Yanvarın 14-də Azərbaycan-Gürcüstan sərhədində insident baş verib. Bu haqda Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə zamanı Gürcüstan vətəndaşı saxlanılıb. O, qanunsuz şəkildə odlu silah əldə etməkdə və saxlamaqda günahlandırılır.
Həmin şəxs silah və qumbara ilə hədələyərək, Gürcüstan sərhədçilərini sərhədin razılaşdırılmamış hissəsinə doğru getməyə məcbur edib. O, bu zaman bir neçə dəfə atəş açıb. Bildirilir ki, Gürcüstan sərhəd polisi əməkdaşlarının sayəsində insident tamamilə həll olunub.
Gürcüstan DİN-i azərbaycanlı həmkarlarına hadisə zamanı effektli əməkdaşlıqlarına görə təşəkkür edib.
Eyni zamanda Azərbaycan Dövlət Sərhəd Xidməti xəbər verir ki, yanvarın 14-də gündüz Gürcüstan Sərhəd polisinin Çitelexide sahəsi üzrə əməkdaşı Azərbaycan DSX sərhəd qoşunları “Şəmkir” sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq bəyan edib ki, Gürcüstan ərazisində, “Keşikçidağ” sərhəd zastavası yaxınlığında hərbi formada bir şəxs gürcü sərhədçisini girov götürüb və dövlət sərhədinə doğru hərəkət edir.
Sərhəd dəstəsi 6-7 hərbi geyimli, silahlı adamın Azərbaycan sərhədinə doğru gəldiyini müşahidə edib. Sərhədçilər bu adamların öz aralarında mübahisə etdiklərini görüblər. Onlardan birinin əlində qumbara və silah olub.
Bir müddət sonra silahlı adam havaya atəş açıb. Sərhəd dəstəsi dərhal təhlükəsiz hərbi mövqe tutub və havaya xəbərdaredici atəş açıb. Bundan istifadə edən Gürcüstan sərhədçiləri qanun pozucusunu tərk-silah edə biliblər.