Azərbaycan hüquqi kollaps içində

Yanvarın 7-də keçmiş siyasi məhbus Qiyas İbrahimov Prezident Administrasiyasının binası önündə üzərinə benzin töküb özünü yandıracağını dedi. 

O, tələb edir ki, qanunsuz həbsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) çıxardığı qərar Azərbaycan hökuməti tərəfindən icra olunmalıdır. 

2021-ci il ərzində Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı 36 qərar çıxarıb və Azərbaycan hökuməti üzərinə ərizəçilərə ümumilikdə 2 milyon avroya yaxın təzminat ödənilməsi öhdəliyi qoyulub. Amma bu qərarların nə qədərinin hökumət tərəfindən icra ediləcəyi sual altındadır. 

Azərbaycan hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməkdə ən pis göstəricilərə sahib ölkələrdən biridir. Hazırda AİHM-nin Azərbaycanla bağlı 248 qərarının icrasının monitorinqi aparılır. Onlardan 46-sı “aparıcı” işdir. 

Ən ağılasığmaz insan haqları pozuntuları və AİHM-nın daha əvvəl qarşılaşmadığı yeni hüquqi problemlərlə bağlı olan işlər “aparıcı” adlandırılır. Zamanla icrası ertələnən işlərin sayı artıb. Əgər 2011-ci ildə icrası ləngidilən və təkrar qərarların sayı 22 idisə, 2021-ci ildə bu rəqəm 202-ə qədər yüksəlib.

“Heykəl məhbusları”

“Avropa Məhkəməsi 2021-ci ildə 18-ci maddə ilə həbsimizin siyasi motivli olduğu haqda qərar çıxarıb. Qərarda bizim dərhal azadlığa buraxılmağımız və Bayram Məmmədovla ikimizə ümumilikdə 72 min avro kompensasiya ödənilməsi göstərilib” , – Qiyas İbrahimov Meydan TV-ə danışır

Qiyas İbrahimov deyir ki, qərar çıxarılanda artıq onlar həbsdə deyildilər: “Amma qərar çıxanda biz artıq həbsdə deyildik və qərarın ancaq kompensasiya hissəsi icra olunmalı idi. Bir ildən çox keçməsinə baxmayaraq, cəmi iki dəfə hərəsində 3 min avro olmaqla hesabıma köçürülüb və israrla əlaqə saxlasam da, mənə təzminatın tam məbləğinin ödənilib-ödənilməyəcəyilə bağlı konkret bir cavab, təminat verən yoxdur”.

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 9-dan 10-a keçən gecə Bakının mərkəzində sabiq Azərbaycan Prezidenti Heydər Əliyevin heykəlinin postamenti üzərinə “Fuck the system! Qul bayramınız mübarək!” şüarlarını yazıblar. 

Верховный Суд Азербайджана. Фото: Мейдан ТВ
Ali Məhkəmənin binası. Foto: Meydan TV

Səhəri gün isə hər ikisinin evində narkotik “aşkarlanıb” və onlar narkotik alveri ittihamı ilə mühakimə olunaraq 10 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Bundan sonra, onlar “Heykəl məhbusu” kimi tanınıblar. Həbs edildikləri zaman hər iki fəal işgəncəyə məruz qalıb. 3 ilə yaxın həbsdə qaldıqdan sonra prezidentin əfv fərmanı ilə azadlığa buraxılıblar.  

10 may – hazırkı prezident İlham Əliyevin atası sabiq prezident Heydər Əliyevin doğum günü uzun illər Azərbaycanda “Gül bayramı” kimi qeyd olunub. 

Hər il həmin gün Bakı və digər böyük şəhərlərin güllərlə bəzədilməsinə milyonlarla manat xərclənib. Məhz 2016-cı ildə bu iki fəalın “heykəlyazma” aksiyasından sonra bayram artıq keçirilmir.

“Qərarın icrası hüquqi prinsipdir”

“İstər maddi, istər mənəvi olsun, mən bu təzminatı həbsimin qarşılığı hesab etmirəm. Amma istənilən halda bu, dövlətin qarşısına mənim hüquqlarımın pozulmasının əvəzi olaraq qoyulmuş bir tələbdir. Dövlət bunu yerinə yetirməlidir. Ödəniş məbləğinin həcmindən asılı olmayaraq”, – Qiyas belə deyir.

