Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşəcəyi bildirilir

Paşinyan və Əliyev, foto: President.az

Hər iki ölkənin rəhbəri Şarl Mişelin təklifini qəbul edib

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel noyabrın 19-da Ermənistan və Azərbaycan liderləri ilə telefonda danışıb.

Bu barədə Avropa Şurasının yaydığı press-relizdə bildirilir.

Şarl Mişel həftənin əvvəlində Azərbaycan Ermənistan sərhədindəki vəziyyətdən və Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq kontekstində aparılan müzakirələrdən sonra Azərbaycan və Ermənistan liderləri ilə danışmaq qərarına gəlib.

Telefonda Şarl Mişel Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyana Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Brüsseldə görüş təklif edib.

Həm İlham Əliyevin, həm də Nikol Paşinyanın regionda gərginliyi aradan qaldırmaq üçün Brüsseldə görüş təklifini qəbul etdikləri bildirilir.

Avropa Şurasının məlumatında qeyd edilir ki, telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin, bölgədəki insidentlərin qarşısının alınması üçün müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılmasına razılıq veriblər.

Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədinin Laçın rayon hissəsində hərbi toqquşlamalar baş verib.
Nəticədə hər iki tərəfdən itkilər olub.

Azərbaycan tərəfi 7 nəfər hərbçisinin həlak olduğunu, 10 nəfərin isə yaralandığını, Ermənistan tərəfi isə 1 nəfər hərbçisinin həlak olduğunu, 13 nəfərin əsir düşdüyünü açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, döyüş zamanı 24 əsgərlə əlaqə kəsilib və onların taleyi məlum deyil.

Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edib.

Noyabrın 16-da Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarları ilə telefon danışıqlarından sonra sərhəddə atəşkəs elan olunub. Noyabrın 18-də isə yenidən Tovuz rayonu istiqamətində atəşkəs pozulub.

2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayıb. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında döyüşlərin dayandırılması ilə bağlı atəşkəs razılaşması imzalanıb. Bununla Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətAzərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşəcəyi bildirilir