Azərbaycan ordusu Ağdamı azad etmək istəsə, bölgədə nə baş verəcək?

Azərbaycan ordusunun nə zaman və hansı şəraitdə hücum əməliyyatına başlayacağı tarix bəlli deyil

Source:


Azərbaycan ordusunun nə zaman və hansı şəraitdə hücum əməliyyatına başlayacağı tarix bəlli deyil

Cəbhə bölgəsində vəziyyət gərgindir. Atəşkəsin pozulması halları intensiv hal alıb. Aydındır ki, Azərbaycan heç zaman işğal faktını qəbul etməyəcək və istənilən vasitə ilə işğal altındakı torpaqları azad etməyə çalışacaq.

Ermənistan hakimiyyəti heç bir ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu azad etməyə razılıq verməsə, yaxın gələcəkdə bölgədə müharibə qaçınılmazdır. Çünki rəsmi İrəvan Bakıya başqa alternativ qoymur.

Əlbəttə, müharibənin qısa müddətdə başlayacağını proqnozlaşdırmaq çətindir. Yaxın illərdə Bakıda müxtəlif idman yarışları keçiciləcək. Məsələn, bu ilin iyun ayında beynəlxalq idman ictimaiyyətinin diqqəti Bakıya yönələcək. Bakıda keçiriləcək Formula – 1 yarışlarına xeyli qonaq gələcək, dünyanın müxtəlif televiziya kanalları bu yarışı yayınlayacaq. Bundan sonra Bakıda şahmat olimpiadası və İslam Həmrəylik Oyunları keçiriləcək. Əlbəttə, bu kimi mötəbər yarışlar bölgədə sakitlik tələb edir. Əks halda bölgədə gərginlik yaransa, beynəlxalq yarışların Azərbaycanda keçirilməsi sual altında qalar. Rəsmi Bakı  isə bunu istəmir, əksinə beynəlxalq idman yarışları və böyük konfranslar vasitəsilə Azərbaycanın imicini yüksəltmək məqsədi güdür.

Buna baxmayaraq, Bakıda keçiriləcək heç bir beynəlxalq yarış Azərbaycan hakimiyyətini Ermənistana hərbi təzyiqi artırmaq siyasətindən imtinaya məcbur etməyəcək. Sadəcə, Azərbaycan ordusunun nə zaman və hansı şəraitdə hücum əməliyyatına başlayacağı tarix bəlli deyil. Bu tarixi münasib məqamda Azərbaycan prezidenti müəyyənləşdirəcək.

Ağdam rayonu cəbhə bölgəsinin ən həssas nöqtəsində yerləşir. Qarabağ düzünün ən iri şəhəri olan Ağdam 1993-cü ilin iyul ayından işğal altındadır. Azad olunmalı rayonlar və şəhərlər içərisində Ağdam ilk sıralarda gəlir.

Azərbaycan ordusu Ağdamı işğaldan azad etmək istəyərsə, bölgədəki vəziyyət hansı ssenari üzrə inkişaf edə bilər?


Birinci ssenari.

Məlumdur ki, separatçılar Ağdam şəhərinin içərisini və ətrafını minalayıblar. Buna baxmayaraq, Ağdamın özündə separatçıların hərbi birləşmələri yoxdur. Azərbaycan ordusu ba faktordan istifadə edərək Ağdamı azad etmək əməliyyatına başlayarsa, erməni separatçıları Ağdamın nəzarətdə saxlanılması üçün güclü müqavimət göstərməyəcəklər. Çünki separatçılar Ağdamı özününkü saymırlar. Ağdam şəhəri dağıdılıb, orada kimsə yaşamır. Azərbaycan ordusu Ağdamı ələ keçirməklə Ermənistan üzərində hərbi və mənəvi üstünlük qazanacaq və bununla Xankəndi ilə arasındakı məsafəni qısaldacaq. Ağdamın azad olunması Ermənistan hakimiyyətini danışqlarda güzəştə məcbur edəcək və beləliklə, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması mövzusu xeyli aktuallaşacaq;


İkinci ssenari.

Azərbaycan ordusu Ağdamın azad olunması əməliyyatına başladıqdan sonra Ermənistan Ağdam ətrafında əlavə hərbi qüvvələr toplayacaq və əks-hücumla Azərbaycan ordusunu əvvəlki mövqeyinə qaytarmağa çalışacaq. Bu müddətdə İrəvan ATƏT-dən tələb edəcək ki, atəşkəsi pozduğuna görə Azərbaycana təzyiq etsinlər və müharibəni dayandırsınlar. Ermənistan anlayır ki, Azərbaycan ordusu Ağdamın azad olunması ilə kifayətlənməyəcək, hərbi uğurunu genişləndirməyə və Dağlıq Qarabağ ətrafındakı digər rayonları da boşaltmağa çalışacaq. Bu isə artıq genişmiqyaslı müharibənin başlanması demək olacaq;


Üçüncü ssenari.

