Azərbaycan iqtisadiyyatı hansı vəziyyətdədir?

Bu o deməkdir ki, bu gündən hesablayanda 2014-cü illə müqayisədə itirilmiş ÜDM hazırkı artım tempi ilə 23,5 ilə, yəni 2042-ci ilin sonunda bərpa edilə bilər.

Source: Foto: Turan İA

İkiqat devalvasiyadan 4 il ötməsinə baxmayaraq Azərbaycan iqtisadiyyat hələ də 2015-ci ilin fevral və dekabr ayında manatın dollara nəzərən məzənnəsindəki kəskin dəyişikliklərin təsirindən itirdiklərini hələ də bərpa edə bilmir. Maliyyə sektorunda əsas oyunçu olan bankların sayının azalması, onlarla müştərilər arasında münasibətlərin gərginləşməsi, bütövlükdə maliyyə sisteminə, xüsusilə banklara olan etimadın aşağı düşməsinə gətirib çıxaran devalvasiya proseslərinin təsirləri hələ də bu sektorda aparıcı neqativ rola malikdir. Bu sektordakı durumu ağırlaşdıran başlıca səbəblərdən biri də Azərbaycan Beynəlxalq Bankının dövlətə və müştərilərə məxsus vəsaitlərinin oğurlanması və onun nəticəsində yaranmış toksid aktivlərin təmizlənməsi üçün milyardlarla büdcə vəsaitinin xərclənməsi olub. Odur ki, Azərbaycan iqtisadiyyatının müasir çətinlikləri arasında bank sektorunun sağlamlaşdırılması və adekvat maliyyə siyasətinin qurulması öndə gəlir.

İkinci çətinlik neft-qaz resurslarından asılığın güclənməsindən qaynaqlanır. Bu asılılıq demək olar ki, bütün sahələrdə müşahidə olunmaqdadır. 2015-2016-cı illərdə müşahidə olunan asılılığın zəifləməsini 2017-ci ildən dünya bazarında xam neftin qiymətinin bahalaşması sonra yaranmış əks-effektlə əvəzlənməyə başlayıb. Belə ki, dövlət büdcəsinin daxilolmalarında neft gəlirlərinin 2017-ci ildəki 47,7 faizlik payı 2018-ci ildə 59,5 faizə, ixracatda xam neft, neft məhsulları və təbii qazın payı müvafiq olaraq 2017-ci ildəki

88,62 faiz

dən 2018-ci ildə

91,17 faiz

ə, nəhayət neft-qaz sənayesinin ÜDM-də payı 2017-ci ildəki

37,17 faiz

dən 2018-ci ildə

42,56 faiz

ə qədər artıb. Bununla yanaşı respublika üzrə orta aylıq əmək haqqı ilə mədən sənayesindəki orta aylıq əmək haqqı arasında 6 dəfəyədək fərq yaranıb. Bu neqativ tendensiyalar, qərarlaşmış trendlər cari ildə də davam etməkdə və xüsusilə də büdcə gəlirlərinin formalaşmasında daha qabarıq müşahidə olunmaqdadır. Çünki, 2014-cü ildən 2018-ci ilədək neft fondundan dövlət büdcəsinə yönələn transferlərin azalma trendini ötən ildən başlayan yeni artım dalğası əvəz edib. Belə ki, ötən ilin dövlət büdcə daxilolmalarında ARDNF-nin transferləri 10 milyard 995 milyon manat olduğu halda, bu il üçün transferrin illik məbləği 11 milyard 364 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir, cari ilin büdcəsinin formalaşmasında yalnız ARDNF-nin transfertləri hesabına daxilolmaların payı 50 faizə yaxın olacaq, bundan əlavə ADRNŞ-nin və ABƏŞ-in ödənişləri hesabına büdcədə birbaşa neft gəlirlərinin həcmi 13 milyard 700 milyon manata çatacaq ki, bu da 2017-ci illə müqayisədə 70 faiz çoxdur. Bu isə o deməkdir ki, cari ildə dövlət büdcəsinin cəmi gəlirlərində neft sektorundan daxilolamaların 60 faizi ötəcəyini deməyə əsas verir.

İxracatda da eyni tendensiya müşahidə olunmaqdadır. Dünya bazarında nefin qiymətinin bahalaşması və qaz hasilatının artımı hesabına 2019-cu ilin ilk 4 ayında xam neft, neft məhsulları və təbii qazın cəmi ixracatdakı payı

91,62 faiz

təşkil edib. Eyni ilə də cari ilin yanvar-aprel aylarında ÜDM-də neft sektorunun payı

42,82 faiz

olub.