Dediyinə görə, qərarın icra olunması onun üçün hüquqi prinsipdir: “Bu, 30 min yox, 3 min də ola bilərdi, 300 də. Qərarın icra olunmasını hüquqi prinsip olaraq qəbul edirəm. Dövlət belə situasiyalarda bir növ Avropa Məhkəməsinin qərarlarını icra etməməklə güc göstərə biləcəyinə arxayın olur. Mənim etirazım həm də bunadır”.

AİHM-nın qərarlarının icrasına görə məsul olan dövlət orqanı Prezident Administrasiyası və Ali Məhkəmədir. 

Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov eyni zamanda Azərbaycanın Strasburq məhkəməsindəki səlahiyyətli nümayəndəsidir.

Qiyas İbrahimov deyir ki, dəfələrlə Avropa Məhkəməsinin onun haqqında çıxardığı qərarın icrası ilə bağlı Əsgərovla əlaqə saxlayıb: “Əgər əvvəl o, telefona cavab verib, yaxın zamanda məsələ həll olacağına dair müxtəlif bəhanələrlə məni başından edirdisə, son zamanlar ümumiyyətlə zənglərimə cavab vermir”.

Qiyas İbrahimov hazırda hüquqi cəhətdən ata biləcəyi heç bir addım qalmadığı üçün hələlik gözləmə mövqeyində olduğunu deyir: “Vəziyyətə uyğun bir qərar verəcəyəm. Əgər onlar gözləyirlərsə ki, mən hər hansı qeyri-rəsmi şəkildə, xahiş-minnətlə müraciət edim, belə bir şey olmayacaq və bunun özünü də hüquq pozuntusu hesab edirəm”.

“İki qərardan biri qismən icra olunub, biri ümumiyyətlə olunmayıb”

Digər keçmiş siyasi məhbus Tofiq Yaqublu da oxşar vəziyyətdədir.

“Mənə işgəncə verilməsi ilə bağlı 2011-ci ildə şikayət etmişəm, Avropa İnsan Hüquqları Məhkəməsi şikayətimi təmin edib və Azərbaycan hökuməti mənə 15600 avro təzminat ödəməlidir. 2020-ci ildə qərar çıxıb. Hələ bu günə qədər tam ödəməyiblər, hissə-hissə ödəyirlər. Ola bilər ki, Nazirlər Komitəsi Azərbaycan hökumətinə bir məktub yazır, bir tələb qoyur, onlar da bir hissəsini ödəyirlər, sonra yenə dondururlar”, – Tofiq Yaqublu belə deyir. 

Тофиг Ягублу. Фото: Мейдан ТВ
Tofiq Yaqublu – Foto: Meydan TV

Onun Avropa Məhkəməsi tərəfindən təmin edilmiş digər şikayəti də var. Amma bildirdiyinə görə, həmin qərarın üzərindən 1 ildən çox vaxt keçsə də, ümumiyyətlə icra olunmur:

“Demək olmaz ki, Azərbaycan hökumətinin təzminatları ödəməyə imkanı yoxdur. Siyasi mahiyyətli olmayan qərarlarda kompensasiyaları ödəyirlər. Siyasi işlərdə isə bəzən təzminat ödənir, bəzən yox. Məsələn, Əli Kərimlinin şikayəti əsasında hələ 2017-ci ildən Azərbaycan hökuməti ona kompensasiya ödəməlidir. Bu günə qədər vermir. Seymur Həzi ilə bağlı kompensasiya verilmir. Mənim şikayətim üzrə iki qərar var, biri qismən yerinə yetirilib, biri ümumiyyətlə yerinə yetirilməyib”.

Qərarların icra olunmamasının səbəbləri

“Ümumiyyətlə Avropa Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların icrası ciddi problemdir. Avropa Şurasına daxil olan ölkələr arasında Azərbaycan qərarları icraetməmə üzrə ən pis göstəricilərə sahib ölkələrdən biridir”, – hüquqşünas, “Avropa Məhkəməsi Gündəliyi” portalının yaradıcısı Xalid Ağaliyev deyir. 

Bu resursda Avropa Məhkəməsi, Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycana münasibətdə fəaliyyəti əks olunur. 

Portal Xalid Ağaliyevin şəxsi təşəbbüsü ilə yaradılıb.

