Azyaşlının atası: Qız evlənmək yaşına çatanda toylarını edəcəyik (yenilənib)

”Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayət etmişəm”

Source:


***



Daxili İşlər Nazirliyi

Lerikdə yeniyetmə qızın zorlanması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.



Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansuzadə APA-nın sorğusuna cavabında bildirib ki, yeniyetmə qızın təcavüzə məruz qalması barədə Lerik rayon Polis Şöbəsinə, eləcə də nazirliyin digər aidiyyəti sutrukturlarına hər hansı məlumat və müraciət daxil olmayıb:


“Yeniyetməyə qarşı zorakılıq etməkdə adı hallanan şəxsin evinə hücum olması barədə yayılan məlumatlar da həqiqətdən uzaqdır və bu iddialar təxribat xarakterli dezinformasiyalardır”


***


”Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayət etmişəm”

İyunun 19-da sosial şəbəkələrdə Lerikdə məmur övladının 13 yaşlı qızı zorlaması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, həmin şəxs “Azərişıq”-ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu və sürücüsü, 25 yaşlı Elnur Elman oğlu Məmmədovdur. O, qonşuluqda yaşayan 13 yaşlı qızı zorlayıb.

Məlumatda o da bildirilirdi ki, o, qızın videolarını çəkib və uzun müddət şantaj edib. Qız da qorxusundan başına gələnlərə susub, səsini çıxarmayıb. Ancaq hamilə olduğu anlaşılandan sonra heç nəyi gizlətmək mümkün olmayıb. 7-ci sinif şagirdinin 4 aylıq hamilə olduğu bildirilir.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Lerik Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarədən səhərdən bu hadisə ilə bağlı çoxsaylı zənglər aldıqlarını, yayılan məlumatın əsassız olduğunu söyləyiblər:

“Hansısa ağzıboş sosial şəbəkədə belə bir məlumat yayıb, hamı bura zəng edir. Ancaq bizə belə bir şikayət daxil olmayıb. Belə işdən xəbərimiz yoxdur”.

Zorlandığı deyilən qızın atası Rasim Təhməzov Meydan TV-yə danışıb. O da yayılan məlumatların əsassız olduğunu söyləyib:

“O adam ki, bunu yayıb onun qızından, anasından, bacısından xəbəri yoxdur. Mənim ailəmə şər atıblar. Belə bir hadisədən söhbət gedə bilməz. Mənim əmim qızı onların gəlinidir, qohumuq, gediş-gəlişimiz var. Özü də qapı qonşumuzdur. O yazıqlar da pis vəziyyətə düşüblər. Deyirlər, Rasim, bu, nə söhbətdir, yayılıb, biz nə edək? Bununla bağlı prezidentə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayət etmişəm. Şər atanlar barədə bir tədbir görsünlər”.

R.Təhməzov onu da qeyd edib ki, qızı hələ uşaqlıqdan həmin oğlanla beşikkəsdi ediblər:

“Qız evlənmək yaşına çatanda toylarını edəcəyik. Kaş ki, mənim ailəm haqqında belə söz-söhbət çıxmayaydı. Şəkər xəstəsiyəm, əsəblərim dözmür. Hazırda da qızımla bərabər Bakıya gəlmişik, müalicə olunuram. Həm də bu söhbətlərlə bağlı aidiyyatı qurumlara müraciət etmişəm. Bunun axırına çıxacam. Şər atanlar cəzasını çəkəcəklər”.

“Qafqazinfo” məsələylə bağlı “Azərişıq”ın Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovla danışıb. Aydın Məmmədov söylənilənlərin ona qarşı qurulmuş təxribat olduğunu deyib:

“Bu xəbəri yayanları məhkəməyə verirəm. Tamam böhtandır. Sübut olunmadığı təqdirdə cinayət işi açdıracam. Bu üsullarla məni şantaj edirlər. Mən Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinə rəisi idim. Bu kampaniya o zaman da davam edirdi. Mən həmin jurnalisti məhkəməyə verdim, cinayət işi açıldı və 2 il 6 ay da həbs verildi. İndi də bu məsələylə bağlı o qəzeti məhkəməyə verirəm. Qoy gəlsinlər, sübut etsinlər”.

Xəbəri ilk yayan, “Talışi Sədo” qəzetinin redaktoru Rafiq Cəlilov isə bildirib ki, zorlandığı deyilən qızın ailəsi artıq Leriki tərk edib:

“Aydın Məmmədov isə dünən həmin qızı evinə aparıb və hər kəsə “gəlinimdir” deyib. Əgər bu hadisə olmayıbsa, onda niyə qızı tələsik evinə aparıb? Dünən mənə Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmuru da zəng edib məsələni araşdırdıqlarını dedi”.

Lerik Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, yetkinlik yaşına çatmayan qızın hamilə qalması ilə bağlı onlara hər hansı bir müraciət daxil olmayıb.

Zorlandığı deyilən qızın təhsil aldığı məktəbin direktoru bildirib ki, Asəf Bədəlov deyib ki, hadisə ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır:

“Bu, cinayət işidir, xahiş edirəm onlarla əlaqə saxlayın. Qız daim dərslərinə gəlirdi, son günə qədər də gəlib”.

A.Bədəlov yetkinlik yaşına çatmayan qızın səhhətində hər hansı bir dəyişikliyin olub-olmaması ilə bağlı sualı eşidən kimi telefonu söndürüb. Daha sonra isə zənglərə cavab verməyib.

Ana səhifəBölgəAzyaşlının atası: Qız evlənmək yaşına çatanda toylarını edəcəyik (yenilənib)