Azərbaycanda əmlak alan xaricilərə liderliyi Rusiya vətəndaşları edir

Azərbaycanda əmlak bazarı. Foto: AlexLMX/shutterstock

Ölkədə nə qədər xarici vətəndaşın iş qurduğu haqda məlumat açıqlanmır

Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilk dəfə bu ilin avqustunda Azərbaycanda mənzil alan xaricilərlə bağlı göstəriciləri açıqlayıb.

Hazırda dövlət qurumunun saytında həmin məlumatın adı görünsə də, daxil olduğumuzda “xəta baş verdi” yazılır.

“Resurs” İqtisadçılar Klubu (RİK) qeyd edir ki, həmin altı ay ərzində Azərbaycandan 500 Rusiya Federasiyası vətəndaşı daşınmaz əmlak alıb. Bu, ümumi siyahıda ən yüksək göstəricidir.

İkinci sırada Gürcüstan vətəndaşları gəlir ki, onların sayı 71-dir. Üçüncü yerdə isə İran İslam Respublikasının vətəndaşları gəlir. 2022-ci ilin ilk 6 ayında onlar Azərbaycandan 37 əmlak alıblar.

Növbəti yerlərdə Qazaxıstan (30 nəfər), Türkiyə (24 nəfər), Ukrayna (21 nəfər), Almaniya (10 nəfər), Özbəkistan (10 nəfər), Kanada (10 nəfər), İsrail (8 nəfər), Belarus (7 nəfər), Albaniya (7 nəfər), ABŞ (6 nəfər), İraq (6 nəfər) gəlir.

RİK qeyd edir ki, 2021-ci ildə bütün il ərzində Rusiya vətəndaşları Azərbaycanda 1002 daşınmaz əmlak əldə edib. Bu baxımdan, rəsmi rəqəmlərdən müharibədən sonra göstəricidə ciddi dəyişiklik olmadığı görünür:
“İran və Ukrayna ilə bağlı diqqət çəkən məqam odur ki, 2021-ci ildə bu ölkələrin vətəndaşları Azərbaycanda heç bir mənzil əldə etmədiyi halda, bu il həmin ölkələrdən mənzil alanların sayı ciddi artıb”.

Mənbə: RİK

Müharibədən sonra Rusiya vətəndaşlarının Gürcüstana gəlişi, bu ölkədə mənzil alışı Gürcüstan vətəndaş cəmiyyəti arasında narahatlıq yaradıb.

Hətta bir sıra Qeyri Hökumət Təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələri, eyni zamanda, müxalifət hökumətə müraciət edərək, Rusiya vətəndaşlarının ölkələrinə girişinə məhdudiyyət tətbiq etməsini istəyib.
Hökumət isə Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişində hər hansı problem görmür.

Daxili İşlər Nazirliyi qaçqınların əksəriyyətinin Gürcüstanda qalmadığını göstərən statistika açıqlayıb. On gün ərzində, sentyabrın 17-dən 27-dək Rusiya vətəndaşlarının sayı 79 minə yaxın Gürcüstana daxil olub, 62 min nəfəri isə çıxıb. Gürcüstanın müxalif kəsimi bu rəqəmlərə inanmır.

Eyni zamanda, “sərhədi müharibədən qaçan insanların üzünə bağlamaq insanlıqdan kənardır” deyənlər də var.
Lakin yenə də rusların ölkə ərazisində əmlak almaları, şirkət qurmaları ilə bağlı hərəkətlərin heç olmasa nəzarət altına alınmasını istəyənlər də az deyil.

Gürcüstan-Azərbaycan sərhədi. Foto: Ana Flasker/shutterstock

2017-ci il yanvarın 1-dən 2022-ci il sentyabrın 9-dək Gürcüstan ərazisində 18 864 Rusiya Federasiyası vətəndaşının əmlakı qeydiyyata alınıb.

“Kavkaz Plus” saytı daha dəqiq rəqəmlər üçün Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət edib. Sayta verilən cavabda qeyd edilir ki, 2022-ci il fevralın 24-dən sentyabrın 9-dək 3319 Rusiya vətəndaşı Gürcüstanda əmlak alıb, onlardan 969-u Tbilisidə qeydiyyatdadır.

Daşınmaz əmlaka hüquqlar reyestrinin məlumatlarına əsasən, göstərilən müddət ərzində 2594 yaşayış mənzili/konstruksiyası üzrə 2407 Rusiya Federasiyası vətəndaşının mülkiyyət hüquqları qeydiyyata alınıb.

“İfact” saytı isə yazır ki, bu rəqəmlər Rusiya vətəndaşlarının Gürcüstanda qalmaq, burada özlərinə biznes qurmaq niyyətində olduqlarını göstərir.

Sayt qeyd edir ki, Ukraynada müharibə başlayandan iyuna qədər Gürcüstanda 5990 Rusiya vətəndaşı fərdi sahibkar kimi qeydiyyatdan keçib, 429 şirkət təsis edib. “Transparency International Georgia”-nın məlumatına görə, Gürcüstanda 13500 Rusiya şirkəti var və onlardan 6419-u Ukraynada müharibə başlayandan sonra qeydiyyatdan keçib.

Daxili İşlər Nazirliyinin rəsmi statistikasına görə, fevralın 24-dən avqustun 24-dək Gürcüstan sərhədini 796 638 Rusiya vətəndaşı keçib. IDFI məlumatlarına görə, 2022-ci ilin mart-iyun aylarında Gürcüstanda 49 505 Rusiya vətəndaşı qalıb.

Rusiya-Gürcüstan sərhədi-“Верхний Ларс”. Foto: Teleqram

2022-ci ilin iyul ayına olan məlumata görə, ümumilikdə 16 480 Rusiya vətəndaşı Gürcüstanda yaşamaq icazəsi alıb. Onlardan 1669-u Ukraynada müharibə başlayandan sonra icazə alıb. 2022-ci il avqustun 4-dək Rusiya vətəndaşlarına ən çox 550 daimi yaşayış icazəsi verilib.

Azərbaycana qonşu ölkələr zaman-zaman nə qədər Rusiya vətəndaşının ölkələrinə daxil olduğu, onlardan nə qədərinin iş qurduğu, şirkət təsis etdiyi ilə bağlı məlumatları paylaşsa da, Azərbaycan bu barədə hər hansı statistika açıqlamır.

İqtisadçılar, bu sahənin ekspertləri hesab edirlər ki, Azərbaycanda əlverişli biznes mühiti yoxdur. Ölkəyə gələn xarici investorların sayı da ilbəil azalır, odur ki, rusiyalıların biznes üçün Azərbaycana üz tutması real görünmür.

Lakin müharibənin Azərbaycan iqtisadiyyatına təsirləri də var. Məsələn, 2022-ci ildə Azərbaycana edilən pul köçürmələri öncəki 3 ilə nəzərən artıb.
2019 – cu ildə 276, 2020-ci ildə 197, 2021-ci ildə Azərbaycana xarici ölkələrdən 261 milyon dollar pul köçürülüb.

2022 – ci ildə bu vəsait 1 milyard 283 milyon dollar olub. Yəni 5 dəfə artıb.

Ötən ilə nəzərən pul köçürmələrinin 5 dəfə çox olması Rusiyadan göndərilən köçürmələrin kəskin artması ilə əlaqələndirilir.

Ana səhifəİqtisadiyyatAzərbaycanda əmlak alan xaricilərə liderliyi Rusiya vətəndaşları edir