Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında 2-cidir

Zöhrab İsmayıl: ”Bir çox beynəlxalq qurum dövlətin rəsmi rəqəmləri əsasında hesabat hazırlayır”

Source:

Zöhrab İsmayıl: ”Bir çox beynəlxalq qurum dövlətin rəsmi rəqəmləri əsasında hesabat hazırlayır”

Dünya İqtisadi Forumu (WEF)

“İnklüziv Artım və İnkişaf – 2017”

hesabatını açıqlayıb.

Azadlıq Radiosunun

məlumatına görə, bu hesabatda Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında Litvadan sonra 2-ci yerə çıxıb.

IDI bu göstəricinin gəlir, səhiyyə, yoxsulluq və davamlılıq sahəsi üzrə verilənlər əsasında hazırlandığını qeyd edir. WEF isə gəlir və sərvətin bölünməsini, yoxsulluğun səviyyəsini öyrənir.

“2008-2013-cü illərdə 26 inkişaf etmiş ölkədə illik orta gəlir 2.4 faiz, yaxud adambaşına 284 dollar azalıb. İnkişaf etməkdə olan ölkələrdə durum daha yaxşıdır, orta gəlir 10.7 faiz, yaxud 165 dollar yüksəlib. Amma bu ölkələrin 23 faizdə adambaşına orta gəlir 9 faiz düşüb. Müqayisə üçün, inkişaf etmiş ölkələrin 54 faizdə orta gəlirdə 8 faizlik, yaxud adambaşına 1044 dollar ekvivalentində azalma var”,-deyə sənəddə qeyd olunur.

Müəlliflərin fikrincə, yaşam standartlarında davamlı, hərtərəfli inkişaf milli iqtisadi göstəricinin əsas hədəfi sayılmalıdır, siyasətçilər ÜDM artımındansa, bunu əsas götürməlidirlər:

“79 inkişaf etməkdə olan ölkə sırasında Azərbaycan Litvadan sonra 2-ci yerdədir. Rusiya 13, İran 21, Gürcüstan 31, Ermənistan 50-ci yerdə qərarlaşıb”.

Sənəddə daha sonra bildirilir ki, 82 inkişaf etməkdə olan ölkədən 18-də İnklüziv İnkişaf İndeksi adambaşına düşən ÜDM-dən 9 vahid, yaxud daha yüksəkdir. Bu ölkələrdən altısı – Azərbaycan, Nikaraqua, Vyetnam, Kamboca, Banqladeş və Nepalda IDI adambaşına ÜDM göstəricilərindən 20 pillə yuxarıdır. «Bu da onu göstərir ki, bu ölkələrin inkişaf modeli adambaşına gəliri daha yüksək olan ölkələrdən daha balanslı və inklüzivdir”. İnkişaf etmiş ölkələr siyahısında ilk beşliyi Norveç, Lüksemburq, İsveçrə, İslandiya və Danimarka tutub.

Hesabatı Meydan TV-yə şərh edən iqtisadçı Zöhrab İsmayıl hesab edir ki, bir çox beynəlxalq qurum dövlətin rəsmi rəqəmləri əsasında hesabat hazırlayır:

“Azərbaycan hökuməti də yoxsulluğun səviyyəsilə bağlı manipulyasiya və saxtakarlıq edir. Faktlara baxaq; 2015-16-cı illərdə Azərbaycanda baş verən dərin institusional böhran, manatın iki dəfə devalvasiyası nəticəsində dövlət strateji valyuta ehtiyatlarının 70 faizini itirib. Ötən il iqtisadiyyat 3 faizdən çox azalıb, bunun da çox böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Guya 2015-ci ildə yoxsulluq azalıb, ondan bir il əvvəl 5 faiz olub, 1 il sonra 4,9 faizə düşüb. Halbuki 2015-ci ildə manat 2 dəfə dəyər itirib və əməkhaqları qalxmayıb. Bu, avtomatik olaraq kritik yoxsulluq səviyyəsinin iki dəfə artması deməkdir. Ən pis halda yoxsulluğun səviyyəsi 10 faizə qalxmalı idi, amma hesabatda başqa mənzərə görünür. Dünya Bankı yoxsulluq səviyyəsini günə 4 dollarla hesablayır. Bu rəqəmlə hesablayanda Azərbaycanda yoxsulluq səviyyəsi qat-qat artır”.

Zöhrab İsmayıl

Z.İsmayıl təəssüflənir ki, beynəlxalq təşkilatlar hökumətin saxta rəqəmlərinə göz yumub təkrar dərc edirlər:

“Sənəddə Azərbaycan adambaşına düşən ÜDM-ə görə 24-cü, Litva isə birinci yerdədir. Bu fakt hesabatda qeyd olunanları təkzib edir. Dünya Bankının 2013-cü ildə hazırladığı ictimai maliyyənin şəffaflığı barədə hesabat Maliyyə Nazirliyinin saytında dərc olunmuşdu. Bir il sonra Azərbaycan hökuməti beynəlxalq fondlardan borc istəməyə başladı. Hesab edirəm ki, Dünya İqtisadi Forumunun (WEF) hesabatı lobbiçiliyin nəticəsidir. Hökumət bir tərəfdən sosial-iqtisadi göstəriciləri manipulyasiya edir, saxtalaşdırır, o biri tərəfdən də lobbiçilik edir. Bəzi beynəlxalq qurumlar bundan faydalanırlar. Halbuki ölkədə durum bəllidir, 17 gündə 33 nəfər intihar edib, əksəriyyəti də maddi durumla bağlıdır”.

Ana səhifəAnalitikaAzərbaycan inkişaf etməkdə olan ölkələr sırasında 2-cidir