Müdafiə Nazirliyi: “Mövqelərimiz təkrarən atəşə tutularsa, ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatları davam etdiriləcək”
Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdə ermənilərə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Məlumatda deyilir: “Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək, işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcəkdir”.