstan hökumətinin müraciətlərini cavabsız qoyub. Hətta Tbilisinin hər il may ayında xəttin açılacağına dair açıqlamaları olsa da, Azərbaycan tərəfi bu istiqamətdə yayılan məlumatları ardıcıl şəkildə təkzib edib.

Halbuki qonşu ölkələrdə yaşayan azərbaycanlı soydaşlarımız illərdir ciddi məhdudiyyətlər altında qalıb. Onların Azərbaycanla qohumluq və sosial əlaqələri mövcuddur. Ölkənin sərhəd bölgələrində yaşayan insanların dolanışığı da məhz sərhədyanı ölkələr üzərində qurulmuşdu. Artıq altı ildir ki, insanlar öz doğmalarından uzaq düşüb, el dili ilə desək, bir-birinin xeyrinə-şərinə gedə bilmir, qardaş, bacı, valideyn və övladlar illərdir bir-birinə həsrət qalıb.

Quru sərhədlər bağlanmazdan əvvəl – 2019-cu ildə Azərbaycana gələn əcnəbi vətəndaşların təxminən 23 faizini Gürcüstandan gələnlər təşkil edib. Onların böyük əksəriyyəti Azərbaycanda yaşayan qohumlarını ziyarət etmək və ya işləmək məqsədilə gəlirdi. Həmin il Gürcüstandan Azərbaycana gələnlərin sayı 725 mindən çox olub. Onların 600,9 mindən artığı turizm məqsədli səfərlər idi. Digərləri rəsmi səfərlər, dövlət tədbirləri üçün gələn insanlar və yük daşımalarında işləyən sürücülər olub.

2025-ci ilin son rəsmi məlumatlarına görə isə Gürcüstandan Azərbaycana gələnlərin sayı 110 min nəfərdən bir qədər çox olub. Bu göstərici ölkəyə gələn ümumi əcnəbilərin payında 4 faizə qədər düşüb. Onların da cəmi 64,2 mini turizm məqsədilə səfər edib.

Beləliklə, Gürcüstandan Azərbaycana gələnlərin sayı ötən illərlə müqayisədə təxminən 7 dəfə, turizm məqsədli səfərlər isə 9 dəfədən çox azalıb. Bu isə birbaşa iqtisadiyyat, turizm sektoru  üçün itkidir. Bir vaxtlar “Binə” və “Sədərək” kimi ticarət mərkəzlərində fəaliyyət göstərən gürcüstanlı sahibkarlar söhbət zamanı bildirirlər ki, onların əsas alıcı kütləsini Dağıstandan gələn müştərilər təşkil edirdi. Sərhədlərin bağlanması ilə bu bazar faktiki olaraq itib. Nəticədə bir çox sahibkar burada biznesini dayandırıb, ya da Gürcüstana və digər qonşu ölkələrə köçürüb. Eyni zamanda ailə üzvləri ölkədə qalma müddətləri bitdikdə sərhədi keçmək üçün hər dəfə bahalı təyyarə biletləri almağa məcbur qalırdılar.

Qeyd edək ki, pandemiyadan əvvəl – 2019-cu ildə Gürcüstana gedən azərbaycanlıların sayı 1,6 milyon nəfərdən çox olub. Onların 1,3 milyonu quru sərhəddən istifadə edib. Demək olar ki, turizm məqsədilə gedənlərin hamısı quru yolu seçib. O vaxt statistikadan görünür ki, Gürcüstan Azərbaycan vətəndaşları üçün ən əlçatan istirahət məkanlarından biri olub.

2025-ci ildə isə Gürcüstana gedən azərbaycanlıların sayı 226 min nəfərə düşüb. Onların 57 faizi turizm məqsədilə səfər edib. Bu kateqoriyanın böyük əksəriyyəti yaxınların, doğmaların və qohumların ziyarətidən ibarətdir. Qalan 43 faiz isə rəsmi nümayəndələr, diplomatlar, yükdaşıma sektorunda çalışanlar və mövsümi işçilərdir.