Azərbaycan ordusu hücuma keçdikdən sonra Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağla yanaşı Azərbaycanla sərhəddə – Qazax və Tovuz istiqamətlərində diversiyalar həyata keçirməyə çalışacaqlar. Azərbaycan ordusu bu diversiyalara cavab vermək məcburiyyətində qalacaq və Ermənistandakı hədəfləri vuracaq. Nəticədə Rusiya prosesə qarışacaq və Ermənstana hərbi dəstəyini artıracaq. Bu halda Azərbaycan Türkiyədən hərbi dəstək istəyəcək. Dağlıq Qarabağ uğrunda savaş regional savaşa çevriləcək. Türkiyə 1921-ci il Qars müqaviləsindən çıxış edərək öz qoşunlarını Naxçıvanda yerləşdirəcək;


Dördüncü ssenari.

Azərbaycan ordusunun Ağdamda başlayacağı əməliyyat rəsmi Bakının Ermənistana təzyiq məqsədi daşıyacaq. Azərbaycan yalnız Ağdamın azad olunması ilə kifayətlənəcək və beynəlxalq təşkilatların prosesə qarışması nəticəsində ordu irəli getməyəcək. Ancaq bunun qarşılığında Bakı həm beynəlxalq təşkilatlardan, həm də Moskvadan təminat alacaq ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları hissə-hissə boşaldacaq. Əslində hadisələrin bu istiqamətdə inkişafı Ermənistanın da xeyrinədir. Çünki Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması, üstəgəl də azərbaycanıların Şuşa, Laçın və Kəlbəcərə geri dönmələrinə şərait yaratmaqla həm bölgədə müharibə risqini ortadan qaldıracaq, həm də Dağlıq Qarabağda yaşayan ermənilər üçün təhlükəsizlik təminatı alacaq.

Bu ssenarilərdən hər hansı birinin reallaşması Rusiyanın hansı addımlar atacağından asılıdır.

Əsas sual budur: Rusiya Azərbaycam ordusunun Ağdamın azad olunması əməliyyatına necə reaksiya verəcək?

Birinci variant odur ki, Azərbaycan ordusu Ağdama daxil olan zaman Rusiya Gürcüstanda olduğu kimi Ermənistan üzərindən Azərbaycana hərbi müdaxilə edəcək. Məqsəd Azərbaycan ordusunun Ağdamı nəzarət altına almasına mane olmaq və Azərbaycan ordusunu əvvəlki pozisiyaya qayıtmağa vadar etməkdir. Ancaq bu halda Rusiya Azərbaycanla dost münasibətləri pozacaq, illərlə qurulmuş əlaqələr zədələnəcək. Digər tərəfdən, Türkiyə prosesdən kənarda qalmayacaq, Azərbaycana hərbi dəstək verəcək və bununla Cənubi Qafqazda Rusiya-Türkiyə hərbi qarşıdurması yaranacaq.

İkinci variant isə odur ki, Kreml Ağdamın Azərbaycan ordusu tərəfindən azad olunması əməliyyatına soyuqqanlı yanaşacaq, Ermənistana hərbi dəstəyini artırmaqla və Bakıya ünvanlanmış “müharibəni dayandırın” tipli bəyanatlar verməklə kifayətlənəcək, Dağlıq Qarabağa qoşun yeritməyəcək. Rusiyanın Ermənistan üçün edə biləcəyi ən böyük yaxşılıq İrəvanı Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa razı salmaqdır. Əgər Rusiya bu istiqamətdə addımlar atarsa, Azərbaycan ordusu yalnız Ağdam əməliyyatı ilə kifayətlənəcək. Bununla Rusiya Azərbaycanla dost münasibətlərinə də zərər verməyəcək, Türkiyə ilə qarşıdurmadan da çəkinəcək, üstəgəl bölgədəki sülhün əsas təminatçısı statusunu qazanacaq.



“Atlas” Araşdırmalar Mərkəzi

Ana səhifəAnalitikaAzərbaycan ordusu Ağdamı azad etmək istəsə, bölgədə nə baş verəcək?