Azərbaycanda deputatların maaşı neçə faiz artıb?

Foto: president.az

Tahir Mirkişili: “Deputatların bütün gəlirləri gəlir vergisinə cəlb olunacaq”

Bank sahəsi üzrə ekspert kimi tanınan hüquqşünas Əkrəm Həsənov deputatların maaşının 61 faizdən çox artdığını iddia edir.

Bu barədə Əkrəm Həsənov “Facebook” səhifəsində yazıb.

Əkrəm Həsənov qeyd edib ki, bir neçə nəfər istisna olmaqla işləri-gücləri yalnız düymə basmaqdan və bəzən pafoslu çıxışlar etməkdən ibarət olan, hüquqdan və qanundan xəbəri olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən deputatların xalis rəsmi gəliri aşağıdakı kimi dəyişib.

Onun hesablamasına görə, spiker 5789 əvəzinə 9001,5 manat alacaq:

Cədvət. Mənbə: “Facebook”

“Spikerin birinci müavini 5210,1 əvəzinə 8202,76 manat, digər müavini 4920,65 əvəzinə 7803,38 manat alacaq. Komitə və komissiya sədri 4631,2 əvəzinə 7404, komissiya sədrinin müavini 4341,75 əvəzinə 7003,07, sıravi deputat 4052,3 əvəzinə 6537,13 manat alacaq. Beləliklə, deputatların maaşı 61%-dən çox artıb”.

Hüquqşünas Əkrəm Həsənov
Mənbə: “Sputnik”

Ə.Həsənovun yazdıqları ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Meydan TV-nin sorğusuna cavab verib.

O deyib ki, deputatın artıma qədər aylıq vəzifə maaşl 1733 manat idi, artımdan sonra isə 2491 manat olub: “Deputatın əvvəl aldığı vəzifə maaşının 1 misli qədər əlavə – 50%-ə qədər pul təminatı, illik 2 misli qədər müavinət və illik 2 misli qədər məzuniyyət pulları ləğv olundu. Əvəzində deputata aylıq vəzifə maaşının 2 misli qədər maaşa əlavə ödənəcək”.

Komissiya sədrinin sözlərinə görə, deputatın gəlirlərində vergi azadolmaları da ləğv olunub:

“Beləliklə, deputatın bütün gəliri gəlir vergisinə cəlb olunacaq (ayda orta hesabla 1593 manat vergi). Bundan əlavə, sosial sığorta, icbari tibbi sığorta, həmkarlar təşkilatlarına yığımlar da bütün gəlirdən hesablanacaq (ayda orta hesabla 523 manat)”.

Tahir Mirkişili
Foto:: Tahir Mirkişilinin şəxsi arxivindən

“Bununla da qanuna edilən müvafiq dəyişiklikdən sonra deputatın aylıq xalis maaşı (bütün vergilər və yığımlar çıxıldıqdan sonra) 1968 manat, aylıq əlavə üzərinə gəldikdə isə xalis gəliri 5357 manat olacaq. Bu isə əvvəlki rəqəmdən 33% çox deməkdir. Yəni ümumi artım 33% təşkil edir”, – deyə komitə sədri deyib.

Prezidentin iyulun 29-da qanuna etdiyi dəyişikliklərə əsasən, sentyabrın 1-dən etibarən Milli Məclis sədrinin birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, deputatlar hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Ana səhifəSiyasətAzərbaycanda deputatların maaşı neçə faiz artıb?