Ağaliyevin sözlərinə görə, icra etməmənin fərqli səbəbləri var: “Azərbaycandan göndərilmiş şikayətlər üzrə təxminən yüzdən artıq ərizəçinin mülkiyyət hüququnun pozulması tanınıb. Bunlar əsasən Azərbaycan torpaqları işğal olunan zaman Bakıya xeyli köçkün insanların gəlməsi ilə bağlıdır. Onlar Bakı sakinlərinin mənzillərini tutmuşdular. Həmin qərarlar icra olunmur, bunun səbəbi bizə aydındır. Onları evdən çıxarmaq, evlə təmin etmək, xeyli problemlidir”.

Hüquqşünas əlavə edir ki, eyni zamanda, ərizəçilərə yanaşmada hökumətin fərq qoyması da danılmazdır: “Bu, daha çox siyasi mövqe, təməl hüquq və azadlıqların təmin olunması ilə bağlı olan məsələlərdir. Həmçinin Azərbaycan birləşmək hüququnun, QHT-lərin yaradılması, toplaşmaq, mitinq və aksiyaların keçirilməsi kontekstində ən çox pozuntuya yol verən 4-5 ölkədən biridir. Bu tip qərarların icra olunmamasının səbəbi bizə bəllidir. Bu qərarları tam icra etmək o deməkdir ki, siz sərbəst toplaşmaq, birləşmək, təşkilatlanmaq hüququnu yüksək səviyyədə təmin etməli olacaqsız. Hökumətimizin mövqeyindən yanaşsaq, bu o qədər də inandırıcı deyil”.

Халид Агалиев. Фото: Мейдан ТВ
Xalid Ağaliyev – Foto: Meydan TV

Hüquqşünasın fikrincə, hökumətlər beynəlxalq məhkəmələrin qərarlarını xüsusi şövqlə icra etmirlər. 

Qərarların icra olunması üçün çox gərgin iş aparılmalıdır: “Həm yerli, həm beynəlxalq QHT-lər, hökumət və eyni zamanda ərizəçi tərəfi yaxından iştirak etməlidir. Bu çoxşaxəli işi aparmaqda təbii ki, vəkil səriştəsinin də müəyyən rolu var, eyni zamanda ölkədə demokratik təsisatların durumu da buna təsir göstərir. Azərbaycanda dediyimiz qərarların icrasındakı problemlər daha çox hökumətin yanaşması ilə bağlıdır”. 

“İstər İlqar Məmmədov işi olsun, istər Tofiq Yaqublu, İntiqam Əliyev, Xədicə İsmayıl və sairə, bu qərarları tam icra etmək hökumət üçün o qədər də çətin deyil. Çünki onların işinə yenidən baxılması, təzminat ödənilməsi hökumətin gücü xaricində olan məsələ deyil, çox adi bir göstərişlə həll oluna bilər. Buna görə də, dediyim kimi, ümumilikdə prosesdə hər kəsin öz rolu var, amma Azərbaycan şəraitində, fikrimcə, sözügedən işdə başlıca rolu hökumət oynayır”, – deyə Xalid Ağalıyev qeyd edir.

2002-ci ildən 7200-dən çox şikayət və 5 milyondan çox cərimə

Avropa Şurası Nazirlər Komitəsi 2001-ci il yanvarın 17-də Azərbaycanın quruma tamhüquqlu üzv qəbul edilməsinə dair qərar verib. 

Azərbaycan 2002-ci il aprelin 15-də Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarını ratifikasiya edib. 

Həmin tarixdən Azərbaycan Respublikası yurisdiksiyası altında olan şəxslərin (vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin və digərlərinin) Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququ yaranıb.

2002-ci ildən 2021-ci ilin əvvəlinə qədər Avropa Məhkəməsinə Azərbaycanla bağlı 7200-dən çox şikayət göndərilib.

2021-ci ilin əvvəlinə olan məlumata əsasən, hazırda AİHM-də baxılmasını gözləyən şikayətlərin 3,3 faizi (2050 şikayət) Azərbaycanın payına düşür. 

Bu kateqoriya üzrə sıralamaya görə, Azərbaycan Rusiya, Türkiyə, Ukrayna, Rumıniya və İtaliyadan sonra 6-cı yerdədir. 

Bu müddət ərzində AİHM Azərbaycanla bağlı 215 qərar qəbul edib və ilk qərar 2006-cı ildə elan olunub. 

2006-2020-ci illər ərzində AİHM qərarları ilə Azərbaycana qarşı müəyyən edilən təzminatların ümumi məbləği 5 milyon 268 min 676 avro təşkil edib.

