Azərbaycan Türkiyənin zəlzələ bölgəsində tikinti aparacaq

Bunun üçün 100 milyon dollar xərclənməsi nəzərdə tutulub

Azərbaycan Türkiyənin zəlzələdən zərər görən bölgəsi Kahramanmaraşda yaşayış mənzilləri, məktəb, bağça, mədəniyyət mərkəzi tikəcək.

Bunun üçün 100 milyon dollar xərcləyəcəyi qeyd edilib.

Bu barədə Türkiyənin “Resmi Gazete” nəşri yazıb. Mətbu orqan həmçinin, tikinti ilə bağlı Türkiyə və Azərbaycan arasında sentyabrın 25-də Naxçıvanda imzalanan razılaşmanın mətnini də dərc edib.

Türkiyənin Kahramanmaraş bölgəsində 2023-cü il fevralın 6-da birincisi 7.7, ikincisi 7.6 bal gücündə ard-arda iki zəlzələ baş verib.

Birinin episentiri Pazarcık, digərinin Elbistan olan zəlzələlər Hatay, Qaziantep, Osmaniye, Malatya, Adana, Diyarbekır, Şanlıurfa, Adıyaman və Kilisi sarsıdıb. Minlərlə ev dağılıb və on minlərlə insan həlak olub.

Sənəddə qeyd edilir ki, bu əməkdaşlıq sazişini Türkiyə tərəfdən Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycan tərəfdən isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) həyata keçirəcək.

Məlumatda həmçinin, qeyd edilir ki, bu iki qurum məsul şəxslərdən ibarət İşçi qrup formalaşdıracaq. Həmin qrup layihəni nəzərdə tutulan vaxt çərçivəsində bitirmək və iş prosesində yarana biləcək təşkilati və hüquqi problemleri aradan qaldırmaq üçün birgə çalışacaqlar.

Layihə müddəti üçün 2 il nəzərdə tutulub.

Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzalayıb.

Ana səhifəSosialAzərbaycan Türkiyənin zəlzələ bölgəsində tikinti aparacaq