Azərbaycan əsgəri həlak olub: “Güllə boğazından dəyib” (yenilənib)

Hərbçi Rəvan Tağıyev. Foto: “Facebook”

Respublika Baş Prokurorluğu Rəvan Tağıyevin ölümü ilə bağlı açıqlama yayıb. Hərbi Prokurorluğun Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açdığı qeyd olunub.

Bildirilib ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tağıyev Rəvan Zeynalabdin oğlu iyulun 5-də saat 17 radələrində ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb.


Müdafiə Nazirliyi məsələni araşdırdığını deyir

Yevlaxın Salahlı kənd sakini Rəvan Zeynalabdin oğlu Tağıyevin Laçında həlak olduğu deyilir.

Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat verib.

“Səhər əmisinə zəng vurublar ki, qardaşın oğlu şəhid olub, gəlin cənazəni götürün. Tam necə olub, hələ bilmirik. Boğazından güllə ilə vurulub”, – deyə bildiriblər.

Hərbçinin qohumu Tağı Tağızadə də “Facebook” səhifəsində məlumatı paylaşıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Eyvazov Meydan TV-yə bildirib ki, məsələ araşdırılır: “Araşdırırıq, cavab verəcəyik”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin adının çəkilməsinin istəməyən əməkdaşı da Rəvan Tağıyevin ölümünü təsdiqləsə də, səbəbləri barədə heç nə bilmədiyini deyib.

“Hazırda adamlar əsgərin dəfninə gedib. Ekspertizanın cavabı olmadan heç nə deyə bilmərəm”, – deyə o bildirib.

Ana səhifəXəbərlərAzərbaycan əsgəri həlak olub: “Güllə boğazından dəyib” (yenilənib)