Azərbaycanın kişi feministləri

Azərbaycanın kişi feministləri

Hələ bu yaxınlara qədər Azərbaycanda az adam olardı ki, feminist olduğunu dilə gətirsin. Feminist olanlar isə insanlarda qəzəb oyatmasın, təzyiqlərdən qaçsın deyə, “bərabərlik tərəfdarı” kimi sözlərlə əvəz edir, “feminist” sözünü dilə gətirməkdən çəkinirdilər. Bu sözdən çəkinmənin daha bir səbəbi Azərbaycanda feministlərin çirkin, uğursuz qadınlar kimi, “qarımış qızlar” kimi, feminizmin isə marginal bir hərəkat kimi təqdim edilməsi idi.

Bununla belə, nə qədər təəccüblü görünsə də, son illərdə Azərbaycanda feminist hərəkatlar canlanmağa başladı, bir neçə feminist təşkilat yarandı, hətta feminist olduqlarını açıq deyə bilən kişilər üzə çıxdı.

Əvvəllər mən cinslərarası bərabərliyin nə olduğunu bilmirdim

Elvin Cəbizadənin 28 yaşı var. Rejissor və blogerdir. Nişanlısı jurnalistdir. Elvin bərabərlik ideyasını şəxsi həyatında da dəstəkləyir. Sosial şəbəkələrdə, bloqlarında, rejissor kimi işlərində feminist olduğu kimi, evdə də feministdir. Cəmiyyətin “qadın işləri” kimi qəbul elədiyi ev yığışdırmaq, yemək bişirmək kimi işləri özü edir və bunun qadın işi olduğunu düşünmür. Amma bu, həmişə belə olmayıb.

“Mənim bacım olmayıb. Üç qardaş olmuşuq. Buna görə də, anamıza ev işlərində kömək etmək lazım gəlirdi. Mən də məcbur olub “qadın işləri” görürdüm. Evə yad adam gələndə utanırdım, əlimdəki süpürgəni, döşəməyuyan taxtanı gizlədirdim ki, “qadın işi” gördüyümdən xəbər tutmasınlar. Amma feminizmlə nəzəri olaraq, tanış olandan sonra başa düşdüm ki, mən ayıb, pis, gizlədiləsi heç nə eləmirəm. Olması gərəkən, düz olan elə budur…Bərabərliyin qəbul eləmədiyim zamanlar olmayıb, amma bərabərliyin nə olduğundan xəbərsiz olduğum vaxtlar olub,” – deyir Elvin.

AZIZ9931.MOV.12_47_43_20.Still001.jpg
Elvin Cəbizadə “qadın işlərini” görməyi qəbahətli saymır

Onun fikrincə, feminist olmağın öz üstünlükləri var: “Məsələn, sən qadını bərabər bir insan kimi qəbul edəndə, bu, səni məsuliyyətlərdən azad edir. Sən kişi olduğuna görə, özünü ona mərhəmət nümayiş etdirməyə, qayğısını çəkməyə borclu hiss etməli olmursan… ”

Elvin deyir ki, onun çevrəsindəki insanların çoxu bərabərliyi qəbul etdiyindən, feminist olması və feminist həyat tərzi yaxınlarından heç kimi təəccübləndirmir və ya narahat etmir.

Əvvəllər deyirdim ki, arvad mən deyəni eləməlidir!

Zaur Qurbanlı ixtisasca hüquqşünasdır. Ailəlidir, bir oğul atasıdır. Zaur da feminizmi təkcə nəzəriyyə kimi deyil, həyat tərzi kimi qəbul edib. Ev işləri, uşaqla bağlı qayğını həyat yoldaşı ilə bərabər bölüşür. Zaur bərabərliyi qeyd-şərtsiz qəbul edir və “qadına azaqlıq vermək” kimi ifadələrin qüsurlu olduğunu deyir: “Qadın onsuz da azaddır. Kişi ona azadlıq verə bilməz. Kişinin edə biləcəyi şey, qadının azadlığına mane olmamaqdır…”

Amma Zaur da, əvvəllər feminist olmayıb. Xüsusilə yeniyetməliyində, daha çox patriarxal dəyərlərlə yaşayıb: “13-14 yaşım olanda mənə qohumlar sual verirdilər ki, böyüdəndə kişi olacaqsanmı, sözünü keçirəcəksənmi?”

Deyirdim ki, hə, mən deyən olacaq, mən nə desəm, arvadım da onu edəcək! Şükür ki, belə söhbətləri elə yeniyetməliyimdə, 17-18 yaşlarımda bitirdim. O vaxt universitedə hüquq oxuyurdum, görürdüm ki, mənim oxuduğum insan haqları və azadlıqları ilə bizim mentalitetin qadına münasibəti uyğun gəlmir. Oxuduqca başa düşdüm ki, əslində, qadın və kişi hüquqları deyə bir şey yoxdu, insan haqları var”…

feminist_ru.00_00_32_12.Still001.jpg
Zaur Qurbanlı deyir ki, ev işlərini yoldaşı ilə ev işlərini yarıbayarı bölüblər