Hər il Azərbaycan Respublikasının dövlət büdcəsində AİHM üzrə xərclərə həsr olunan vəsait ayrılır. Büdcədə nəzərdə tutulan vəsait yalnız qərarların icrası, təzminatların ödənilməsi ilə bağlı deyil. 

Büdcədə nəzərədə tutulan vəsait “AİHM qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının icrası” üçün ayrılır. Dolayısı ilə büdcədə nəzərdə tutulan vəsait AİHM yanında AR-nın səlahiyyətli nümayəndəsinin, nüamyəndəliyin xərclərini də əhatə edir. 

Vəsait Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ayrılır və qeyd edilən istiqamətdə xərclənir. 

2007-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət büdcəsindən “AİHM qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının icrası” üçün ayrılan vəsaitin ümumi məbləği 15 milyon manatadan artıq olub.

“Təzminatın ödənməsi qərarın tam icrası demək deyil”

“İndiyə qədər Avropa İnsan Haqları Məhkəməsinin heç bir qərarı tam icra edilməyib. Bəli, siyasi məsələləri saymasaq, əksər hallarda şikayətçilərə kompensasiya ödənir. İnsanlar da düşünür ki, qərar icra edildi. Əgər şikayət təmin edilibsə, deməli, Azərbaycanın bütün məhkəmə instansiyalarında həmin iş düzgün araşdırılmayıb və həmin qərar Azərbaycan hökumətinə həvalə edir ki, bu işə yenidən baxsın. Azərbaycan hökuməti isə kompensasiya ödəməklə düşünür ki, öhdəliyi bitib və cəmiyyətə də bunu aşılayır. İş yenidən araşdırılmalı, bu saxtakarlığı edən hər kəs – müstəntiqlər, bütün instansiya hakimləri, yalançı şahidlər hamısı cəzalanmalıdır. İnsan həyatı ilə oynamaq, onun 5-10 ilini əlindən almaq bu qədər rahat olmamalıdır”, – Tofiq Yaqublu deyir.

O hesab edir ki, Avropa Məhkəməsi qərarı ilə hökumətdən təzminat almağa nail olmuş vətəndaşlar işi yarımçıq qoymamalı, qərarın tam icrasına nail olmalıdırlar.

Hüquqşünas Xalid Ağaliyev də bu fikirlə razıdır: “Avropa Məhkəməsi qərarı elan etdikdən və icra mərhələsi başlayandan sonra ilk növbədə fərdi tədbirlər həyata keçirilir. Burada maddi təzminatların ödənilməsi, həmin şəxsin işinə daxili məhkəmələrdə yenidən baxılması nəzərdə tutulur. Fərdi tədbirlərə paralel olaraq ümumi tədbirlər də həyata keçirilməlidir. Çünki həmin vətəndaşı o pozuntuya məruz qoyan şərait dəyişdirilməlidir. Məsələn, vətəndaşın hüquqları qanunvericiliyin qüsurlu olmasına görə pozulubsa, ümumi tədbir çərçivəsində qanunvericilik yaxşılaşdırılmalıdır”. 

Гияс Ибрагимов. Фото: Мейдан ТВ
Qiyas İbrahimov – Foto: Meydan TV

Ağaliyevin sözlərinə görə, bu çox çətin prosesdir və burada bütünlükdə vətəndaş cəmiyyəti qurumları müdaxil olmalı, hökumət həvəsli davranmalı, eyni zamanda, hüququ pozulan vətəndaşın hüquqşünası da iştirak etməlidir: 

“Qərarların icrasına Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir və bu qurumla davamlı yazışma aparılmalıdır. Ümumi tədbirlərlə, fərdi tədbirlərlə bağlı hansı addımlar atılıb, hansı atılmayıb, hansı atılmalıdır, hökumət bunu etmir. Bütün bunlarla bağlı davamlı kommunikasiyada olmaq lazımdır ki, Nazirlər Komitəsi hökumətə daimi xatırlatsın, bu işləri görməyə həvəsləndirsin. Avropa Məhkəməsində qələbə qazanan ərizəçilər yalnız hökumətdən təzminat almaqla işlərini bitmiş saymalı deyillər, onu pozuntiya məruz qoyan şəraitin dəyişdirilməsi üçün də davamlı işləməlidirlər”.

AİHM qərarlarını icra etməyən hökumətlərə qarşı cəza mexanizmi varmı?

