Rəsmi Yerevanla Bakı bir-birini günahlandırır (yenilənib)

Atəşkəsin pozulması. Foto: Meydan TV

Ermənistan Xarici İşlər Nazirliyi fevralın 13-də atəşkəsin pozulmasına görə Azərbaycanı ittiham edib

Nazirliyin yaydığı bəyanatda göstərilir ki, rəsmi Bakının aqressiv hərəkətləri sərhəddə eskalasiya üçün bəhanələr axtarışıdır:

Bu güc tətbiqi aksiyalarından əvvəl Azərbaycanın hərbi-siyasi rəhbərliyinin döyüşkən bəyanatları, eləcə də son günlər informasiya-təbliğat hazırlıqları aparılıb. Azərbaycan rəhbərliyi daim Cənubi Qafqazda sabitlik və təhlükəsizlikdə maraqlı olan aktorların Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş danışıqları bərpa etmək səylərini əngəlləməyə çalışır”.

Azərbaycan-Ermənistan. Foto: Ilin Sergey/shutterstock

“Biz Azərbaycanın hərbi təxribatlara yönəlmiş bu cür hərəkətlərini qətiyyətlə pisləyir və onları sabitliyi pozan addımlardan çəkinməyə və danışıqlara qayıtmağa çağırırıq. Ermənistan tərəfinin sərhəd təhlükəsizliyinin artırılmasına yönəlmiş etibarlı tədbirlərin həyata keçirilməsi üçün əvvəllər səsləndirdiyi təklifləri bir daha təsdiqləyirik”, – deyə Ermənistan XİN-in bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi qarşı tərəfə cavab verib

Nazirlik bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır:

Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi”.

XİN qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır.


Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan və  Ermənistan sərhədində baş verən silahlı insidentlə bağlı narahatlığını ifadə edib.

Mariya Peyçinoviç-Buriç. Foto: “rfi.fr/”

Bu barədə Buriç “X” sosial platformasındakı mikrobloqunda yazıb.

Ermənistan-Azərbaycan sərhədində atışma xəbərləri bizi narahat edir. Hər iki tərəfi güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Dialoq davamlı sülhə aparan yeganə yoldur”, – deyə o qeyd edib.


Moskva Yerevanı və Bakını təmkinli olmağa çağırır.

Kreml sülh müqaviləsinin hazırlanması prosesinin davam edəcəyinə ümid edir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli mediaya deyib.

Peskov fevralın 13-də baş verənlərdən xəbərdar olduğunu bildirib:

“Əlbəttə, təmas xəttində baş verənlər həyəcanvericidir, biz hər iki tərəfi təmkinli olmağa, qarşı tərəfin təxribat hesab edə biləcəyi hər hansı hərəkətlərdən hər cür şəkildə çəkinməyə çağırırıq”.

Dmitri Peskov. Foto: Meydan TV

“Vəziyyəti çox diqqətlə izləyəcəyik və hər iki tərəflə təmaslarımızı davam etdirəcəyik”, – deyə Peskov əlavə edib.

O, bu cür hadisələrin, ən azı, bu prosesin irəliləməsinə və sülh müqaviləsinin imzalanması anına yaxınlaşmağa kömək etmədiyini vurğulayıb:

“Ancaq ümid edirik ki, bu proses davam edəcək”.


Ermənistanın Nerkin-And kəndi yaxınlığındakı mövqelərinin atəşə tutulması nəticəsində 4 nəfərin həlak olduğu, 1 nəfərin yaralandığı deyilir.

Bu barədə fevralın 13-də günorta saatlarında Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Erməni KİV-in məlumatına görə, ölənlər “Yerkrapah” könüllülər birliyinin üzvləridir.


Ermənistan iki hərbçinin öldüyünü açıqlayıb

Fevralın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələrinin “qisas əməliyyatı” keçirdiyi bildirilir.

DSX-in bu barədə yaydığı məlumatda qeyd olunur ki, “qisas əməliyyatı” Ermənistan silahlı qüvvələrinin fevralın 12-də törətdikləri təxribata cavabdır:

Əməliyyat nəticəsində dünən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Xəlilzadəyə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur”.

Rəsmi Yerevanın Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə DSX əlavə edib.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfdən Nerkin-Xand istiqamətində atəşə tutması nəticəsində ilkin məlumatlara görə, iki nəfər ölüb:

“Yaralanan da var“.

Ermənistan Müdafiə Nazirliyi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri saat 09:30-dan etibarən Nerkin-Xand rayonu (Sünik vilayəti) istiqamətində yerləşən qüvvələri atəşə tutublar.

Nazirlik həmçinin fevralın 12-də saat 20:50-dən 23:40-dək Ermənistan ordusunun Azərbaycan mövqelərini atəşə tutmasını təkzib edib.

Fevralın 12-də Azərbaycan Hərbi Prokurorluğu Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Xəlilzadənin Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralandığı haqda məlumat yayıb.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Ana səhifəSiyasətRəsmi Yerevanla Bakı bir-birini günahlandırır (yenilənib)