Zaur da feminizmin bir kişi üçün yaxşı tərəflərindən biri kimi, rahatlığı və müəyyən məsuliyətlərdən azad olmağı görür: “Oppurtunist kimi düşünsək, feminizmin üstün cəhətlərindən biri budur ki, mən kişi olduğuma görə, ailənin bütün maddi yükü mənə yüklənmir. Həyat yoldaşım da işləyir, qazanır, mən də işləyirəm. Ev işlərində yarıbayarı bölmüşük… Bəzən kişilər məişət rahatlığı üzündən, feminizmi qəbul etmirlər. Ev yığışdırmaq, yemək bişirmək, uşağa baxmaq istəmirlər. Amma məsələn, mənim üçün bu məsələdə vicdanımın rahatlığı daha vacibdir, uşağa hər gecə həyat yoldaşım baxsa, vicdanım rahat olmaz. Buna görə də, bir gecə o, bir gecə də mən baxıram…”

Zaurun da çevrəsi onun feminist olmasını normal qəbul edir. Amma Zaur deyir ki, yəqin ünsiyyətdə kənara çıxsa, fərqli münasibət görər: “Bəzən adamlar qadınlar barədə elmi olmayan şeyləri iddia edirlər, deyirlər ki, qadınların beyni balacadır. Halbuki belə bir şey yoxdur. Deyirlər ki, sən minilliklər boyu davam edən qayda-qanunu dəyişə bilməzsən. Qadına azadlıq verək e, amma birdən-birə verməyək, əvvəl icazə verək “Facebook”a girsinlər, sonra gözləyək, bir azdan profil şəkli qoymağa icazə verərik…” Mən mübahisə edirəm, hüquqşünas kimi başa salmağa çalışıram ki, burda azadlıq, icazə verməkdən söhbət gedə bilməz, bütün bunlar onsuz da qadının haqqıdır”.

Cinslərin bərabərhüquqlu olduğunu bir reallıq kimi kəşf elədim…

Azərbaycanda kişi feministlər yalnız Zaur və Elvin deyil. Son illər Azərbaycan siyasətində əvvəllər heç vaxt görünməyən hal yarandı – bir siyasətçi, “Oyan” Hərəkatının ideoloqu Nahid Cəfərov özünün feminist olduğunu, bərabərliyi tam qəbul etdiyini elan etdi. Doğrudur, Nahid bəy Niderlandda mühacir həyatı yaşayır, fiziki olaraq Azərbaycanda deyil və buna görə də, feminist olmasının ona xüsusi maneə yaradacağını güman etmək olmaz. Amma Nahid bəy eyni zamanda, Azərbaycandakı auditoriyaya xitab edir, buna görə də, onun feminizmi dəstəkləməsi bir siyasətçi üçün kifayət qədər qeyri-populyar addımdır.

Nahid bəy də etiraf edir ki, heç də hər zaman feminist olmayıb: “Mən əyalətdən çıxmışam, yeniyetmə dövrümdə bacılarımla cəmiyyətimizin tələb etdiyi kimi davranmışam. Amma Avropada oxuduğum zaman, hər şeyi təhlil və tənqid etməyi öyrəndim. O cümlədən, qadınlara olan münasibətimizi. Cəmiyyətdə onun rolunu, onlarla bağlı stereotipləri. Özümdən soruşduğum, təhlil etdiyim və müvafiq cavablar tapdığım suallarım var idi. Özümü başqa bir reallıqda tapdım. Və bu reallıq kişi və qadın arasında tam bərabərliyi tələb edir”.

Untitled design.png
Nahid Cəfərov qızı ilə birlikdə

Nahid deyir ki, feminist olduğunu elan edəndən sonra xeyli təhqirlərlə üz-üzə qalıb. Auditoriyasını, onu və hərəkatı dəstəkləyənlərin bir qismini itirib. Amma o deyir ki, bu itkiyə təəssüflənmir: “Hər hansı bir fikrə istinad edərkən, onu təşviq edərkən, mən o adamlara müraciət edirəm ki, onlar bizim razı olmadığmız reallıqları dəyişmək gücündədir. Onlar yeniliyi qəbul edəcək insanlardır və bu fikri təblig edəcəkləri auditoriyaları var. Başqaları isə gəlib gedəcəklər”.

Bizim hakimiyyət də antifeministdir

O ki qaldı feminizmin ölkədə gələcəyinə, Elvin hesab edir ki, bu hərəkat təkcə qadınların hərəkatı olmaqdan çıxmalı, bütün cinslərin hərəkatına çevrilməlidir: “Ancaq hamının hərəkatı olandan sonra, problemlər həll edilə bilər. Bunun üçün qadınlar da, kişilər də əl-ələ addımlamalıdırlar…”

Zaurun feminizmin gələcəyi ilə bağlı fikirləri bir az fərqlidir. O problemlərin həllini siyasi müstəvidə görür: “Məsələ burasındadır ki, bizim hakimiyyət də antifemnistidir. Əgər biz demokratik seçkilər keçirsək, əhalisinin 51 faizi qadınlar olan bir cəmiyyət yəqin ki, daha feminist bir hakimiyyət seçə bilər…”

Nahid bəyin fikrincə, Azərbaycanda feminizm o vaxt uğur qazanacaq ki, qadınlar özləri reallıq yaratmaq gücündə olacaqlar: “Mən sadəcə uğurlu qadınlardan danışmıram. Özü reallıq yaradan, güc mərkəzi olacaq qadınlardan danışıram. O zaman başqa qadınlar da öz cinsinin gücünə inanacaq…”

Ana səhifəVideoAzərbaycanın kişi feministləri