Dövlət Statistika Komitəsi, Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin rəsmi hesabatları əsasında aparılan müqayisəli dəyərləndirmələr son 2 il 4 ayda müşahidə olunan bütün dəyişikliklər Azərbaycan iqtisadiyyatının təbii və tükənən resurlardan asılılığının gücləndiyini göstərir. Bunu şərtlərndirən başlıca amillərdən biri də Azərbaycana neft gəlirlərinin idarəolunmasında xərcləmələrin pro-tsiklik xarakter daşımasıdır. Belə ki, neft gəlirlərinin xərclənməsi tempi xam neft, neft məhsulları və təbii qazın ixracatında daxilolmaların həcmindən asılıdır, xammal ixracatından valyuta gəlriləri artanda büdcə xərcləmələri də artır, azalanda isə azalır.

Üçüncü çətinlik Azərbaycanda sosial ödənişlərin məbləğinin hələ də qonşu post-sovet ölkələri ilə müqayisədə az olması ilə bağlıdır. Baxmayaraq ki, cari ilin martın ayının 1-dən əmək pensiyalarının minumum məbləği 160 manat, minimum əmək haqqı180 manat müəyyən edilib, eləcə də təqaüdlər və müavinətlər afrtırılıb, amam MDB Statistika Komitəsinin aprelin 1-ə olan məlumatına görə, orta aylıq nominal əmək haqqı məbləğinə görə Azərbaycan yenə də autsayderlər sırasından çıxa bilməyib. Belə ki, Azərbaycanda orta aylıq nominal əmək haqqı 338 dollar olduğu halda, bu göstərici Ermənistanda 364 dollar, Ukraynada 390, Gürcüstanda 398 dollar, Qazaxıstanda 444 dollar, Belarusda 471 dollar, Rusiyada

695 dollar

olub. Hətta 2005-ci ildə Ermənistanda orta aylıq əmək haqqı (114 dollar) Azərbaycandan 17 dollar az olduğu halda bu ilin aprel ayının 1-ə olan məlumata görə Ermənistanda orta aylıq əmək haqqı (364 dollar) Azərbaycandan 26 dollar çoxdur. Bununla yanaşı, hazırda Azərbaycanda orta aylıq əmək haqqı Ukraynadan 52 dollar, Gürcüstandan 60 dollar, Qazaxıstandan 106 dollar, Belarusdan 133 dollar, Rusiyadan 357 dollar aşağıdır.

Bundan əlavə, Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür. Diqqət edin demək olar ki, əhalisinin sayı Azərbaycanla eyni olan Belarus 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycan isə 1 milyon 299,5 min təqaüdçüyə (2018-ci ildə ölkədə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb) və ya əhalinin 13 faizinə pensiya verir. Amma buna baxmayaraq Azərbaycanda əmək pensiyalarının orta məbləği Rusiydan 2 dəfə, Qazaxıstan və Belarusdan isə 1,5 dəfə azdır.

Yekun olaraq onu qeyd etmək istərdim ki, Azərbaycanda 2019-cu ilin yanvar-aprel aylarında ÜDM 2018-сi ilin yanvar-aprel aylarına nisbətən 2,1 faiz artıb. Azərbaycanda ötən il 46 milyard 939 milyon dollarlıq ÜDM istehsal olunub. Bu göstərici 2014-cü ildəki ÜDM-dən (75 milyard 659 dollar) 28 milyard 720 milyon dollar aşağıdır. Bu o deməkdir ki, bu gündən hesablayanda 2014-cü illə müqayisədə itirilmiş ÜDM hazırkı artım tempi ilə 23,5 ilə, yəni 2042-ci ilin sonunda bərpa edilə bilər.

Odur ki, irəli getmək və itirilənləri bərpa etmək üçün daha yüksək iqtisadi artım tələb olunur. Bu isə hazırkı idarəçilik şərtləri ilə mümkün deyil. Azərbaycanda iqtisadi artımın mənbələri və sahələri üzrə ciddi islahatlara ehtiyac var. Buna yalnız iqtisadi azadlıqlar və əks mərkəzlərşdirmə sahəsində köklü dəyişikikliklərlə, bütün sahələrdə instiitutsional və struktur islahatarla nail olmaq mümkündür. Aparılan kosmetik dəyişikliklər bütövlükdə iqtisadi inkişafda, xüsusilə də əhalinin sosial vəziyyətində ciddi dəyişiklikləri şərtləndirə bilməyəcək.

Ana səhifəAnalitikaAzərbaycan iqtisadiyyatı hansı vəziyyətdədir?