Belə görünür ki,  soydaşlarımızın yaşadığı çətinliklərə Gürcüstan tərəfi Azərbaycan dövlətini idarə edən məmurlardan daha həssas yanaşır.

“Filan sayda xidmətləri olan qatarı təklif etmək və bunu lütf kimi qiymətləndirmək… ”

Bu gün isə açılan dəmir yolu xətti ictimaiyyətə “hökumətin  qayğısı” kimi təbliğ olunur. “Azərbaycan Dəmir Yolları” Bakı-Tbilisi-Bakı reysi üzrə biletlərin 81 manatdan başlayacağını bildirsə də, hələ ki bu qiymətə bilet alan yoxdur. Bakıdan Tbilisiyə sərnişin qatarı üzrə bir istiqamətdə biletlərin qiyməti 200-220 manat aralığına çatıb.

Əslən Gürcüstandan olan jurnalist Alya Yaqublu Meydan TV-yə açıqlamasında bildirdi ki, Bakı-Tbilisi qatar yolunun açılması müsbət hadisə olsa da, bu, problemin həlli demək deyil:

“Bilet qiymətləri orta statistik Azərbaycan vətəndaşının, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlıların cibinə uyğun deyil. Buradan Gürcüstana istirahətə gedənlər üçün daha uyğun variant ola bilər. Çünki təyyarə ilə müqayisədə qatar daha ucuzdur. Bayramlarda, yay aylarında 100 minlərlə azərbaycanlı ora istirahətə gedir. Bu qiymət adamlar üçün əlverişlidir. Çünki onların səfəri daha ucuz başa gələcək. Amma qohumları və ailəsi Gürcüstanda yaşayan azərbaycanlılar üçün bu qətiyyən uyğun qiymət deyil. Təyyarə ilə niyə gedə bilmirdilərsə, qatarla da ona görə gedə bilməyəcəklər. İndi kiminsə yası düşər, toyu olar, məcbur qalıb gedənlər olacaq, amma bunlar çox az faiz təşkil edəcək. Təyyarə ilə də belə idi. Bu adamlar üçün yenə heç nə dəyişmədi”.

A.Yaqublu da problemin həlli üçün ən optimal variantın quru yolların açılmasında görür:

“Azərbaycan xalqı digər xalqlar kimi lüks qatarlara layiqdir. Amma onun gəliri nəinki lüks qatara, heç lüks yaşayışa, lüks qidalanmaya da yetmir. İndi onlara Wi-Fi olan, filan sayda xidmətləri olan qatarı təklif etmək və bunu lütf kimi qiymətləndirmək doğru deyil. Azərbaycanda gəlir səviyyəsi də, orta aylıq əməkhaqqı və minimum əməkhaqqı alanların vəziyyəti də bəllidir. Orta aylıq əməkhaqqı alanların sayı azdır. İnsanların gündəlik yaşam xərcləri üçün hansı çətinliklərlə üzləşdiyi də məlumdur. Bununla bağlı statistika da var. İndi 81 manatdan başlayıb 200 manata qədər qiymətləri olan biletlər bu insanlar üçün əlçatmazdır. Üstəlik, 81 manata olan biletlər satışda olmadı. Bilet almaq istəyənlər deyirdilər ki, qiymətlər yüksəkdir. Yasa, toya gedə bilməmək var, öz doğma vətəninə istədiyin vaxt gedə bilməmək var. İndi əhalinin imkanlı təbəqəsi üçün əlçatan variant ola bilər. Digərləri isə bu problemləri yaşamaqda davam edəcək”.

Ana səhifəİqtisadiyyatBakı–Tbilisi qatarı: geri dönüşsüz yol, bahalı bilet, əlçatmaz səfər, yoxsa “böyük lütf”?