Xalid Ağaliyevin fikrincə, AİHM qərarlarını icra etməyən hökumətlərin cəzalandırılması məsələsi Avropa Konvensiyası ilə tənzimlənir. 

O deyir ki, Konvensiyanın 46-cı maddəsi bütün ölkələrin üzərinə AİHM qərarlarının tam icrası ilə bağlı vəzifə qoyur: 

“Amma həmin maddə o qədər də işlək deyil. Çünki əksər Avropa ölkələri Avropa Məhkəməsinin çıxardığı qərarları demək olar ki, tam icra edirlər və həmin maddənin işə düşməsinə indiyə qədər sıx ehtiyac olmayıb. Qərar icra olunmursa, nə baş verə bilər? Avropa Şurasında səs hüququ məhdudlaşdırıla, üzvlük dondurula və ən ağır cəza olaraq ölkə Avropa Şurasından çıxarıla bilər. Bunlar təcrübədə o qədər də sıx tətbiq olunmayıb. Avropa Şurasından uzaqlaşdırılma ümumiyyətlə baş verməyib. Amma prinsipcə qərarlar icra edilmirsə, bunların baş verməsi mümkündür”.

“İlqar Məmmədov” işi presedent kimi

Ağaliyev bildirir ki, qərarların icra olunmamasına görə Avropa Məhkəməsi tarixində ən sərt prosedur ilk dəfə İlqar Məmmədov işində Azərbaycana qarşı başladılıb: 

“Avropa Məhkəməsi İlqar Məmmədovun dərhal həbsdən azadlığa buraxılmasını tələb etmişdi. Azərbaycan hökuməti isə bunu icra etmirdi. Bu prosedur işə düşdükdə İlqar Məmmədov həbsdən azad olundu və prosedur dayandı. Azərbaycanla bağlı İlqar Məmmədov işindən başqa belə bir prosedura start verilməyib”.

Eyni iş üzrə iki fərqli yanaşma

İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllı rayonunda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq həbs edilmiş, müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum edilmişdilər. 

Tofiq Yaqublu 2015-ci ilin iyulunda şərti azad edilib. 

İlqar Məmmədov isə 2018-ci ilin avqustunda Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan hökumətinə qarşı bağlatdığı cəza prosedurundan sonra həbsdən buraxılıb.

2020-ci ilin sentyabrında Azərbaycan Respublikası Ali Məhkəməsi İlqar Məmmədovun bəraət tələbi ilə şikayətini təmin edib və hökumət ona 234 min manat həcmində mənəvi təzminat ödəyib.

Eyni iş üzrə 2 il yarım həbsdə qalan Tofiq Yaqublunun üzərində məhkumluq hələ də qalır və Avropa Məhkəməsinin onun xeyrinə çıxardığı qərar Azərbaycan hökuməti tərəfindən bu günə qədər icra edilməyib. 

“Əvvəla etiraf etmək lazımdır ki, İlqar Məmmədovun vəkili Fuad Ağayev bu işi daha yaxşı aparmışdı. Hazırda İlqar Məmmədov başda olmaqla REAL-çıların öyündüyü iş Fuad Ağayevin uğurudur. Amma hesab edirəm ki, hökumət tərəfindən qərarın yerinə yetirilməsi siyasi razılaşma əsasında baş verib. Yəni bu, birmənalı şəkildə siyasi qərardır”, – Tofiq Yaqublu deyir. 

İlqar Məmmədov presedentindən istifadə edərək onlar yenidən Avropa Məhkəməsinə şikayət ünvanlayıblar:

“Tam identik, nöqtə-vergülünə qədər eyni iş üzrə İlqar Məmmədova bəraət verilibsə və bu qədər təzminat ödənibsə, buyursunlar mənə də eyni münasibəti göstərsinlər”.

***

Qiyas İbrahimov da haqqı olan təzminatın tam ödənməsi üçün tələblərini davam etdirmək niyyətindədir:

“Bəli, bu mənim şəxsi tələbimdir. Amma digər tərəfdən, əgər bu mənim başıma gəlibsə və mən reaksiya verməsəm, deməli, başqalarının da başına gələcək. Hökumət bundan sonra da Avropa Məhkəməsinin qərarlarını rahatlıqla icra etməyəcək, hesab edəcək ki, belə olar”.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoAzərbaycan hüquqi kollaps içində